
Windows 11-də süni zəka əsaslı Recall funksiyası istifadəyə verilib
Proqram Təminatı
28.04.2025
Emil Nəcəfov
İlk dəfə elan edilməsindən demək olar ki, 1 il sonra Microsoft şirkəti Copilot Plus PC kompüterlərində mübahisəli Recall funksiyasının kütləvi şəkildə yayımına başlayıb. Bu funksiya Windows 11 üçün təqdim olunan yeniləmənin bir hissəsidir və həmçinin əvvəllər elan edilmiş Click to Do funksiyasının ilkin versiyasını və süni zəka əsaslı yenilənmiş Windows axtarış sistemini də əhatə edir. Microsoft bildirir ki, Windows üçün təhlükəsizliklə əlaqəli olmayan aprel yeniləməsi tədricən yayımlanacaq. Yeni funksiyaları ilk alanlardan biri olmaq istəyənlər Windows Yeniləmə Mərkəzi ayarlarında "Get the latest updates as soon as they're available" seçimini aktiv edə bilərlər.

Bundan sonra yeniləmələri yoxlamaq imkanı aprel ayının ilkin buraxılışını quraşdırmağa şərait yaradacaq. Recall və Click to Do funksiyaları "ilkin imkanlar" kimi təqdim olunur. Başqa sözlə, onların statusu Mac kompüterləri üçün açıq beta versiyasında olan Apple Intelligence və ya Google Gemini süni zəkasının bəzi modellərində əlçatan "təcrübi funksiyalar" ilə oxşardır. Yeniləmə çərçivəsində ən çox diqqət çəkən funksiya Recall olur. Bu funksiya istifadəçiyə əvvəl işlədiyi məlumatlara sürətli çıxış imkanı vermək üçün hazırlanıb. Recall müəyyən aralıqlarla istifadəçinin kompüterdəki ekran görüntülərini və fəaliyyətlərini qeydə alır, onları lokal yaddaşda (yəni istifadəçinin kompüterində, buludda yox) saxlayır və sonradan axtarış üçün bu məlumatlardan istifadə edir.

Recall funksiyasını quraşdırmaq məcburi deyil - Microsoft onu tamamilə opsional edib. İstifadədən əvvəl funksiyanı aktivləşdirmək və ayarlamaq lazımdır. Əgər bu edilməzsə, Recall ekran görüntülərini qeydə almayacaq. Bundan başqa, Recall funksiyasını "Turn Windows features on or off" paneli vasitəsilə (bu paneli Taskbar-da axtarış vasitəsilə tapmaq olar) cihazdan tamamilə silmək mümkündür. "Windows-un istənilən funksiyası silinərkən, Microsoft qeyri-icraedici ikili faylların müvəqqəti surətlərini saxlaya bilər və bu surətlər zamanla silinir" - deyə Microsoft-un Windows Experiences bölməsinin vitse-prezidenti Navjot Virk şirkətin bloqunda yazıb.

Recall funksiyası ilk dəfə 2024-cü ilin may ayında Copilot Plus PC ekosisteminin ilk kompüterləri ilə birlikdə elan edildiyi andan etibarən istifadəçilər arasında böyük mübahisələrə səbəb olub. Əvvəlcədən planlaşdırılmışdı ki, bu funksiya 2024-cü ilin iyununda, ilk Copilot Plus PC kompüterlərinin satışına start verilməsi ilə bərabər, Windows 11-in tərkibinə daxil ediləcək. Lakin Microsoft rəqəmsal təhlükəsizlik üzrə mütəxəssislərin çağırışlarından sonra Recall-un buraxılışını bir neçə dəfə təxirə saldı. Ekspertlər bildirirdilər ki, Recall istifadəçi məlumatlarının məxfiliyinə risk yarada bilər.

Tom’s Hardware-in yazdığına görə, Windows Insider proqramı çərçivəsində yeniləmələrin ilkin versiyalarında Recall funksiyası ilə tanışlıq zamanı məlum olub ki, tətbiq olunan filtrlərə baxmayaraq, funksiya müəyyən məxfi məlumatları saxlayır. O vaxtdan bəri Microsoft Recall funksiyasının təhlükəsizlik sistemini gücləndirib - ekran görüntülərinin şifrələnməsi üçün kompüterin Trusted Platform Module (TPM) modulundan istifadə əlavə olunub və ayarların dəyişdirilməsi üçün Windows Hello vasitəsilə autentifikasiya tələb edilir. Bundan başqa, müəyyən tətbiqləri və veb-saytları filtrlərə əlavə etmək, Recall-da ekran görüntülərinin saxlanma müddətini tənzimləmək, həmçinin ayrı-ayrı tətbiqlərlə, veb saytlarla və ya müəyyən zaman aralıqları ilə bağlı olan görüntüləri silmək imkanı da yaradılıb.

