Son bir neçə il ərzində ortaya çıxmış məlumatlarda qeyd edilirdi ki, Apple şirkəti Google Search-ə bənzər axtarış sistemini hazırlamağı planlaşdırır. Məlumatlarda Apple şirkətinin bu üsul ilə Google-dan asılılığını aşağı salmaq istəməsi qeyd edilirdi. Lakin indi məlum olub ki, Apple fərdi axtarış sisteminin hazırlanmasını planlaşdırmır. Bu barədə məlumatı şirkətin servislər ilə bağlı məsələlər üzrə vitse-prezidenti Eddie Cue təqdim edib. Eddie Cue öz növbəsində Apple şirkətinin nəyə görə fərdi axtarış sistemini hazırlamaq istəməməsinin bir neçə səbəbini açıqlayıb. Səbəblər aşağıdakılardır.
- Yüksək xərclər və müddətli resurslar. Axtarış sisteminin hazırlanması Apple şirkətinə milyardlarla dollara və uzun illərə başa gələrdi. Nəticədə şirkətin diqqəti və resursları digər vacib istiqamətlərdən axtarış sisteminin hazırlanmasına yönələcəkdi.
- Axtarış sistemləri sahəsinin sürətli təkamülü. Süni zəka texnologiyasının təsiri bu sahəni qeyri-stabil vəziyyətə gətirir. Buna görə də axtarış sisteminə investisiya riskli ola bilər.
- Konfidensiallıq prinsipləri ilə konflikt. Axtarış sisteminin uğurlu şəkildə çalışması üçün hədəflənmiş reklamların satışı lazımdır. Bu isə Apple fəlsəfəsinə ziddir. Belə ki, şirkət istifadəçilərin konfidensiallıqlarına böyük önəm verir.
- Resurs çatışmazlığı. Şirkət rəqabət apara biləcək axtarış sisteminin hazırlanması üçün yetəri sayda mütəxəssisə və infrastruktura sahib deyil.