
Həyat üçün vacib molekullar kosmik vakuumda da formalaşa bilərlər
Elm & Texnologiya
28.04.2025
Emil Nəcəfov
Adətən hesab olunur ki, mürəkkəb kimyəvi proseslər yalnız planetlərə və ya enerjisi və maddəsi dinamik qarşılıqlı təsir göstərən digər səma cisimlərinə xasdır. Lakin görünür ki, bu belə deyil - alimlər getdikcə daha çox müxtəlif yerlərdə, hətta kosmik məkanda da prebiotik kimyanın izlərini tapırlar. Yeni bir tədqiqat göstərir ki, bəzi prebiotik maddələr - həyat üçün vacib tərkib hissələri - kainatın soyuq vakuumunda çox qısa müddətdə əmələ gələ bilər. Əvvəlki araşdırma artıq göstərmişdi ki, soyuq qaz buludlarındakı xırda toz zərrəcikləri biomolekulların formalaşmasında reaksiya mərkəzləri rolunu oynaya bilərlər. Alimlər bu prosesi daha dərindən öyrəndikcə aşkar edirlər ki, bu qaz buludları üzvi molekullarla təəccüblü dərəcədə zəngindir. Yeni araşdırma isə bu anlayışı daha da genişləndirir.

Havay Universitetinin astrokimyaçıları müəyyən prebiotik molekulların ulduzlararası qaz buludlarında əmələ gəlib-gələ bilməyəcəyini müəyyən etmək istədilər. Bu məqsədlə onlar Krebs dövranını, başqa adla limon turşusu dövranını araşdırdılar. Bu metabolik yol eukariotlar, yəni aerob orqanizmlər tərəfindən qidanın enerjiyə çevrilməsi üçün istifadə olunur. Nəzəriyyəyə görə, Krebs dövranında iştirak edən kimyəvi maddələr həyat yaranmazdan əvvəl mövcud olub. Məqalədə deyilir: “Bütün müasir həyat formalarının Krebs dövranından asılı olması, bu dövranın Yer üzündəki ən qədim canlı orqanizmlərdə də mövcud olduğunu göstərir. Əgər bu molekullar qədim metabolik sistemlərin formalaşması üçün vacib idisə, bu molekulların abiotik sintezi biokimyəvi təkamül üçün şəraitin yaranmasında açar rolunu oynaya bilərdi”.

Yaponiyanın Hayabusa-2 adlı kosmik aparatı bir neçə müddət bundan öncə Ryuqu asteroidindən nümunələr gətirmişdi. Bu nümunələrdə Krebs dövranı ilə əlaqəli karboksil turşuları aşkar edilib ki, bu da Krebs dövranının kosmosda formalaşması fərziyyəsinə əlavə dəstək verir. Digər tərəfdən, James Webb teleskopu ulduzlararası buzlarda sadə molekullar - xüsusilə metan, karbon qazı, su və metanol tapıb. Qalaktik kosmik şüaların təsiri nəticəsində bu maddələr Krebs dövranındakı üzvi molekullara çevrilə bilər. Bu fərziyyəni daha dərindən yoxlamaq üçün alimlər molekulyar buludların şəraitini modelləşdiriblər.

Ulduzlararası qazı demək olar ki, tamamilə sıfıra qədər dondurublar və sonra onu imitasiyalı kosmik şüaların təsirinə məruz qoyublar. Daha sonra isə buludlarda yaranan ulduz enerjisini simulyasiya etmək üçün onları tədricən qızdırıblar. Tədqiqatçılar müəyyən ediblər ki, bu soyuq buludlarda cəmi bir neçə milyon il ərzində mono-, di- və trikarboksil turşuları da daxil olmaqla, mürəkkəb karboksil turşularının tam dəsti formalaşıb. Əldə olunmuş bəzi molekullar tərkibinə görə Ryuqu asteroidində tapılmış molekullarla üst-üstə düşür, bu isə qaz buludlarında Krebs dövranı molekullarının yaranması ehtimalını daha da gücləndirir. Əgər bu molekullar gənc ulduz sistemlərinə düşübsə, asteroidlər və ya kometalar vasitəsilə planetlərə yayıla bilərdilər. Ola bilsin, Yerə də məhz bu yolla gəliblər.
Mənbə: Universe Today
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çində 7 yaşlı uşağa dünyanın ən kiçik süni ürəyi implant edilib

Çində 7 yaşlı uşağa dünyanın ən kiçik süni ürəyi implant edilib
Çində hər il 40 000 uşaq ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilir, lakin donor çatışmazlığı səbəbindən onların yalnız 100-dən azı ürək köçürməsi ala bilir. İndi bir çoxu üçün yeni bir şans yaranır.
Mars və Sereranın araşdırılması üçün çoxplanetli missiya konsepsiyası təqdim edilib

Mars və Sereranın araşdırılması üçün çoxplanetli missiya konsepsiyası təqdim edilib
Bir qrup mühəndis Mars və Sereranın araşdırılmasını birləşdirən yeni çoxplanetli missiya konsepsiyasını təqdim edib. 2035-ci ilə planlaşdırılan missiya 6 astronavtı əhatə edir və qarşıya qoyulan məqsədlərə çatmaq üçün innovativ texnologiyaların istifadəsini nəzərdə tutur.
Tarixdə ilk dəfə tək şəkildə hərəkət edən Günəş kütləli qara dəlik kəşf edilib

Tarixdə ilk dəfə tək şəkildə hərəkət edən Günəş kütləli qara dəlik kəşf edilib
Astrofiziklərin hesablamalarına görə, bizim qalaktikamızda 1 milyarda qədər qara dəlik mövcud ola bilər və onların əksəriyyəti digər bir ulduzla və ya başqa bir qara dəliklə ikili sistemlər əmələ gətirir.
Super Yer tipli planetlərin sayı düşünüldüyündən daha çox imiş

Super Yer tipli planetlərin sayı düşünüldüyündən daha çox imiş
Astronomlar aşkar ediblər ki, ölçüsü təxminən Yer kürəsindən 2 dəfə böyük olan qaya tərkibli planetlər ulduzlarından əvvəl düşündüyümüzdən daha uzaqda mövcud ola bilirlər. Bu isə o deməkdir ki, Yer tipli planetlər kainatda əvvəlki ehtimallardan daha çox yayılıb.
Alimlər qaranlıq maddəyə sahib olmayan qalaktikanı kəşf ediblər

Alimlər qaranlıq maddəyə sahib olmayan qalaktikanı kəşf ediblər
Astronomlar tərkibində çox güman ki, qaranlıq maddə olmayan bir qalaktika aşkarlayıblar. Bu maddə kainatın əsas kütləsini təşkil edən, tutula bilməyən bir substansiyadır. Lakin bu qalaktikanın necə formalaşdığını alimlər hələlik izah edə bilmirlər, baxmayaraq ki, bəzi ehtimallar mövcuddur.
Həftənin xəbərləri

