Kainatımızın yaranmasında təsirli olan faktorların tam şəkildə başa düşülməsi üçün həll edilməli olan sirrlərin başında maddə-antimaddə asimmetriyası dayanır. Hazırda kainat haqqında bildiyimiz hər şey kainatın yaranması zamanı bərabər miqdarda maddə və antimaddənin əmələ gəlməli olduğunu göstərir. Ancaq bu gün kainatın böyük bir hissəsi maddədən ibarətdir, antimaddəyə isə çox nadir hallarda rast gəlinir. Bu asimmetriyanın səbəbini nə standart model, nə də ümumi nisbilik nəzəriyyəsi izah edə bilir.
Elm dünyasını illərdir düşündürən bu asimmetriyanın səbəbini başa düşmək üçün antimaddəni daha yaxşı öyrənmək lazımdır. RIKEN araşdırma mərkəzində çalışan tədqiqatçılar bunun daha inkişaf etmiş soyutma sistemləri vasitəsilə mümkün olduğuna inanırlar. Yaponiyada yerləşən RIKEN araşdırma mərkəzindəki alimlər antimaddənin içindəki antiprotanlar haqqında daha dəqiq ölçmələr əldə etmək üçün innovativ bir soyutma sistemi hazırlayıblar.
RIKEN-də hazırlanmış bu yeni nəsil soyutma sistemi həm temperaturu çox daha sürətlə azaldır, həm də daha aşağı dərəcələrə endirə bilir. Bu ani soyuma sayəsində tutulan antiprotanların içindəki enerji sürətlə azalır. Antiprotanlar bu vəziyyətdə olarkən aparılan araşdırmaların və təcrübələrin dəqiqliyini əhəmiyyətli dərəcədə artıracağına inanılır. Bu da kainatımızın təməl quruluşlarını daha yaxşı anlamağa kömək edə bilər.