Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, Yaponiyanın SoftBank korporasiyası, ABŞ-da qabaqcıl süni zəka infrastrukturunun yaradılmasına yönəlmiş 500 milyard dollarlıq Stargate layihəsində iştirak etməklə yanaşı, OpenAI şirkətinə də 25 milyard dollar həcmində sinvestisiya yatırmağı planlaşdırır. Bloomberg-in məlumatına görə, SoftBank rəhbərliyi OpenAI ilə 15-25 milyard dollar arasında investisiya yatırımı üçün danışıqlar aparır. Bu məbləğ, SoftBank-ın Stargate layihəsinə ayırdığı 19 milyard dollardan əlavədir. Qeyd etmək lazımdır ki, indiyədək OpenAI şirkətinin ən böyük investoru təxminən 13 milyard dollar sərmayə qoymuş Microsoft şirkəti hesab olunur.
SoftBank-ın rəhbəri Masayoshi Son, 2019-cu ildə OpenAI şirkətinin CEO-su Sam Altman ilə görüşərək 1 milyard dollar investisiya təklif etsə də, həmin vaxt razılıq əldə olunmamışdı. Daha sonra Vision Fund fondu vasitəsilə SoftBank, OpenAI-ya təxminən 500 milyon dollar investisiya yatırdı və keçən ay bu fond, OpenAI əməkdaşlarının səhmlərini 1,5 milyard dollar məbləğində almağı təklif etdi.
Sentyabr ayının sonuna olan məlumata əsasən, SoftBank-ın təxminən 25 milyard dollar sərbəst vəsaiti və Arm kimi müxtəlif şirkətlərdə səhmləri mövcuddur. Masayoshi Son, Donald Trump-ın prezidentliyi dövründə ABŞ infrastrukturunun və iqtisadiyyatının inkişafına 100 milyard dollar investisiya yatırmağı planlaşdırır.