main-post-cover

    Çin sosial şəbəkələrində pessimist şəxslər və postlar kütləvi şəkildə bloklanır

    Sosial Media
    09.10.2025
    Emil Nəcəfov
         Çin senzurası sosial şəbəkələrdə yeni mərhələyə çatıb: artıq burada məqsəd təkcə siyasi fikir ayrılıqlarını boğmaq deyil. İndi təsir dairəsinə ictimai əhval-ruhiyyə də daxil olub - artıq cəza tədbirləri pessimist paylaşımları ölkə daxilində geniş rezonans doğuran blogerlərə və influenserlərə qarşı tətbiq edilir. Bir müddət əvvəl hakimiyyət iki blogeri cəzalandırıb: onlar daha az işləmək və stressdən uzaq yaşamaq ideyasını təbliğ edirdilər. Həmçinin bir influenser cəzalandırılıb - o bildirmişdi ki, maliyyə baxımından evlənməmək və uşaq sahibi olmamaq daha sərfəlidir. Bundan başqa, bir başqa istifadəçi isə qeyd etmişdi ki, Çin həyat keyfiyyəti baxımından Qərb ölkələrindən geri qalır. Bu şəxslərin hesabları - onlardan ikisinin 10 milyonlarla izləyicisi var idi - bloklanıb. Sentyabrın sonunda Çinin Dövlət İnternet İnformasiya İdarəsi 2 ay davam edəcək kampaniyaya start verib.
         Kampaniyanın məqsədi həddindən artıq pessimist əhval-ruhiyyə yayan, panika yaradan və ya ağır zəhmətin mənasızlığı kimi məğlubiyyətçi fikirləri təbliğ edən materialların silinməsidir. “Əslində hamımız iş və həyat səbəbilə yorğunluq və narahatlıq hiss edirik, lakin bu real emosiyalar hörmətə layiqdir və trafikin artırılması naminə qəsdən gücləndirilməməlidir. İnternet neqativlik üçün zibilxana deyil” - deyə dövlət televiziya şirkəti CCTV-nin materialında bildirilir. Dünyanın müxtəlif ölkələrində vəzifəli şəxslər sosial şəbəkələrin narazılıq və fikir qütbləşməsini alovlandırmasının, bunun da real zorakılığa çevrilməsinin qarşısını necə almağı anlamağa çalışırlar. Çin internet tənzimləyicisi də bu istiqamətdə oxşar kampaniya formalaşdırıb və fikir ayrılığı yaradan paylaşımlar, həmçinin zorakılıq səhnələri olan canlı yayımlar barədə narahatlığını ifadə edib.
         Son illərdə gənclər arasında “siçan qaçışı” adlandırılan həyat yarışından imtina edib, sadə və minimalist həyat tərzini seçmək, məqsədlərdən və ambisiyalardan uzaqlaşıb “unudulmağa” üstünlük vermək fikri getdikcə daha çox səsləndirilir. Sentyabrın sonunda bu ideyaları təbliğ etdiklərinə görə iki məşhur blogerin səhifələri bloklanıb - onlara artıq abunə olmaq mümkün deyil. Pekin narahatdır ki, bu cür pessimizm vətəndaşların cəmiyyətin məhsuldar üzvləri olmasına mane olmaqla yanaşı, hakimiyyətin tənqidinə də çevrilə bilər. Yerli hökumət orqanları və platforma administratorları dərhal tənzimləyicinin göstərişlərini icra etməyə başlayıblar. Çjençjou şəhərində iki sosial şəbəkə istifadəçisinə qarşı şəhəri mənfi şəkildə təqdim etdiklərinə görə araşdırma aparılıb. Sian şəhərində isə 5 sosial şəbəkə istifadəçisi mənzil qiymətləri və daşınmaz əmlak bazarındakı vəziyyətlə bağlı “yalan məlumat yaymaqda” ittiham edilərək cəzalandırılıb.
