Keçən il İsveçin paytaxtı Stockholm-da ilk dəfə olaraq, avtonom elektrikli qayıq kommersiya fəaliyyətinə başlamış və bölgədəki adalar arasında sərnişin daşımalarında istifadə olunmuşdu. İndi isə qayıq 600 km uzaqdan idarə olunaraq mühüm bir uğura imza atıb.
Bərə, Norveçli Brødrene Aa tərəfindən daşıma şirkəti Torghatten AS üçün inşa edilmiş və daha sonra MF Estelle adını almışdır. 12 metr uzunluğuna və 25 sərnişin daşıma gücünə malik olan elektrikli katamaran, 4 ədəd itələyici mühərrik və 188 kWh-lik batareya ilə təchiz edilmiş, saatda 6 dəniz mili (11 km/saat) xidmət sürətində gündə 15 saata qədər işləyə bilir.
Norveç Elm və Texnologiya Universitetindən çıxan Zeabuz adlı startapın inkişaf etdirdiyi texnologiya sayəsində qayıq, avtonom şəkildə fəaliyyət göstərə bilir. Qayıq, radarlardan, lidar, kameralar, ultrasəs sensorları, 5G texnologiyası və GPS-dən istifadə edərək ətrafını skan edir və suyun üzərində hərəkət edə bilir. Bununla yanaşı, süni intellektdən də istifadə olunub. İndiyə qədər sərnişin rahatlığını və təhlükəsizliyini təmin etmək və lazım gəldikdə idarəetməni ələ almaq üçün qayığın göyərtəsində bir ekipaj üzvü olurdusa, son testdə heç bir ekipaj olmadan da qayığın işləyə biləcəyi göstərilib.
Trondheim-dakı Uzaqdan İdarəetmə Mərkəzi qayığın idarəetmə sisteminin eynisini özündə ehtiva edir və qayığın ətrafında quraşdırılmış kameralardan alınan 360 dərəcəlik görüntüləri ekranlardan izləmək mümkündür. Kungsholmen adasından Stockholm-un Södermalm bölgəsinə doğru həyata keçirilən sınaq gedişində, Norveçdəki uzaqdan idarəetmə komandasına əlavə olaraq, lazım gəldikdə müdaxilə etmək üçün gəmi kabinində operatorlar da var idi. Lakin səyahət problemsiz keçib və sərnişinlər bu testin təsirli və maneəsiz olduğunu bildiriblər. Layihə qrupu, bu təcrübənin öz növündə ilk olduğunu və gələcəkdə avtonom dəniz donanması yaratmaq üçün mühüm bir addım atıldığını qeyd edib.