Jeff Pu adlı məşhur insayder Apple şirkətinin gələn il təqdim edəcəyi iPhone 17 smartfonlarının texniki imkanlarını əhatə edən qeyri-rəsmi məlumatı bölüşüb. İnsayder tərəfindən təqdim edilmiş cədvəldə iPhone 17 modellərinin bəzi texniki imkanları əks olunub. Cədvəldə hətta hələ təsdiqlənməmiş iPhone 17 Slim-in də texniki imkanlarını görmək olar. Qeyd etmək lazımdır ki, son zamanlarda ortaya çıxmış məlumatlarda bu model məhz iPhone 17 Air kimi qələmə verilirdi.
Ola bilsin şirkət yekunda onun adını iPhone 17 Slim kimi saxlasın. Bu model iPhone 17 Plus-ı əvəz edəcək. Beləliklə cədvələ əsasən iPhone 17 modeli 6.1 düym ölçülü ekranı, iPhone 17 Slim modeli 6.6 düym ölçülü ekranı, iPhone 17 Pro modeli 6.3 düym ölçülü ekranı, iPhone 17 Pro Max modeli isə 6.9 düym ölçülü ekranı əldə edəcək. iPhone 17 və iPhone 17 Slim modellərinin Apple A19 prosessoru vasitəsilə çalışacaqları halda, iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri Apple A19 Pro prosessorunu əldə edəcəklər.
Bundan əlavə olaraq iPhone 17 və iPhone 17 Slim modelləri 8 GB RAM-a, iPhone 17 Pro modelləri isə 12 GB RAM-a sahib olacaqlar. Bütün iPhone 17 modelləri özlərində 24 MP-lik ön kameranı birləşdirəcəklər. Adi iPhone 17 modeli 48 MP + 12 MP ikili arxa kameranı, iPhone 17 Slim modeli isə 48 MP-lik bir ədəd arxa kameranı əldə edəcək. iPhone 17 Pro modellərinə gəldikdə onlar üçlü arxa kamera ilə təchiz olunacaqlar və onlarda əsas arxa kamera 48 MP-lik olacaq.