
YouTube bloklanmış bəzi müəlliflərə geri qayıtmaq imkanı verib
Sosial Media
10.10.2025
Emil Nəcəfov
YouTube platforması dezinformasiya yaydıqları üçün silinmiş bəzi hesabların müəlliflərinə ikinci şans vermək qərarına gəlib. Bu o cümlədən COVID-19 və ABŞ seçkiləri ilə bağlı saxta məlumatlar yaydıqları üçün bloklanmış kanallara da aiddir. Bu barədə platformanın rəsmi bloqunda məlumat verilib. Siyasi təzyiqlər fonunda video platforma ötən ay bəyan edib ki, bir sıra müəlliflər və platforma siyasətləri ləğv edildiyi səbəbilə bloklanmış kanallar üçün pilot proqram başladacaq. Respublikaçı konqresmen Jim Jordan ilə yazışmada platforma bildirib ki, bu imkan COVID-19 və seçkilərin dürüstlüyü ilə bağlı dezinformasiya siyasətlərini dəfələrlə pozduqları üçün bloklanmış, lakin indi artıq qüvvədə olmayan qaydalar çərçivəsində qadağan edilmiş müəlliflərə şamil ediləcək. 2020-ci ildə video platforma elan etmişdi ki, COVID-19 vaksinləri barədə dezinformasiya yayan videoları siləcək, daha sonra isə bu siyasəti genişləndirərək ümumilikdə peyvəndlərlə bağlı saxta məlumatların yayılmasını qadağan etmişdi.

2021-ci il 6 yanvarda ABŞ Konqres Binasına hücumdan sonra platforma bəyan etdi ki, 2020-ci il seçkiləri barədə dezinformasiya yayan kanallara xəbərdarlıq (“strike”) ediləcək və prezident Donald Trump-ın yeni materiallar paylaşması qadağan olunacaq. Lakin 2023-cü ildə şirkət Trump-ın hesabındakı məhdudiyyətləri aradan qaldırdı və COVID-19 dezinformasiyası ilə mübarizəyə dair bəzi tədbirlərdən imtina etdi. Bu ilin iyun ayında video platforma daha geniş mənada kontent moderasiyası siyasətini yumşaltdı - məqsəd, platformada dərc edilmiş yeni müzakirə formalarını və məzmun növlərini əks etdirmək idi. “YouTube müxtəlif baxış bucaqlarının qorunmasını dəstəkləməyə davam edir və hesab edir ki, məzmun yaradıcıları platformada siyasi ideyaları açıq şəkildə müzakirə edə bilməlidirlər” - deyə şirkət bunu konqresmen Jim Jordan-a göndərdiyi məktubda bildirib.

Keçən ay YouTube həmçinin bəyan etdi ki, 2021-ci ildə kanalı bloklandığı üçün Donald Trump tərəfindən qaldırılmış iddianın həlli məqsədilə 24.5 milyon dollar məbləğində kompensasiya ödəyəcək. Platformanın bəyanatında bildirilir ki, ikinci şans proqramı bu gündən başlayır və uyğun hesab edilən müəlliflər üçün növbəti bir neçə həftə ərzində əlçatan olacaq. “Yeni kanal yaratmaq üçün göndərilən müraciətləri qiymətləndirərkən biz bir neçə amili nəzərə alırıq - məsələn, müəllifin İcma Qaydalarımızı və ya Xidmət Şərtlərimizi xüsusilə ciddi və ya sistematik şəkildə pozub-pozmadığını, həmçinin onun platformadakı və ya platformadan kənardakı fəaliyyətinin YouTube icmasına zərər verib-vermədiyini və ya potensial olaraq zərər verə biləcəyini”. Qeyd olunan proqram bütün bloklanmış müəlliflər üçün əlçatan olmayacaq. Məsələn, o, müəllif hüquqlarını pozanlara və ya YouTube Yaradıcının Məsuliyyəti Siyasətini pozanlara şamil edilməyəcək.

YouTube kanalını və ya Google hesabını silmiş müəlliflər hələlik “yeni kanal yaratmaq üçün müraciət et” funksiyasından istifadə edə bilməyəcəklər. Platforma həmçinin bildirir ki, əgər kanal bloklanıbsa, onun sahibi blokdan sonra 1 il ərzində yeni kanal yaratmaq üçün müraciət edə bilməyəcək. Bundan əlavə, müraciət təsdiqlənərsə və kanal bərpa olunarsa, müəllifin əvvəlki bütün məzmunu yenidən yüklənməlidir (əlbəttə, platformanın istifadə qaydalarına uyğun şəkildə), həmçinin izləyicilər bazası da sıfırdan toplanacaq. YouTube bunu “təmiz başlanğıc” adlandırır. “Biz bilirik ki, bir çox bloklanmış yaradıcı ikinci şansa layiqdir. YouTube son 20 ildə inkişaf edib və dəyişib, eləcə də bizim də icmamızla münasibətlərimizi yenidən qurmaq üçün ikinci şanslarımız olub. Məqsədimiz — bu imkandan yararlanmaq üçün müraciət hüququ olan müəlliflərə yaxın aylarda çıxış verməkdir. Səbriniz üçün təşəkkür edirik. Hazırda prosesi sürətləndiririk, müraciətləri diqqətlə nəzərdən keçiririk və bu prosesdə öyrənməyə davam edirik” - deyə YouTube bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
YouTube-un mobil versiyasının interfeysi üçün kiçik dəyişikliklər hazırlanır

YouTube-un mobil versiyasının interfeysi üçün kiçik dəyişikliklər hazırlanır
Sentyabrda Android TV üçün yenilənmiş interfeysin təqdimatından sonra YouTube video platforması mobil tətbiqin interfeysini təkmilləşdirməyə başlayıb.
YouTube Donald Trump-a 24 milyon dollar təzminat ödəyəcək

YouTube Donald Trump-a 24 milyon dollar təzminat ödəyəcək
Google-a məxsus YouTube video platforması 6 yanvar 2021-ci ildən sonra Donald Trump-ın hesabının müvəqqəti bloklanmasına görə 24.5 milyon dollar təzminat ödəyəcək.
YouTube videolarının sonlarındakı qıcıqlandırıcı tövsiyə pəncərələrini gizlətmək imkanı istifadəyə verilib

YouTube videolarının sonlarındakı qıcıqlandırıcı tövsiyə pəncərələrini gizlətmək imkanı istifadəyə verilib
YouTube videonun sonunda çıxan tövsiyə pəncərələrini gizlətmək imkanı əlavə edib, həmçinin masaüstü cihazlarda kanalın su nişanının üzərinə kursor gətirildikdə görünən “subscribe” düyməsini də ləğv edib.
YouTube Live üçün yeni imkanlar təqdim olunub

YouTube Live üçün yeni imkanlar təqdim olunub
Dünən keçirilmiş Made on YouTube tədbirində dünyanın ən böyük video platformasının administrasiyası canlı yayımların keyfiyyətini artırmağa yönəlmiş bir sıra yeni funksiyaları təqdim edib.
YouTube kontentin hərtərəfli optimizasiyası üçün yeni süni intellekt alətlərini təqdim edib

YouTube kontentin hərtərəfli optimizasiyası üçün yeni süni intellekt alətlərini təqdim edib
YouTube kanallarının sahibləri ənənəvi olaraq çoxsaylı funksiyaları yerinə yetirməli olurlar: kontenti moderasiya etmək, montajçı və fotoqraf kimi çıxış etmək, sosial şəbəkələrdə strategiya müəyyənləşdirmək, ideyalar yaratmaq və ssenarilər yazmaq.
Həftənin xəbərləri

