Apple şirkətinin bu ilin fevral ayının əvvəlində satışa çıxmış ilk qarışıq reallıq (AR + VR) cihazı olan Vision Pro-nun gələn ilin fevral ayında 1 ili tamam olacaq. Görünür, istifadəçilərin çoxu Apple şirkətinin bu cihazım təqdimatı zamanı sərgiləmiş olduğu imkanlarını qiymətləndirməyib. Belə ki, Vision Pro-nun satışları barəsində statistika heç də ürəkaçan deyil. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple bu ilin fevral ayından indiyədək ümumilikdə cəmi 500 000 ədəd Vision Pro sata bilib. Bu statistik göstəricinin bir neçə səbəbi var. Onlardan biri də Vision Pro-nu almış şəxslərin müəyyən müddətdən sonra onu geri qaytarmalarıdır.
Bundan əlavə olaraq insayder Apple şirkətinin daxili statistikasına istinadən bildirib ki, Vision Pro-nu əldə etmiş şəxslərin əksəriyyəti cihazı şirkətin istədiyi kimi mütəmadi şəkildə istifadə etmir. Gurman qeyd edib ki, bu, virtual reallıq sahəsinin ümumi problemidir və Apple bu vəziyyəti dəyişə bilməyib. Lakin Vision Pro-nun olduqca aşağı satış göstəricilərinin əsas səbəbi onun yüksək satış qiymətinə sahib olmasındadır. Qeyd etmək lazımdır ki, cihazın qiyməti 3500$-dan start götürür. Cihazın tətbiq sahəsinin o qədər də geniş olmaması da satışlara öz təsirini göstərib. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple bu ilin sonuna kimi Vision Pro-nun istehsalını dayandırmağı planlaşdırır. Bununla belə son məlumat sızıntılarına əsasən şirkət Vision Pro-nun büdcəli versiyası və Vision Pro 2 üzərində çalışmağa davam edir.