Havadakı mikroplastik hissəciklərin yeni buludları formalaşdırdıqları məlum olub
Elm & Texnologiya
14.11.2024
Emil Nəcəfov
Aparılmış son araşdırmalara əsasən atmosferdə olan mikroplastik hissəciklər havanı çirkləndirməklə yanaşı buludların formalaşmasına təkan verərək iqlimə və havaya təsir göstərirlər. Bu, havada mikroplastik hissəciklərin olması faktorunun iqlim şərtlərini necə dəyişməsi sualını ortaya çıxarır. Buludların formalaşması üçün buxar formasında olan rütubət toz və ya bioloji fraqmentlər kimi çox kiçik hissəciklərin üzərinə çökməli və su damcıları və ya buz kristallarına çevrilməlidir. Aparılmış yeni tədqiqata əsasən mikroplastik hissəciklər adi temperatur şəraitindən 5-10 dərəcə Selsi daha yüksək temperaturda buz kristallarının formalaşmasına təkan verərək eyni prosesi həyata keçirə bilirlər.
Nəticədə güman etmək olar ki, atmosferdəki mikroplastik hissəciklər daha öncə bunun üçün mümkün hesab edilməyən şərtlər çərçivəsində də buludların formalaşmasına təkan verə bilərlər. Havadakı müxtəlif hissəciklərin maye formasında su ilə qarşılıqlı əlaqələri nəticəsində buzun formalaşması prosesi atmosferdə daimi olaraq baş verən prosesdir və bu proses yağıntılara və iqlim şərtlərinə təsir göstərir. Atmosferin yuxarı layları su damcılarından, buz kristallarından və ya onların birləşmələrindən təşkil edilmiş buludlardan ibarətdir. 0 dərəcə Selsidən -38 dərəcə Selsiyə kimi temperatur diapazonunda buz kristalları adətən mineral toz hissəcikləri və ya bakteriyalar kimi bioloji hissəciklər ətrafında formalaşırlar.
Məlum olub ki, mikroskopik ölçülərdən 5 mm-ə qədər olan mikroplastik hissəciklər də kondensasiya nüvəsi rolunda çıxış edə bilirlər. Öz böyük olmayan ölçüləri sayəsində mikroplastik hissəciklər külək vasitəsilə uzaq məsafələrə kimi yayıla bilirlər. Nəticədə onlara Antarktida və Everest zirvəsi kimi yerlərdə də rast gəlmək olur. Buludlardakı buz hissəcikləri iqlimə böyük təsir göstərirlər. Belə ki, bir çox yağıntı növü məhz buz hissəciklərindən formalaşır. Atmosferin ən yuxarı laylarında soyuq buludlar özlərində donmuş rütubət hissəciklərini birləşdirirlər. Buz formalaşmağa başlayan zaman o öz ətrafındakı damcılarda olan su buxarını udaraq ölçüsünü və kütləsini artırır. Nəticədə bu buz kristalları Yer kürəsinin səthinə yağıntılar formasında çökürlər.
Buzun formalaşmadığı halda isə buludlar sadəcə olaraq buxarlanırlar. Biz bilirik ki, su buz halına 0 dərəcə Selsi temperatur şəraitində keçid edir. Lakin əslində bu, su molekullarının birləşə biləcəkləri mikrohissəciklərin olduqları halda baş verir. Mikrohissəciklərin olmadıqları halda su hətta -38 dərəcə Selsi temperatur şəraitində belə maye halında qalacaq. Məhz toz və ya mikroplastik kimi kiçik hissəciklərin hesabına su buz halına keçid edə bilir. Buludlar iqlimin tənzimlənməsi prosesində mühüm rol oynayırlar. Onlar Günəş şüalarını əks etdirərək planetin səthindəki temperaturu aşağı salır və ya əksinə istiliyi saxlayaraq parnik effektinin yaranmasına təkan verirlər. Buludun tərkibində olan su və buz miqdarı onun əks etdirmə bacarığına bilavasitə təsir göstərir.
