RAM qiymətlərinin kəskin artımı hazır yığma kompüterləri bahalaşdırır
Cihazlar+
27.11.2025
Sevinc Miralizade
Technote.az "The Verge" platformasına istinadən bildirir ki, Hazır yığma kompüter istehsalçıları RAM və SSD qiymətlərindəki kəskin bahalaşma səbəbilə məhsullarının qiymətlərini qaldırmağa başlayır. CyberPowerPC bildirib ki, 7 dekabrdan etibarən bütün sistemlərinin qiymətini yeniləyəcək. Şirkətin X platformasında yayımladığı açıqlamada qeyd olunur ki, son dövrlərdə qlobal yaddaş (RAM) qiymətləri 500 %, SSD qiymətləri isə 100 % artıb. Bu isə 1 oktyabr 2025-dən bəri oyun kompüterlərinin istehsal xərclərinə ciddi təsir edib.
Digər böyük istehsalçı Maingear isə qiymət artımlarını mümkün qədər gecikdirməyə çalışır. Şirkətin CEO-su Wallace Santos Wccftech-ə müsahibəsində bildirib ki, RAM və SSD üçün tələb sürətlə yüksəlir, stoklar azaldıqca həm qiymət, həm də çatdırılma müddəti uzanacaq. Onun sözlərinə görə, Maingear hazırda təchizatçılarla sıx əlaqədədir və artımı maksimum gecikdirməyə çalışır.
RAM bazarında yaşanan dalğalanmanın əsas səbəblərindən biri böyük süni intellekt şirkətlərinin data mərkəzləri üçün rekord həcmdə yaddaş və yaddaş saxlama avadanlığı almasıdır. Bəzi fiziki mağazalar isə artıq RAM və SSD-ni günlük bazar qiymətinə uyğun satmağa başlayıb.
CyberPowerPC qiymət artımlarının müvəqqəti olacağını, bazar şəraiti sabitləşəndə yenidən enəcəyini bildirir. Bununla belə, Maingear müştərilərə RAM və ya yaddaş təkmilləşdirməsinə ehtiyac varsa, alış-verişi gecikdirməməyi tövsiyə edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri