Texnologiya şirkətlərinin və istifadəçilərin gələcək yoxmuş kimi məhsuldar süni intellektə yönəlməsi, əlbəttə ki, öz ardınca bir hesab gətirəcəkdi. Çip istehsalının nəhəng miqyaslara çatması, Yaponiyanın istehlakına bərabər enerji istehlakı, tonlarla suyun sərf olunması təbiəti daha sürətlə məhv etməyə başlayıb.
Süni intellekt sahəsində ən təsirli 100 insan arasında yer alan Avstraliyalı professor Kate Crawford, həftəlik 300 milyon aktiv istifadəçiyə çatan ChatGPT platformasının tək bir axtarış üçün yarım litr su sərf etdiyini bildirir. Crawford qeyd edir ki, süni intellekt sistemləri gizli şəkildə planeti yenidən formalaşdırır və məhv edir. Karbon emissiyasının azaldılması isə həyati əhəmiyyət daşıyır. Tanınmış ekspert vurğulayıb ki, məhsuldar süni intellekt insanlığa fayda verəcək şəkildə dizayn edilsə də, gələcəkdə insanlığın qarşısına çıxaracağı problemlərin də mütləq şəkildə analiz edilməsi və bu problemlərin qarşısını almaq üçün ən qısa zamanda zəruri tədbirlərin görülməsi vacibdir.