Buna görə də mikroplastik hissəciklərin təsirləri altında su və buz nisbətinin dəyişimi iqlimə təsir göstərə bilər. Mikroplastik hissəciklərin buz kristallarının formalaşmasına təkan verib-verməmələrini təyin etmək üçün mütəxəssislər atmosferdə geniş yayılmış 4 növ plastik materialı yoxlayıblar. Aşağı sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid və polietilen tereftalat. Bu materiallar həm adi vəziyyətdə həm də onlara ultrabənövşəyi şüalanmanın, ozonun və oksigenin təsir olunmasından sonrakı vəziyyətdə test ediliblər. Qeyd etmək lazımdır ki, ultrabənövşəyi şüalanma, ozon və oksigen atmosferdə geniş yayılmış faktorlardır və onlar mikroplastikin kimyəvi tərkibini dəyişə bilərlər.
Mütəxəssislər mikroplastiki su damcısına yerləşdirərək onu ləng şəkildə soyutmağa başlayıblar və bu komponentlərin donma anını müşahidə ediblər. Hissəciklərin aparılmış kimyəvi analizi nəticəsində təyin edilib ki, müşahidə edilmiş plastiklərin əksəriyyətində su damcısının 50%-i artıq -22 dərəcə Selsi temperaturda donmağa başlayıb. Aparılmış müşahidə onu göstərib ki, ultrabənövşəyi şüalanma, ozon və oksigen bu prosesin aktivliyini aşağı salıblar. Lakin bununla belə plastik materiallar buzun formalaşması prosesini davam etdiriblər.
Mikroplastik hissəciklərin iqlimə necə təsir göstərdiklərini araşdırmağa davam etmək üçün buludların formalaşdıqları yüksəkliklərdə onların hansı miqdarda olduqlarını dəqiq şəkildə təyin etmək lazımdır. Bundan əlavə olaraq mikroplastik hissəciklərin mineral toz və bioloji fraqmentlər kimi digər hissəciklərlə nisbətlərini təyin etmək vacibdir. Bu məlumatlar mikroplastik hissəciklərin buludların formalaşması prosesinə təsirlərini proqnozlaşdırmağa imkan verəcək modelləri yaratmağa yardımçı olacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bu il 200 milyon tondan çox plastik tullantı formalaşacaq
Bu il 200 milyon tondan çox plastik tullantı formalaşacaq
Tədqiqatçıların təqdim etmiş olduqları yeni hesabata əsasən insanlar bu il plastik tullantılar mövzusunda yeni rekorda imza atmağa hazırlaşırlar.
Mikroplastik tullantılar probleminin miqyası düşünüldüyündən daha böyük ola bilər
Mikroplastik tullantılar probleminin miqyası düşünüldüyündən daha böyük ola bilər
Son zamanlarda mikroplastik tullantılar barəsində olduqca tez-tez xəbərlər ortaya çıxır. Bunun isə ciddi və qorxuducu səbəbi var.
Beyində mikroplastikin yığılması Altsheymer xəstələyinə səbəb ola bilər
Beyində mikroplastikin yığılması Altsheymer xəstələyinə səbəb ola bilər
Hələ bir neçə müddət bundan öncə aparılmış araşdırma nəticəsində məlum olmuşdu ki, ölçüləri 5 mm-dən daha kiçik olan plastik hissəciklər (mikroplastik) insan beynində çoxlu miqdarda yığıla bilirlər.
Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
Alimlər, içdiyimiz sudan mikroplastikləri çıxarmaq üçün effektiv və sadə üsul kəşf ediblər.
Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
Demək olar 170 il bundan öncə ilk plastik material hazırlanmışdı. 1970-ci illərdə isə alimlər artıq mikroplastik barəsində danışmağa başladılar. 2004-cü ildə mikroplastik hissəciklər Britaniyanın sahillərində aşkar ediləndən sonra bu termin geniş şəkildə tanınmağa başladı.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!