Görünür, Apple şirkəti yenicə təqdim olunmuş iPhone 16 smartfonlarına kamera idarəsi üçün nəzərdə tutulmuş Camera Control adlı ayrıca fiziki düyməni inteqrasiya etməklə növbəti trendi işə salıb. Belə ki, yaxın zamanda digər şirkətlərin smartfonlarında da bu cür düyməni görmək mümkün olacaq. Bu məlumatı smartfon istehsalçılarından birinin rəhbəri təsdiqləyib.
Nubia brendinin rəhbəri Ni Fei bildirib ki, hal-hazırda şirkət tərəfindən hazırlanan Nubia Z70 Ultra smartfonu kamera idarəsinə istiqamətlənmiş ayrıca fiziki düyməni əldə edəcək. Onun sözlərinə əsasən Nubia Z70 Ultra-da olacaq həmin düymə iki mərhələdə çalışacaq. Belə ki, ona klikləyəndən sonra kamera fokuslanmağa başlayacaq və yalnız fokuslanmadan sonra çəkilişi reallaşdıracaq. Lakin Nubia Z70 Ultra-da kamera idarəsi düyməsinin iPhone 16 smartfonlarında olduğu kimi sensorlu olacağı tam aydın deyil.