         Məşhur mikrobloq platforması Weibo ötən həftə bildirib ki, iqtisadiyyat və sosial təminat proqramları barədə “şayiələr yayan” istifadəçilərə məxsus 1200-dən çox səhifə bloklanıb. İnternet tənzimləyicisi platforma administratorlarına göstəriş verib ki, ayrı-ayrı xəbər hadisələrinin geniş sosial problemlərə işarə etmək üçün istifadə olunduğu paylaşımları silsinlər. Belə şərhlər qurum tərəfindən faktların “qəsdən təhrif edilməsi” və cəmiyyətə qarşı kinayəni gücləndirən davranış kimi qiymətləndirilir. Ölkə sakinləri çox vaxt bu cür paylaşımları məyusluqlarını ifadə etmək, qorxularını bölüşmək və bəzən narahatlıq doğuran suallar vermək üçün paylaşırlar. Senzura xüsusilə məşhur bir aktyorun ölüm səbəblərinin müzakirəsinə də toxunub - rəsmi versiyaya görə, o, bədbəxt hadisə nəticəsində həlak olub, lakin sosial şəbəkələrdə bu hadisənin intihar ola biləcəyi ehtimalı səsləndirilib.
         Bu aktyorla bağlı paylaşımlara görə 1500-dən çox hesab bloklanıb. Çin mediası bu kampaniyanı klik toplamaq naminə ümidsizliyi satmağa çalışanların cəzalandırılması cəhdi kimi təqdim edib. CCTV bu cür paylaşımlardan nümunələr göstərərək yazır: “Uşaqlar valideynlərinə qulaq asmır. Kişiləri maddi maraqlı qadınlar əhatə edir. Qadınlar xəyanət edən kişilərin girovuna çevrilirlər. İşə isə motivasiyasız gənclər çıxır”. Media bu kimi hekayələri diqqət cəlb etmək üçün ən qaranlıq mövzulardan bəhrələnən “emosional yırtıcıların” işi adlandırır. Bir neçə sosial şəbəkənin administrasiyası avtomobil təmiri ilə məşğul olan və videolarında Çindəki yoxsulluqla bərabərsizliyi işıqlandıran məşhur blogerin hesablarını bloklayıb.
         Bloger “Qərbə heyranlıq”da ittiham edilib. O, sinfi bərabərsizliyi təsvir etmək üçün şərti bir ifadə yaratdıqdan sonra tanınmağa başlayıb: varlı insanlar Apple texnikasının sahibləri ilə, kasıblar isə Android istifadəçiləri ilə assosiasiya olunur. Nəticədə “Android” sözü sifətə çevrilib. Məsələn, “Android-kompüter” ifadəsi çox aşağı səviyyəli kompüteri, “Android-ev” isə zəif səs izolyasiyasına, uğursuz planlamaya və pis işıqlandırmaya malik evi ifadə edir. Renmin Ribao qəzeti açıq şəkildə yazıb ki, bu kampaniya bir məsələni aydın şəkildə göstərdi: platformalar artıq pessimizmin nəzarətsiz şəkildə yayılmasına imkan verə bilməzlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sosial şəbəkələr ABŞ-da televiziyanı geridə qoyaraq xəbərlərin əsas mənbəyinə çevriliblər
    sosial-sebekeler-abs-da-televiziyani-geride-qoyaraq-xeberlerin-esas-menbeyine-cevrilibler
    Çin saatda 450 km sürətlə hərəkət edən dünyanın ən sürətli kommersiya qatarını sınaqdan keçirib!
    cin-saatda-450-km-suretle-hereket-eden-dunyanin-en-suretli-kommersiya-qatarini-sinaqdan-kecirib
    İddialara görə, TikTok 35 dəqiqə ərzində istifadəçilərdə asılılıq yaradır!
    iddialara-gore-tiktok-35-deqiqe-erzinde-istifadecilerde-asililiq-yaradir
    Çin səsdən 4 dəfə daha sürətli hərəkət gücünə malik supersonik sərnişin təyyarəsi mühərrikini test edib!
    cin-sesden-4-defe-daha-suretli-hereket-gucune-malik-supersonik-sernisin-teyyaresi-muherrikini-test-edib
    Çinli astronavtlar 9 saatlıq tarixin ən uzun kosmik səyahətini həyata keçirərək rekord qırıblar!
    cinli-astronavtlar-9-saatliq-tarixin-en-uzun-kosmik-seyahetini-heyata-kecirerek-rekord-qiriblar