main-post-cover

    Dünyanın ilk ikiüzlü “günəş pəncərəsi” hazırlanıb!

    Elm & Texnologiya
    17.10.2024
    Farid Pardashunas

         TNO tədqiqatçıları dünyanın ilk ikiüzlü günəş pəncərəsini uğurla quraşdırıblar. Bu yeni konsepsiya, həm enerji səmərəliliyinə, həm də enerji istehsalına fokuslanaraq diqqət cəlb edir.

         Niderlandın Tətbiqi Elmi Tədqiqatlar Təşkilatı (TNO) tərəfindən koordinasiya edilən tədqiqat qrupu, dünyada bir ilk olan ikiüzlü (bifacial) günəş enerjisi pəncərəsi konsepsiyasını inkişaf etdirib. Bu yeni nəsil çoxfunksiyalı pəncərə, həm elektrik istehsal edərək təmiz enerji təmin edir, həm də daxili məkanlarda həddindən artıq isinmənin qarşısını alaraq termal və vizual komfort yaradır.
         Tədqiqatın baş müəllifi Simona Villa izah edir ki, “ZIEZO pəncərəsi, ikiüzlü kristal silikon günəş hüceyrə zolaqlarını ehtiva edən unikal izolyasiyalı şüşə vahidindən (IGU) və inteqrasiya olunmuş jalüz sistemindən ibarətdir”. Jalüz sistemi, istifadə olunduqda günəş şüalarını hüceyrələrin arxa səthinə yönləndirərək enerji istehsalını artırır. Villa bildirir ki, “Hazırda bazarda bina inteqrasiyası üçün ikiüzlü PV pəncərəsi mövcud deyil”.
         Qeyd olunanlara görə, sistemin 3 müxtəlif iş rejimi var. Jalüz tamamilə bağlandıqda maksimum enerji artımı əldə edilir, açıq saxlanıldıqda isə qismən bir artım əldə etmək mümkündür. İstifadəçilər jalüz mövqeyini avtomatik tənzimləyərək enerji istehsalı ilə termal və vizual idarəetmə arasında seçim edə bilərlər. Tədqiqat, Pilkington adlı şüşə istehsalçısının dəstəyi ilə inkişaf etdirilmiş və patentləşdirilmiş bir pəncərə texnologiyası üzərində formalaşdırılıb. 12 kiçik miqyaslı prototip, müxtəlif variasiyalarla açıq havada tədqiqat məntəqəsində sınaqdan keçirilib, real ölçülü 6 pəncərə isə Pilkington-un ofis binasında istifadə edilib.
         1 illik açıq hava monitorinqinin nəticələri bu innovativ məhsulun potensialını üzə çıxarıb. Villa-nın sözlərinə görə, ən çox əks etdirici jalüz istifadə edildikdə günəşli günlərdə anlıq enerji artımı 25%-ə qədər yüksələ bilir. Gündəlik ortalama isə bu artım təxminən 13% təşkil edir. Jalüzlərin bucağı, günəşin mövqeyi və radiasiya şəraiti enerji istehsalında vacib rol oynayır. ZIEZO pəncərələrinin enerji sıxlığı təxminən 100 W/m² olaraq ölçülüb və 40% şəffaflıq təmin edir. Villa bu məhsulun rəngli və qeyri-şəffaf günəş panelləri ilə rəqabət apara biləcəyini vurğulayır. Villa gələcəkdə məhsulun vizual komfort və daxili məkanın termal idarə olunmasına yönəldilərək daha da inkişaf etdiriləcəyini bildirib. Pilkington şirkətinin bu məhsulu bazara çıxarmağa hazırlaşdığı qeyd edilərkən, aktiv kölgələmə cihazının binalarda yaradacağı faydaların da araşdırılacağı vurğulanıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Avstraliyada dünyanın ən böyük günəş elektrostansiyası inşa ediləcək
    avstraliyada-dunyanin-en-boyuk-gunes-elektrostansiyasi-insa-edilecek
    Alimlər, istənilən məhsulu günəş panelinə çevirə bilən material hazırlayıblar!
    alimler-istenilen-mehsulu-gunes-paneline-cevire-bilen-material-hazirlayiblar
    Alimlər, günəş enerjisi ilə havadan suyu səmərəli şəkildə toplayan sistem hazırlayıblar!
    alimler-gunes-enerjisi-ile-havadan-suyu-semereli-sekilde-toplayan-sistem-hazirlayiblar
    Norveçdə dünyanın ən böyük şaquli dam örtüyü günəş elektrik stansiyası quraşdırılıb!
    norvecde-dunyanin-en-boyuk-saquli-dam-ortuyu-gunes-elektrik-stansiyasi-qurasdirilib
    Külək turbinlərinin quraşdırılması xərclərini 50% azaldan texnologiya inkişaf etdirilib!
    kulek-turbinlerinin-qurasdirilmasi-xerclerini-50-azaldan-texnologiya-inkisaf-etdirilib