Bloomberg-in məşhur insayderi Mark Gurman, Apple şirkətinin gələcək planları haqqında yeni detallar paylaşmağa davam edir. İnsayder "Power On" adlı həftəlik icmalının son buraxılışında iPhone 17 seriyasının kameralarına dair maraqlı məlumatlar açıqlayıb. İnsayderin sözlərinə əsasən Apple, iPhone 17 Pro və 17 Pro Max modellərinin kameralarını o qədər güclü etmək istəyir ki, videobloqerlər və videoqraflar peşəkar kameralardan imtina edib yalnız bu flaqman smartfonlardan istifadə edə bilsinlər.
Gurman yazır: "2025-ci ildə iPhone seriyasının əsas məqsədlərindən biri videobloqerlər və digər məzmun yaradıcılarını müstəqil kameralardan imtina etdirmək və iPhone-un daha çox işi yerinə yetirməsini təmin etməkdir". O həmçinin bildirib ki, Apple sentyabr ayında yeni iPhone modelləri təqdim edilərkən bu video imkanlarını daha aktiv reklam edəcək. Təəssüf ki, Gurman hələlik Apple-ın konkret olaraq hansı sahələrdə irəliləyiş əldə edəcəyini və iPhone 17 Pro / 17 Pro Max kameralarının videoçəkiliş keyfiyyətlərini necə yaxşılaşdıracağını açıqlamayıb.