Digital Chat Station ləqəbli məşhur insayder bir neçə müddət bundan öncə məlumat vermişdi ki, 2025-ci ildə müxtəlif istehsalçılar kompakt ölçülü smartfonlarını təqdim edəcəklər. İndi isə insayder onlardan biri barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə inansaq, gələn il təqdim olunacaq kompakt ölçülü smartfonlardan biri də Xiaomi CIVI 5 Pro olacaq. Məlumatda qeyd edilib ki, sözügedən smartfon kompakt ölçülü gövdə ilə yanaşı kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edəcək.
Ekran üzərində isə ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə olacaq. Gözləntilərə əsasən smartfon Qualcomm-un SM8735 model nömrəsinə sahib prosessoru vasitəsilə çalışacaq. Bu, hələ təqdim olunmamış Snapdragon 8s Elite prosessoru ola bilər. Bununla yanaşı smartfonun arxa panelinin yuxarı sol hissəsində dairəvi kamera sahəsinin olacağı gözlənilir. Çox güman ki, smartfon xarici görünüşcə Xiaomi CIVI 4 Pro-ya bənzəyəcək. Xiaomi CIVI 5 Pro artıq gələn ilin mart ayında təqdim oluna bilər.