
Çin keçən il 300 000 sənaye robotu quraşdırıb
Elm & Texnologiya
29.09.2025
Emil Nəcəfov
Beynəlxalq Robototexnika Federasiyasının (International Federation of Robotics) hesabatına görə, 2024-cü ildə Çində təxminən 300 000 yeni sənaye robotu quraşdırılıb ki, bu da bütün digər ölkələrin ümumi göstəricilərini üstələyib. Robotlaşdırma kursu Çinə dünyanın ən böyük məhsul istehsalçısına çevrilməyə, eyni zamanda işçi qüvvəsindən asılılığı azaltmağa və məhsul qiymətlərinin enməsinə yol açmağa imkan verib. Artıq bunun qarşısını almaq mümkün deyil, nümunə götürmək lazımdır. 2024-cü ilin sonuna yaxın Çindəki zavodlarda 2 milyondan çox sənaye robotu fəaliyyət göstərirdi - bu, dünyanın qalan bütün hissəsindən daha çoxdur. Bu nəticə ölkə hakimiyyəti tərəfindən 2015-ci ildə elan edilmiş və çoxsaylı fondlarla, o cümlədən böyük dövlət investisiyaları ilə dəstəklənən genişmiqyaslı istehsalın avtomatlaşdırılması kampaniyasının nəticəsidir.

Son onillik ərzində bu proses Çinin emal sənayesini tamamilə dəyişdirib və onun qlobal məhsul istehsalçısı kimi dominant rolunu daha da möhkəmləndirib. Nəticədə, Çin zavodları dünyada bütün sənaye məhsullarının təxminən 1/3-ni istehsal edir və ABŞ, Almaniya, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyanın birlikdə göstəricilərini belə geridə qoyur. Çində robotların tətbiqi tempi digər ölkələri xeyli qabaqlayır: ABŞ ötən il quraşdırılmış 34 000 yeni robotla yalnız üçüncü yeri tutur, Yaponiya isə 44 000-lə ikinci yerdədir. Almaniya, Cənubi Koreya və digər aparıcı ölkələr isə yeni robotların quraşdırılma həcmlərinin azalması ilə yadda qalıb. Müşahidə edilən dinamika Çinin sənaye robotlarının idxalından asılılıqdan öz müstəqil istehsalına keçidini göstərir. 2015-ci ildə işə salınmış “Made in China-2025” kampaniyası ölkəni robototexnika sahəsində rəqabətədavamlı etməyi, qabaqcıl texnologiyaların idxalını azaltmağı hədəfləyib.

2021-ci ildə robotların geniş tətbiqi üzrə milli strategiya dərc olunub və bu da illik quraşdırma sayının kəskin artmasına səbəb olub - 2017-ci ildən etibarən ildə 150 000-dən çox. Stimullar kompleksi Çin şirkətlərinə robototexnika sahəsində lider olmağa imkan verib, bu da elektromobillər və süni intellektdə baş verən boom-a bənzəyir. Analitiklərin sözlərinə görə, Çinin uğuru illərlə davam edən investisiyaların nəticəsidir, təsadüfi deyil. 2024-cü ildə Çinin qlobal robot istehsalındakı payı ümumi tədarüklərin 1/3-nə yüksəlib, keçmiş lider Yaponiya isə 38%-dən 29%-ə geriləyib. Çin yalnız robotlardan istifadə etmir, həm də onları istehsal edir: ötən il quraşdırılan robotların demək olar ki, 3/5-ü yerli istehsal idi. Halbuki əvvəlki illərdə əsasən idxal üstünlük təşkil edirdi. Ümumilikdə Çin zavodlarında ABŞ-la müqayisədə 5 dəfə çox robot işləyir.

