main-post-cover

    Youtube reklam bloklayıcıları mövzusunda Avropa qanunvericiliyini pozmuş ola bilər

    Sosial Media
    13.11.2023
    Emil Nəcəfov
         Son zamanlarda Youtube reklam bloklayıcılarının istifadəçiləri ilə sərt şəkildə mübarizə aparır. Belə ki, videoservis reklam bloklayıcılarından istifadə edənlər üçün Youtube-da video izləmə imkanını deaktiv etməyə başlayıb. Lakin məlum olub ki, bu üsul ilə videoservis həmçinin Avropa Birliyinin konfidensiallıq ilə bağlı qanunlarını pozmuş ola bilər. Konfidensiallıq məsələləri üzrə ekspert Alexander Hanff oktyabr ayında bu məsələ ilə bağlı İrlandiya Məlumatların Qorunması Komissiyasına (DPC) şikayət etdi. Hanff-ın fikrincə videoservisin reklam bloklayıcılarını aşkar etməyə imkan verən sistemi istifadəçilərin konfidensiallıq hüquqlarını pozur və o, Avropa Birliyinin qanunvericiliyinə əsasən qanunsuzdur.
         Hanff-ın fikrincə reklam bloklayıcılarını aşkar etməyə imkan verən Youtube skriptləri faktiki olaraq casus xarakterli proqram təminatıdır və onların istifadəçilərin razılıqları olmadan istifadə edilmələri yolverilməzdir. Mütəxəssis bildirib ki, istifadəçinin cihazı üzərində casusluq etməyə imkan verən texnologiyanın istənilən üsul vasitəsilə istifadəsi qeyri-etik və bir çox halda qeyri-qanunidir. Youtube kimi servislər reklam bloklayıcılarını veb səhifələrdəki dəyişikliklərin monitorinqi və ya reklam elanlarının sərgilənməsi üçün nəzərdə tutulmuş elementlərin bloklanma hallarını ortaya çıxaran JavaScript kodu vasitəsilə təyin edirlər.
         İyun ayında Youtube kiçik təcrübə çərçivəsində reklam bloklayıcılarının özlərini bloklamağa başladı. Daha sonra isə videoservis bu praktikasını daha da sərtləşdirdi. Belə ki, reklam bloklayıcılarının istifadəçiləri Youtube-da video izləmə imkanından məhrum olmağa başladılar. Videoservis reklamlarsız video izləmə təcrübəsini yaşamaq istəyənlər üçün Youtube Premium abunəliyini təklif edir. Lakin istifadəçilərin çoxu videoservisin bu cür praktikası ilə razı deyil. Məlumata əsasən istifadəçilər sürətlə müxtəlif reklam bloklayıcılarının quraşdırılması və silinməsi ilə məşğuldurlar.
         Bu üsul ilə onlar videoservisin yeni məhdudiyyətindən yan keçə biləcək reklam bloklayıcısını tapmağa çalışırlar. Youtube öz növbəsində bildirib ki, reklam bloklayıcıları videoservisin qanunlarını pozurlar və kontent yaradıcılarının reklamlar üzərindən gəlir əldə etmələrinə mane olurlar. Alexander Hanff reklam bloklayıcılarının aşkar edilməsi üçün nəzərdə tutulmuş alətlərin istifadəsi ilə bağlı hələ 2016-cı ildə Avropa Komissiyasına müraciət etmişdi. Komissiya onun müraciətinə cavab olaraq bildirmişdi ki, bu cür skriptlər ePrivacy direktivinin 5.3 maddəsi ilə üst-üstə düşürlər. Sözügedən maddəyə əsasən veb saytlar istifadəçilərin cihazlarındakı məlumatların əldə edilməsi və ya saxlanmasından öncə istifadəçilərdən bu istiqamətdə icazə almalıdırlar.
         Bununla belə sözügedən maddə veb saytlarda reklam bloklayıcılarının aşkar edilməsi üsullarında bir dəyişikliyə səbəb olmadı. 2017-ci ildə isə Avropa Komissiyası konfidensiallıq ilə bağlı qanunvericiliyin reformu çərçivəsində öz mövqeyini dəyişdi və qeyd etdi ki, veb saytlar istifadəçilərin razılıqları olmadan onlarda reklam bloklayıcılarının olub-olmadıqlarını yoxlaya bilərlər. Əgər Avropa Birliyi videoservisin reklam bloklayıcılarını aşkar etmək üçün nəzərdə tutulmuş sisteminin Avropa Birliyinin ePrivacy direktivini pozduğunu təyin etsə, komissiya videoservisə cərimə təyin edə və onu mövcud praktikasının dəyişdirilməsinə məcbur edə bilər. Komissiyanın isə Hanff-ın bu çağırışına necə reaksiya verəcəyi hələ bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Youtube-da təsadüfi videoları işə salacaq yeni düymə test edilir
    youtube-da-tesadufi-videolari-ise-salacaq-yeni-duyme-test-edilir
    İstifadəçilər kütləvi şəkildə reklam bloklayıcılarından imtina etməyə başlayıblar
    istifadeciler
    Youtube adblock istifadəçilərinin hamısında video izləmə imkanını deaktiv etməyə başlayıb
    youtube-adblock-istifadecilerinin-hamisinda-video-izleme-imkanini-deaktiv-etmeye-baslayib
    Youtube musiqiçilərin səslərini kopyalayan süni zəka texnologiyasını hazırlayır
    youtube-musiqicilerin-seslerini-kopyalayan-suni-zeka-texnologiyasini-hazirlayir