main-post-cover

    Süni zəka və onun enerji sərfiyyatı: Qlobal energetika üçün yeni problemlər

    Süni İntellekt
    11.04.2025
    Emil Nəcəfov
         Bu onilliyin sonuna qədər qlobal miqyasda süni zəka texnologiyalarına keçid demək olar ki, Yaponiyanın bu gün istehlak etdiyi qədər enerji tələb edəcək, lakin bu tələbatın yalnız təxminən yarısının bərpa olunan enerji mənbələri hesabına ödənəcəyi gözlənilir. Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına görə, 2030-cu ilə qədər əsasən süni zəka üçün olan məlumat emalı ABŞ-da polad, sement, kimyəvi maddələr və digər enerji tutumlu məhsulların istehsalından daha çox elektrik enerjisi istehlak edəcək. Hesabata əsasən, 2030-cu ilə qədər məlumat emalı mərkəzlərində qlobal elektrik enerjisinə tələbat 2 dəfədən çox artacaq. Bu artımın əsas səbəbi süni zəka olacaq.
         Yalnız süni zəkaya həsr olunmuş ixtisaslaşmış məlumat emalı mərkəzlərində elektrik enerjisinə olan tələbat 4 dəfədən çox artacaq. Hazırda bir məlumat emalı mərkəzi təxminən 100.000 ev təsərrüfatı qədər elektrik enerjisi istehlak edir, lakin hazırda inşa edilən bəzi mərkəzlər bu miqdardan 20 dəfə çox enerji tələb edəcək. Lakin süni zəkanın sürətli tətbiqinin iqlim böhranı ilə mübarizə ümidlərini puça çıxaracağına dair narahatlıqlar cümə axşamı dərc olunmuş hesabatda “şişirdilmiş” kimi qiymətləndirilir. Bu, süni zəkanın enerji istehlakının və digər fəaliyyət sahələrinin səmərəliliyini artırmaq üçün istifadəsinin ümumi olaraq parnik qazı emissiyalarını azalda biləcək qənaətlərlə nəticələnə biləcəyi ilə izah olunur.
         Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib: “Süni zəkanın inkişafı ilə enerji sektoru dövrümüzün ən mühüm texnoloji inqilablarından birinin ön sırasındadır. Süni zəka inanılmaz dərəcədə güclü bir alətdir, lakin onun necə istifadə olunacağı bizim - cəmiyyətlərin, hökumətlərin və şirkətlərin - qərarından asılıdır”. Süni zəkanın tətbiqi elektrik şəbəkələrinin layihələndirilməsini sadələşdirə bilər ki, onlar daha çox bərpa olunan enerji mənbələrindən istifadə edə bilsinlər. Əksər elektrik şəbəkələri sabit enerji təminatı verən və bəzi hallarda nisbətən tez işə salınıb dayandırıla bilən, mərkəzləşdirilmiş, təbii yanacağı ilə işləyən elektrik stansiyaları üçün layihələndirilib.
         İndi bu şəbəkələrin yenidən layihələndirilməsinə ehtiyac var ki, enerji təminatının böyük hissəsi külək və günəş enerjisi kimi qeyri-sabit və bəzən də qabaqcadan proqnozlaşdırılması çətin olan mənbələrdən gələndə tələbatla balans qorunsun. Süni zəkanın köməyi ilə enerji sistemlərinin və sənaye proseslərinin səmərəliliyi də artırıla bilər. Hazırda səmərəliliyi artırmaq üçün böyük imkanlar nəzərdən qaçırılır, çünki şirkətlər üçün mövcud proseslərini dəyişmək, qeyri-səmərəli metodlardan istifadə etməyə davam etməkdən daha çətindir. Süni zəka həmçinin pilotsuz avtomobillər və ya həyati əhəmiyyətli infrastruktur üçün təhlükələrin aşkarlanması kimi yeni texnologiyaların hazırlanmasında da faydalı ola bilər.
         Bu texnologiyadan insanların səfərlərini optimallaşdırmaq üçün ictimai nəqliyyat marşrutlarının planlaşdırılmasında, eləcə də şəhərlərin və nəqliyyat sistemlərinin layihələndirilməsində istifadə edilə bilər. Mədənçilik şirkətləri də süni zəkadan müasir bərpa olunan enerji texnologiyaları üçün vacib olan - günəş panelləri, külək turbinləri və elektromobillər kimi - komponentlərin istehsalında istifadə olunan mühüm mineral yataqlarını axtarmaq və işləmək üçün istifadə edə bilərlər. Belə istifadələr süni zəkanın qlobal enerji sistemlərinə yaradacağı böyük yüklərin bir qismini kompensasiya edə bilər. Lakin Beynəlxalq Enerji Agentliyinin hesabatında qeyd olunur ki, bunun üçün çox güman ki, hökumətlərin daha fəal iştirakı tələb olunacaq.
         Əgər heç bir tədbir görülməzsə, süni zəkanın sürətli inkişafı enerji sistemləri və ətraf mühit üçün ciddi problemə çevrilə bilər. Süni zəka, əsasən səmərəliliyin artırılması hesabına son illərdə inkişaf etmiş ölkələrdə enerji istehlakının azaldılması sahəsində əldə olunmuş nailiyyətləri puç edə bilər. Süni zəkanın sürətli inkişafı həm də o deməkdir ki, şirkətlər ən əlçatan enerji mənbələrini axtaracaqlar və bu mənbələr bir çox inkişaf etmiş ölkələrdə bağlanmaq üzrə olan qaz elektrik stansiyaları ola bilər. ABŞ-da isə bu tələbat kömür elektrik stansiyalarının hesabına ödənə bilər. Əgər proses düzgün istiqamətdə getməsə, süni zəka, The Guardian qəzetinin apardığı araşdırmanın da göstərdiyi kimi, dünyanın ən quraq bölgələrindən suyu da çəkə bilər. Çünki bir çox süni zəka məlumat emalı mərkəzləri kompüterlərini soyutmaq üçün böyük miqdarda şirin sudan istifadə edirlər.
    Mənbə: The Guardian
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni zəkanın öz düşüncələrinin həqiqi gedişatını gizlətdiyi təyin edilib
    suni-zekanin-oz-dusuncelerinin-heqiqi-gedisatini-gizletdiyi-teyin-edilib
    Startaplardan biri filippinli işçiləri süni zəka kimi qələmə veribmiş
    startaplardan-biri-filippinli-iscileri-suni-zeka-kimi-qeleme-veribmis
    Süni zəka proqram təminatı kodundakı səhvləri hələ lazımi səviyyədə aradan qaldıra bilmir
    suni-zeka-proqram-teminati-kodundaki-sehvleri-hele-lazimi-seviyyede-aradan-qaldira-bilmir
    OpenAI GPT-4.1-i istifadəyə verməyə hazırlaşır
    openai-gpt-41-i-istifadeye-vermeye-hazirlasir
    Google məntiq yürüdə bilən Gemini 2.5 Flash süni zəka modelini təqdim edib
    google-mentiq-yurude-bilen-gemini-25-flash-suni-zeka-modelini-teqdim-edib