Meta şirkəti Ray-Ban ilə birgə layihə çərçivəsində daha bahalı ağıllı eynək modeli hazırlayır. Bloomberg agentliyinin məlumatına görə, bu cihaz daxili ekrana sahib olacaq, qiyməti təxminən 1000$-dan yüksək olacaq və ilin sonunda satışa çıxarılacaq. Yeni nəsil ağıllı eynək Hypernova kod adı altında hazırlanır. Bu eynəkdə tətbiqləri işə salmaq və şəkillərə baxmaq mümkün olacaq. İdarəetmə isə jestlər və çərçivənin yan hissələrində yerləşəcək sensor panellər vasitəsilə həyata keçiriləcək. Ekran yalnız sağ linzanın aşağı sağ kvadratında görünür və ən yaxşı görüntü aşağı baxış zamanı əldə edilir.
Cihaz işə salındıqda əsas ekran və Meta Quest-dəki kimi üfüqi düzülmüş ikonlardan ibarət menyu əks olunur. Mövcud model ilə müqayisədə Hypernova eynəyi daha təkmilləşdirilmiş kameraya sahib olacaq. Çat-botla inteqrasiya isə qorunacaq. Cihazın pərakəndə satış qiymətinin 1000$-dan yüksək olacağı gözlənilir - yəqin ki, bu rəqəm 1300-1400$ aralığında olacaq. Müqayisə üçün, hazırda satışda olan Meta Ray-Ban modelləri 299$-dan başlayır. Hypernova modelində artırılmış reallıq texnologiyası hələ təqdim olunmayacaq - bu texnologiya Orion layihəsi çərçivəsində hazırlanmaqdadır.
Hypernova “orta səviyyəli” ağıllı eynək kimi mövqeləndirilir, hansı ki, bu tip modellər CES sərgisində müxtəlif istehsalçılar tərəfindən geniş çeşiddə təqdim olunmuşdu. Lakin Meta-nın cihazı daha yüksək qiymətə satılacaq, çünki onunla birlikdə “neyron” idarəetmə cihazı - Ceres qolbağı da təqdim ediləcək. Bu qolbaq həmçinin Orion modeli ilə də təchiz olunacaq. Meta artıq Hypernova 2 adlı növbəti nəsil ağıllı eynək üzərində çalışır - bu model artıq 2 ədəd ekrana sahib olacaq və çox güman ki, 2027-ci ildə bazara çıxarılacaq.