main-post-cover

    Aktiv səsboğucu sistemli qulaqlıqlar eşitmədə problemlər yarada bilərlər

    Elm & Texnologiya
    20.02.2025
    Emil Nəcəfov
         Böyük Britaniyanın audioloqları aktiv səsboğucu sistemlərə (ANC) malik qulaqlıqların eşitmə orqanlarına, xüsusilə gənclər arasında, mümkün mənfi təsiri barədə narahatlıqlarını ifadə ediblər. Son illərdə eşitmə problemləri ilə bağlı müraciətlərin sayında artım müşahidə olunub. Bu isə ekspertləri aktiv səsboğucu texnologiyaların insan sağlamlığına uzunmüddətli təsirini daha dərindən araşdırmaq zərurəti barədə xəbərdarlıq etməyə vadar edib. Belə qulaqlıqlardan mütəmadi istifadə edən bəzi insanlarda eşitmə aqnoziyası (huşun və hissiyyatın saxlanılması ilə qavramanın müxtəlif növlərinin pozulması) və ya eşitmə qavrayışı pozğunluğu (EQP) diaqnozu qoyulub.
         Bu nevroloji pozuntu beyinin səsləri emal etmək qabiliyyətini zəiflədir, baxmayaraq ki, həmin şəxslərin eşitmə səviyyəsi normal olaraq qalır. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) 5 audiologiya bölməsi bildirib ki, EQP diaqnozu qoyulan pasientlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu isə xüsusilə gənclər arasında ciddi narahatlıq doğurur. Bu pasientlərin əksəriyyəti normal eşitmə qabiliyyətinə malikdir, lakin eşitmə məlumatlarını emal etməkdə çətinlik çəkirlər. Eşitmə qavrayışı pozğunluğu adətən uşaqlıqda kəllə-beyin travması və ya qulaq infeksiyası keçirmiş insanlarda yaranır.
         Lakin son dövrlərdə bu pozuntu bu risk qrupuna daxil olmayan insanlarda da daha çox rast gəlinməyə başlayıb. Ağıllı səsboğucu texnologiyaların gündəlik səsləri bloklaması beynin eşitmə bacarıqlarının təbii inkişafına mane ola bilər, - deyə audioloqlar bildirirlər. Belə qulaqlıqlar istifadəçiyə yalnız istədiyi səsləri eşitmək imkanı yaradır, lakin bu, beynin geniş səs diapazonunu ayırd etmək və emal etmək bacarığını zəiflədə bilər.
         Xüsusilə gec yeniyetməlik dövründə gənclər yüksək səviyyəli eşitmə emalı bacarıqlarının inkişafında gecikmə ilə qarşılaşa bilərlər. Səsboğucu funksiyalar getdikcə daha çox qulaqlıq modelində tətbiq edilir, buna görə də bu texnologiyaların insan sağlamlığına uzunmüddətli təsirlərinin nə ola biləcəyini anlamaq vacibdir. Səsboğucu texnologiyalar ilə eşitmə qavrayışı pozğunluğu arasında birbaşa əlaqənin təsdiqlənməsi üçün əlavə tədqiqatlara ehtiyac var. Sağlam eşitmə emalı üçün insanın müxtəlif səsləri qəbul etməsi vacibdir, buna görə də səsboğucu funksiyaya malik qulaqlıqlardan ehtiyatla istifadə etmək tövsiyə olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər aşkar edilməsi qəliz qara dəlikləri kəşf ediblər
    alimler-askar-edilmesi-qeliz-qara-delikleri-kesf-edibler
    Buzlaqlar hər saniyə 3 Olimpiya hovuzu həcmində buz itirirlər
    buzlaqlar-her-saniye-3-olimpiya-hovuzu-hecminde-buz-itirirler
    Ən uzaq məsafəli kosmik aparatlardan biri Günəş sisteminin sərhədini keçməyə hazırlaşır
    en-uzaq-mesafeli-kosmik-aparatlardan-biri-gunes-sisteminin-serhedini-kecmeye-hazirlasir
    2032-ci ildə asteroidin Yer kürəsi ilə toqquşması ehtimalı bir qədər yüksəlib
    2032-ci-ilde-asteroidin-yer-kuresi-ile-toqqusmasi-ehtimali-bir-qeder-yukselib
    Fransadakı termonüvə reaktorunda plazmanın saxlanma müddəti üzrə yeni rekorda imza atılıb
    fransadaki-termonuve-reaktorunda-plazmanin-saxlanma-muddeti-uzre-yeni-rekorda-imza-atilib