Qeyd etmək lazımdır ki, bu göstərici hələ humanoid (insanabənzər) robotlara, robot itlərə və oxşar mobil platformalara aid deyil. Bununla belə, dövlət dəstəyi mühərrikli oynaqlar kimi əlaqəli komponentlərin istehsalını da əhatə edən startap ekosistemini həqiqətən formalaşdırıb. Çində humanoid robotların boom-u açıq-aşkar görünür, baxmayaraq ki, onlar hələ federasiyanın məlumatlarına daxil edilməyib. Məsələn, Unitree Robotics startapı təxminən 6000$ dəyərində modellərin satışını planlaşdırır ki, bu da Boston Dynamics analoqlarından dəfələrlə ucuzdur. Lakin Çin humanoidlər üçün ən inkişaf etmiş əsas komponentlərin, məsələn, sensorlar və yarımkeçiricilərin istehsalında geri qalır. Bu sahədə Almaniya və Yaponiya lider mövqedədir. Ən azı sahə analitikləri belə hesab edirlər.

Onların sözlərinə görə, əgər ən mükəmməl humanoid robot lazımdırsa, o, Çində deyil, Almaniya və ya Yaponiyada istehsal olunmuş komponentlərdən yığılacaq. Nəhayət, sənaye robotlarının süni intellekt ilə inteqrasiyası Çində istehsalın səmərəliliyini artırır: süni intellekt avadanlığın işini izləmək və optimallaşdırmaq üçün istifadə olunur, nasazlıqları isə real vaxtda aşkar edir. Bu, Çinin yanaşmasını digər ölkələrdəki sənaye robotlaşdırılmasından fərqləndirir, çünki orada sənaye robotlarına süni intellekt tətbiqinə tələsmirlər. Bununla belə, bu kurs Çində süni intellekt elementləri olan sistemlərin tətbiqi üçün ixtisaslı mütəxəssislərin çatışmazlığına gətirib çıxarıb, baxmayaraq ki, orada maaşlar ölkə üçün kifayət qədər yüksəkdir. Ümumilikdə, Çin sənaye avtomatlaşdırmasında əlçatmaz liderə çevrilib və bu barədə ekspertlərin böyük əksəriyyəti həmfikirdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google robotları düşünməyə məcbur edən süni intellekt modellərini hazırlayıb

Google robotları düşünməyə məcbur edən süni intellekt modellərini hazırlayıb
Google DeepMind şirkəti robot texnologiyası üçün iki yeni süni intellekt modelini təqdim edib: Gemini Robotics 1.5 və Gemini Robotics-ER 1.5. Bu modellər birlikdə elə bir yanaşmanı həyata keçirirlər ki, robot əvvəlcə tapşırığı “düşünür”, yalnız bundan sonra əməliyyatı icra edir.
Çinlilər litium batareyalardan 6 dəfə daha həcmli yeni növ ion batareyası hazırlayıblar

Çinlilər litium batareyalardan 6 dəfə daha həcmli yeni növ ion batareyası hazırlayıblar
Çinli alimlər kimyəvi batareyaların hazırlanmasında irəliləyiş əldə etdiklərini bildiriblər və hidrid-ionlara - mənfi yüklü hidrogen ionlarına əsaslanan ilk işlək batareya prototipini təqdim ediblər.
Unitree robotları bir neçə ildən sonra smartfonların yığılmasında insanları əvəz edə biləcəklər

Unitree robotları bir neçə ildən sonra smartfonların yığılmasında insanları əvəz edə biləcəklər
Mütəxəssislər uzun müddətdir bildirirlər ki, insanabənzər robotlar bazarda sürətli və təhlükəsiz şəkildə yayılmaq üçün ən əlverişli forma və kinematikaya malik deyillər.
Snapdragon 8 Elite Gen 5 flaqman prosessoru təqdim edilib

Snapdragon 8 Elite Gen 5 flaqman prosessoru təqdim edilib
Qualcomm şirkəti yeni flaqman mobil prosessoru olan Snapdragon 8 Elite Gen 5-i təqdim edib. TSMC şirkətinin N3P adlı yenilənmiş 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış bu yeni prosessor 8 nüvəlidir.
Süni intellekt yarışı çip istehsalı təchizatlarına xərcləri artırıb

Süni intellekt yarışı çip istehsalı təchizatlarına xərcləri artırıb
Sənaye assosiasiyaları SEMI və SEAJ-in statistikasına görə, keçən rübdə yarımkeçirici komponent istehsalçılarının texnoloji avadanlıq alınmasına xərcləri illik müqayisədə 23% artaraq 33.07 milyard dollara çatıb.
Həftənin xəbərləri

