Honor bu il ərzində Honor 400 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellər arasında adi Honor 400 ilə yanaşı üstəlik Honor 400 Pro da olacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu iki model barəsində bəzi məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə inansaq, adi Honor 400 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.55 düym ölçülü OLED ekranla təchiz olunacaq və Snapdragon 7 Gen 4 prosessoru vasitəsilə çalışacaq.
Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Honor 300 modeli Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır. Honor 400 Pro modelinə gəldikdə isə insayder bildirib ki, o, 1.5K keyfiyyətli 6.69 düym ölçülü ekranı əldə edəcək və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, bu prosessor həmçinin Honor 300 Pro-da istifadə edilir. Honor 400 seriyasının nə zaman təqdim olunacağı bilinmir.