
Google-un reklam biznesini ayırmağa yenidən cəhd ediləcək
Tech-Biznes
23.09.2025
Emil Nəcəfov
Google-un ABŞ antimonopoliya orqanları ilə növbəti məhkəmə qarşıdurması başlayıb - ölkə hakimiyyəti şirkətin reklam texnologiyaları sahəsində dominant mövqeyindən narazıdır və bu istiqamətdə biznesinin bölünməsini tələb edir. Şirkət isə bunun baş verməsinin qarşısını almağa çalışır. Yeni məhkəmə prosesi ABŞ hakimiyyətinin Google-un inhisarçı mövqeyini məhdudlaşdırmaq üçün növbəti cəhdidir. Şirkətin əvvəlki işdə qələbə qazanmasından və Chrome brauzerini məcburi qaydada satmaq öhdəliyindən azad edilməsindən cəmi 1 ay da keçməyib. İndi söhbət reklam texnologiyalarından gedir. Prosesi Google reklamlarının yerləşdirildiyi saytların sahibləri və rəqib həllərin hazırlanması ilə məşğul olan şirkətlər izləyəcək. Onların bəziləri paralel olaraq Google ilə məhkəmədədir və dəymiş ziyanın ödənilməsini tələb edirlər. ABŞ Ədliyyə Nazirliyi və ştatların hakimiyyət koalisiyası Google-u reklam birjası AdX-i (Ad Exchange) satmağa məcbur etmək istəyir.

Bu platformada reklam yerləri üçün avtomatlaşdırılmış hərraclar keçirilir və sayt sahibləri üçün 20% komissiya tətbiq olunur. Hakimiyyətin digər tələbi isə hazırda qapalı şəkildə fəaliyyət göstərən hərrac qalibinin müəyyənləşdirilməsi mexanizmini şəffaf etməkdir. ABŞ Ədliyyə Nazirliyinin antimonopoliya şöbəsini təmsil edən Julia Tarver Wood bildirib ki, Google qanunsuz şəkildə AdX-i özünə məxsus olan nəşriyyat reklam sistemi (publisher ad server) ilə əlaqələndirib. Bu platformada sayt sahibləri - yəni nəşriyyatçı qismində çıxış edənlər - öz rəqəmsal reklam inventarlarını, yəni səhifələrdəki reklam yerlərinin ehtiyatını idarə edirlər. Onun sözlərinə görə, Google-un bu əlaqəni yenidən yaratmaq üçün motiv və imkanlara sahib olmasına icazə vermək çox böyük riskdir. Google isə vəziyyətə tamamilə fərqli yanaşır.

Şirkətin vəkili Karen Dunn Nazirliyin tələblərini düşünülməmiş adlandıraraq, bunun rəqabətə zərər vuracağını və Google-u bazardan sıxışdıracağını bildirib. O vurğulayıb ki, Ədliyyə Nazirliyi özünə geniş və misilsiz səlahiyyətlər, nəzarət və ABŞ-ın ən böyük texnologiya platformasına təsir faktorları götürməyə çalışır. Karen Dunn həmçinin prosesə sədrlik edən hakim Leonie Brinkema-nı həmkarının yanaşmasını davam etdirməyə çağırıb. Həmin hakim daha əvvəl şirkətin onlayn axtarış sahəsindəki inhisarı ilə bağlı işdə Nazirliyin çoxsaylı tələblərini rədd etmişdi. Google, ABŞ Ədliyyə Nazirliyinin tələblərini texniki cəhətdən həyata keçirilməz adlandırıb və xəbərdarlıq edib ki, belə bir tədbir həm nəşriyyatçılar, həm də reklamverənlər üçün uzunmüddətli qeyri-müəyyənliyə səbəb olacaq.

Bununla belə, ötən il şirkət Avropa Birliyində aparılmış antimonopoliya istintaqı çərçivəsində qapalı danışıqlar zamanı özü də AdX-i satmağı təklif etmişdi. Bu həftə keçiriləcək məhkəmə prosesində Google-un daxili materialları - onun reklam biznesinin bölünməsi ilə bağlı sənədlər - təqdim oluna bilər. Hazırda isə şirkət siyasətini dəyişməyi, beləliklə nəşriyyatçıların onun platformalarından istifadəsini asanlaşdırmağı və rəqiblərinin bazardakı mövqelərini yaxşılaşdırmağı təklif edib. Amma Ədliyyə Nazirliyi cavab verib ki, yalnız bu tədbirlər rəqabəti bərpa etmək üçün kifayət etməyəcək. Reuters-in sorğu keçirdiyi ekspertlər isə hesab edirlər ki, bu dəfə Google-un bəxti Chrome məsələsində olduğu kimi gətirməyəcək və şirkət AdX-i satmaq məcburiyyətində qalacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Chrome-a Gemini əsaslı süni intellekt agenti inteqrasiya olunacaq

Google Chrome-a Gemini əsaslı süni intellekt agenti inteqrasiya olunacaq
Google Gemini süni intellektinə Chrome brauzerində daha geniş imkanlar təqdim edəcək. Buraya qovluqlara, baxış tarixçəsinə, Gmail və Calendar da daxil olmaqla Google tətbiqlərindən məlumatlara çıxış daxildir.
Google axtarış sistemindəki intim fotoları daha sərt şəkildə filtrasiya edəcək

Google axtarış sistemindəki intim fotoları daha sərt şəkildə filtrasiya edəcək
Bu həftə Google, StopNCII.org layihəsi ilə tərəfdaşlıq etdiyini elan edib. Məqsəd şirkətin axtarış sistemi vasitəsilə insanların razılığı olmadan internetdə yayımlanmış intim foto və videoların qarşısını almaqdır.
Google Windows üçün lokal axtarış sistemini təqdim edib

Google Windows üçün lokal axtarış sistemini təqdim edib
Google yeni Google for Windows (Google app for Windows) adlı tətbiqi təqdim edib. Bu tətbiq lokal fayllar, Google Drive, quraşdırılmış tətbiqlər və veb resurslar üzrə axtarışı birləşdirir.
Reklam bloklayıcıları YouTube-dakı baxış saylarını azaldırmış

Reklam bloklayıcıları YouTube-dakı baxış saylarını azaldırmış
Avqustun ortalarından etibarən YouTube-da bir çox müəllif öz videolarının baxış sayında kəskin azalma qeydə almağa başlayıb - bəzi hallarda göstəricilər əvvəlki nəticələrin yarısına qədər düşüb.
Google-un ana şirkəti olan Alphabet bazar dəyəri 3 trilyon dollara çatmış dördüncü şirkət oldu

Google-un ana şirkəti olan Alphabet bazar dəyəri 3 trilyon dollara çatmış dördüncü şirkət oldu
Alphabet-in, yəni Google-un ana şirkətinin səhmlərinin dəyəri dünənki ticarət sessiyası zamanı 4%-dən çox artıb. Bunun nəticəsində Alphabet-in bazar kapitallaşması 3 trilyon dollara çatıb və şirkət daha əvvəl bu həddi keçmiş NVIDIA, Microsoft və Apple ilə birlikdə üçlüyə qoşulub.
Həftənin xəbərləri

