HMD Global şirkəti bütün Nokia smartfonlarının istehsalını dayandırdığını rəsmi şəkildə elan edib. Bu, mobil cihazlar sahəsində daha bir böyük dövrün yekunlaşdığını göstərir. Nokia smartfonları HMD Global şirkətinin saytında ayrıca kateqoriyaya daxil edilib. Bu isə bir zamanlar məşhur olmuş brendin cihazlarının şirkət portfoliosundan çıxarıldığından xəbər verir. Finlandiyanın Nokia şirkəti bir zamanlar mobil telefonlar bazarında lider şirkət idi. Lakin 2000-ci illərin sonlarında Android və iOS smartfonların alıcılar arasında daha məşhur olmaları səbəbilə şirkət çətinliklərlə üzləşməyə başladı. 2013-cü ildə Nokia brendi Microsoft tərəfindən alındı.
Microsoft öz növbəsində bu brendi Windows Phone əməliyyat sistemli smartfonlarını istehsal etmək və satışa çıxartmaq üçün istifadə etdi. Lakin bu strategiya o qədər də uğurlu olmadı. 2016-cı ildə isə HMD Global şirkəti Nokia brendi altında smartfonların istehsalı və satışı lisenziyasını əldə etdi. Bu öz növbəsində brend üçün geri dönüş ümidlərini yaratmışdı. Lakin edilmiş cəhdlərə baxmayaraq Android vasitəsilə çalışan Nokia smartfonları brendin əvvəlki məşhurluğunu qazana bilmədilər. Keçən il HMD Global şirkəti öz brendi altında smartfonların istehsalı strategiyasını elan etdi. Bütün Nokia smartfonlarının istehsalından imtina öz növbəsində HMD Global-ın tamamilə öz daxili brendinə keçidindən xəbər verir.