main-post-cover

    Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəlik kəşf edilib

    Süni İntellekt
    07.11.2023
         Alimlər Böyük partlayışdan 500 milyon il sonra formalaşmış super kütləli qara dəliyi kəşf ediblər. Məsələ burasındadır ki, kainatın həmin zamanlarında heç bir supernova (güclü partlayış nəticəsində parlaqlığı kəskin artan ulduz) super kütləli qara dəliyin formalaşmasına səbəb ola bilməzdi. Buna görə də sözügedən qara dəliyin formalaşması səbəbi ilə bağlı alternativ versiya mövcuddur. Lakin mövcud olan həmin versiya da bəzi suallar yaradır. Alimlər yeni super kütləli qara dəliyi James Webb kosmik teleskopu vasitəsilə kəşf ediblər. Lakin hətta James Webb-in də kainatın bu qədər erkən vaxtlarına nəzər yetirməsi üçün müəyyən yardıma ehtiyacı var.
         Buna görə də mütəxəssislər uzaq məsafədə yerləşən ulduzlardan gələn işığı gücləndirmək üçün qravitasiya linzası üsulundan istifadə ediblər. Bununla yanaşı uzaq məsafədə yerləşən qalaktikalardakı super kütləli qara dəliklərin aşkar edilməsi üçün Chandra adlı rentgen teleskopundan istifadə edilib. James Webb qalaktikalarım analiz etdiyi vaxtda Chandra qara dəliklər tərəfindən ifraz edilən rentgen şüalanmasını qeydə almağa çalışırdı. Nəticədə alimlər ideal namizəd kimi Abel 2744 adlı yüksək kütləli qalaktikalar toplusunun arxasında yerləşən UHZ1 adlı qalaktikanı seçiblər.
         Bu halda Abel 2744 qalaktikalar toplusu 4 qat zoom funksiyası rolunda çıxış edib. Aparılmış hesablamalar onu göstərdi ki, UHZ1-in mərkəzində super kütləli qara dəlik mövcuddur və onun kütləsi 10 milyon Günəş kütləsinə bərabərdir. Sözügedən qara dəliyin kütləsi həmçinin UHZ1 qalaktikasının tərkibində olan digər bütün maddələrin ümumi kütləsinə bərabər olub. UHZ1-in mərkəzində bu cür super kütləli qara dəliyin qalaktikadan gələn işığın müşahidəsi zamanında necə formalaşdığı hələ də sual altındadır. Kainatda bizə məlum və müşahidəsi mümkün olan qara dəliklərin kütlələri həmin qara dəliklərin yerləşdikləri qalaktikaların tərkiblərində olan bütün digər maddələrin ümumi kütlələrinin 0.1%-nə bərabərdir.
         Bu qanun bizim qalaktikamız və onun mərkəzində yerləşən qara dəlik üçün də keçərlidir. Hesab edilir ki, ilk qara dəliklər Böyük partlayışdan 200 milyon il sonra formalaşmağa başladılar. Beləliklə UHZ1-in mərkəzində yerləşən super kütləli qara dəliyin belə nəhəng ölçülərə qədər böyüməsi üçün cəmi 300 milyon il kifayət edib. Qara dəliklərin birləşməsi buna səbəb ola bilməzdi. Çünki böyük olmayan qara dəliklər lazımi qravitasiya potensialına sahib deyillər. Erkən kainatda çox böyük ulduzun supernova mərhələsi nəticəsində formalaşmaq da variant deyil. Bizim kainatdakı proseslərimiz barəsində anlayışımıza az-çox uyğun gələn son bir variant qalır. Güman olunur ki, super kütləli qara dəliklər erkən kainatdakı sıx qaz buludlarının parçalanmaları nəticəsində formalaşmış ola bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Alimlər insanın immun sisteminin çəkisini hesablayıblar
    alimler-insanin-immun-sisteminin-cekisini-hesablayiblar
    Yer kürəsinin nüvəsində digər planetin qalıqları yerləşmiş ola bilər
    yer-kuresinin-nuvesinde-diger-planetin-qaliqlari-yerlesmis-ola-biler
    Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
    ayin-yasi-daha-once-dusunulduyunden-daha-cox-imis
    Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
    yupiterin-peyki-ionun-keyfiyyetli-fotolari-cekilib