Ədliyyə Nazirliyinin təkliflərində Google-un Chrome, Play Store və Android kimi məhsullarının şirkətin axtarış motoruna üstünlük verməsinin qarşısını almağa yönəlmiş davranış və struktur dəyişiklikləri yer alır. Xüsusilə Google-un süni intellekt əsaslı axtarış nəticələrində üçüncü tərəf məzmunlarını istifadə etməsinə məhdudiyyətlər qoyulması hədəflənir. Bununla yanaşı, DOJ (Ədliyyə Nazirliyi) Google-ın standart axtarış motoru müqavilələrinə də məhdudiyyətlər gətirilməsini istəyir. Xüsusilə 2022-ci ildə Apple-a Safari brauzerində standart axtarış motoru olmaq üçün ödədiyi 20 milyard dollar diqqət mərkəzindədir. DOJ bu cür müqavilələrin kiçik oyunçuların əsas paylama kanallarına çıxışını əngəllədiyini iddia edir.
Google isə bu təkliflərə sərt cavab verib. Şirkətin tənzimləyici məsələlər üzrə vitse-prezidenti Lee-Anne Mulholland, DOJ-un təkliflərinin həm istehlakçılara, həm də bizneslərə zərər verəcəyini vurğulayıb. Mulholland, Chrome və ya Android-in bir-birindən ayrılmasının bu platformaların işini pozacağını və təhlükəsizlik problemlərinə səbəb olacağını bildirir. Xüsusilə Play Protect və Chrome-un Safe Browsing kimi təhlükəsizlik funksiyalarının Google xidmətlərinə bağlı olduğunu qeyd edərək, bu xidmətlərin ayrılmasının istifadəçilərin cihazlarını risk altında qoyacağını iddia edir.
Google, həmçinin axtarış motoru məlumatlarının rəqiblərlə paylaşılmasının istifadəçi məxfiliyi və təhlükəsizliyi baxımından ciddi risklər daşıdığını bildirir. Şirkət hazırda bu məlumatların qorunduğunu, lakin üçüncü tərəflərin bu məlumatlara çıxışı təmin edərsə, istifadəçi profillərinin yaradılması kimi sui-istifadə ehtimallarının ortaya çıxa biləcəyini müdafiə edir. Nəhayət, Google, Samsung və Apple kimi böyük şirkətlərlə bağlanan standart axtarış motoru müqavilələrinə məhdudiyyətlərin istifadəçi təcrübəsini çətinləşdirəcəyini və telefon istehsalçılarının xərclərini artıraraq cihaz qiymətlərinin yüksəlməsinə səbəb ola biləcəyini xəbərdar edir. Google, DOJ-un bu təkliflərinə dair ətraflı cavabını gələn il məhkəməyə təqdim edəcəyini bildirib. Buna görə də, bu hüquqi mübarizənin bir neçə il daha davam edəcəyi gözlənilir.