Click to Do funksiyası, Windows 11 24H2 yeniləməsi ilə birlikdə ötən payız Windows Insider proqramı iştirakçıları üçün ilkin versiyada təqdim edilmişdi. Bu funksiya Windows + siçanın sol düyməsi kombinasiyası ilə (və ya sensorlu cihazda sağa sürüşdürmə hərəkəti ilə) aktivləşdirilir. Click to Do süni zəkadan istifadə edərək uyğun əməliyyatlar üçün kontekst menyusu açır. Məsələn, mətn seçildikdə funksiyanı aktivləşdirmək onun xülasəsini çıxarmağı təklif edə bilər, şəkil seçildikdə isə onu redaktə etmək və ya silmək imkanları təqdim olunur. Bu gündən etibarən Click to Do vasitəsilə şəkillərlə işləmək funksiyası bütün Copilot Plus PC kompüterlərində əlçatan olur. Mətn faylları ilə iş funksiyaları isə hələlik yalnız Qualcomm Snapdragon prosessorları əsasında işləyən cihazlar üçün əlçatandır.

Microsoft-un bildirdiyinə görə, AMD Ryzen və Intel Core Ultra prosessorlu sistemlərə dəstək yaxın aylarda təqdim olunacaq. Artıq hər hansı faylın adını yadda saxlamaq zərurəti keçmişdə qalıb. Copilot Plus PC kompüterlərində Windows-un təkmilləşdirilmiş axtarış funksiyası artıq axtarış zamanı təbii dili istifadə etməyə imkan verir. Məsələn, əgər kompüterinizdə haradasa saxladığınız "qəhvəyi it" şəkilini tapmaq istəyirsinizsə, sadəcə axtarış sahəsinə "qəhvəyi it" yazmaq kifayətdir. Yeni axtarış funksiyası mövcud Windows axtarış sahəsinə, həmçinin Settings və Explorer tətbiqlərinə inteqrasiya olunacaq. Microsoft bildirib ki, bu funksiya lokal olaraq işləyir və Copilot Plus PC cihazında ən azı 40 TOPS və daha yüksək məhsuldarlığa malik neyron çipinin (NPU) mövcudluğunu tələb edir.
Mənbə: Tomshardware
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb

Müəyyən yüksəlişdən sonra texnoloji şirkətlərin səhmlərinin dəyəri yenidən aşağı düşüb
Çərşənbə günü qeydə alınan rekord artımdan sonra, texnoloji səhm qiymətləri cümə axşamı kəskin şəkildə azaldı, və Nasdaq Composite indeksi 4% gerilədi.
Süni zəka proqram təminatı kodundakı səhvləri hələ lazımi səviyyədə aradan qaldıra bilmir

Süni zəka proqram təminatı kodundakı səhvləri hələ lazımi səviyyədə aradan qaldıra bilmir
Microsoft Research bölməsinin yeni araşdırması göstərib ki, süni zəka proqramçılara kod yazmaqda kömək etsə də, OpenAI-nin və Anthropic-in qabaqcıl süni zəka modelləri belə səhvləri düzəltmək tapşırıqlarının yalnız yarısında uğur qazana bilirlər.
Kompüter ekranındakı hər şeyi analiz edə biləcək Copilot Vision funksiyası test edilir

Kompüter ekranındakı hər şeyi analiz edə biləcək Copilot Vision funksiyası test edilir
Microsoft Windows üçün Copilot tətbiqinin növbəti yeniləməsini sınaqdan keçirməyə başlayıb. Bu yeniləmə süni zəka köməkçisinə kompüter ekranındakı görüntünü və orada açılmış tətbiqlərin interfeysini izləməyə imkan verəcək.
Apple səhmlərinin dəyəri düşdüyü səbəbilə Microsoft yenidən dünyanın ən bahalı şirkəti olub

Apple səhmlərinin dəyəri düşdüyü səbəbilə Microsoft yenidən dünyanın ən bahalı şirkəti olub
Yaxın keçmişə qədər ABŞ-ın fond bazarında ən iri emitentlər arasında müşahidə olunan “çeviklik” süni zəka sahəsindəki tendensiyalarla müəyyən olunurdu - müəyyən bir müddət ərzində dünyanın ən dəyərli şirkəti NVIDIA olurdu.
Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb

Böyük texnoloji şirkətlərin səhmlərinin dəyəri yüksəlməyə başlayıb
Texnologiya və yarımkeçirici şirkətlərin səhmləri bu gün ardıcıl 3 qeyri-sabit ticarət sessiyasından sonra nəzərəçarpacaq dərəcədə artıb. Bu, ABŞ ilə digər ölkələr arasında tarif razılaşmalarının əldə olunacağına dair optimist gözləntilər fonunda baş verib.
Həftənin xəbərləri

