Counterpoint Research analitik şirkəti 2023-cü ildə bütün dünyada ən çox satılmış smartfonların reytinqini təqdim edib. Maraqlısı ondadır ki, təqdim edilmiş reytinqdə heç bir Çin brendinin adı yoxdur. Reytinqə ümumilikdə 10 smartfon daxil olub və onlardan 7-si Apple şirkətinin smartfonlarını, 3-ü isə Samsung şirkətinin smartfonlarını əhatə edirlər. 2022-ci ildə satışa çıxmasına baxmayaraq reytinqə əsasən 2023-cü ildə alıcılar arasında ən məşhur smartfon iPhone 14 olub.
İkinci və üçüncü yerləri müvafiq olaraq iPhone 14 Pro Max və iPhone 14 Pro modelləri tutublar. iPhone 13 modeli reytinqin dördüncü pilləsində, iPhone 15 Pro Max isə beşinci pilləsində qərarlaşıb. Bununla belə iPhone 15 Pro Max modeli 2023-cü ilin dördüncü rübündə ən çox satılmış smartfon olub. Altıncı yeri iPhone 15 Pro, yeddinci yeri isə iPhone 15 tutub. Reytinqin son üç yerində Samsung smartfonları qərarlaşıblar. Söhbət, Samsung Galaxy A14 5G, A04e və A14 4G smartfonlarından gedir.