main-post-cover

    Kəşf edilmiş nəhəng kosmik struktur kainatda mövcud olmamalıdır

    Elm & Texnologiya
    02.05.2025
    Emil Nəcəfov
         Astronomlar bizdən 6.9 milyard işıq ili uzaqlıqda yerləşən, qalaktikalardan ibarət olan və forması halqanı xatırladan nəhəng bir obyekt kəşf ediblər. Bu halqanın diametri təxminən 1.3 milyard işıq ili təşkil edir. Bu obyektin mövcudluğu kainatın əsas inkişaf modelilə izah edilə bilmir və kosmosun necə formalaşıb, necə təkamül keçirdiyi ilə bağlı anlayışımızda ciddi suallar yaradır. Yeni kəşf olunmuş bu nəhəng struktur Böyük Halqa adlandırılıb. Onun mövcudluğu kainatın təkamülünü izah edən standart kosmoloji modelin yenidən nəzərdən keçirilməsinin zəruri olduğunu göstərir. Alimlərin sözlərinə görə, Böyük Halqa əslində mövcud olmamalıdır, çünki onun nəhəng ölçüsü kosmologiyanın əsas fərziyyələrindən biri olan kosmoloji prinsipə ziddir. Bu prinsipə görə, kainatdakı bütün materiya bərabər şəkildə paylanır, kainat bircins quruluşa malikdir və bütün istiqamətlərdə eyni görünür.
         Baxmayaraq ki, qalaktikalar və qalaktika topaları nəhəng materiya toplanmalarıdır, kosmoloji prinsipə əsasən onlardan daha böyük strukturlar formalaşmamalıdır. Qəbul olunmuş fikrə görə, qalaktikalardan ibarət olan ən böyük strukturların ölçüsü 1.2 milyard işıq ilini keçməməlidir. Lakin Böyük Halqanın diametri 1.3 milyard işıq ilidir. Qeyd edək ki, eyni tədqiqat qrupu 4 il əvvəl Nəhəng Yay adlanan başqa bir anormal dərəcədə böyük qalaktik strukturu da aşkar etmişdi ki, onun uzunluğu 3.3 milyard işıq ilinə çatır. Ən maraqlısı isə odur ki, aparılan araşdırmalara görə bu iki obyekt bir-birinə nisbətən yaxın məsafədə yerləşir. Xatırladaq ki, 1 işıq ili təxminən 9.5 trilyon kilometrə bərabərdir. Yer ilə Günəş arasındakı məsafə 150 milyon kilometrdir, qalaktikamız olan Süd Yolunun mərkəzinə qədər məsafə isə 26 000 işıq ilidir. Süd Yolu qalaktikasının ümumi ölçüsü 100 000 işıq ili olaraq qiymətləndirilir.
         Yerdən ən yaxın ulduza olan məsafə isə 4 işıq ilidir. Qeyd edək ki, işıq ili - işığın saniyədə 300 000 km sürətlə 1 il ərzində qət etdiyi məsafədir. Böyük Halqa və Nəhəng Yay astronomları ciddi şəkildə düşündürür, çünki onların necə yaranması hələ də izah oluna bilmir. Bu isə o deməkdir ki, kainatın təkamülü, ehtimal ki, standart kosmoloji modelin proqnozlaşdırdığı şəkildə tam baş verməyib. Hazırda Böyük Halqa, astronomların kainatın mövcud quruluşu ilə bağlı anlayışları çərçivəsində izah edə bilmədiyi yeddinci belə obyektdir. Tədqiqatın müəllifləri hesab edirlər ki, Böyük Halqa və Nəhəng Yay bir-biri ilə əlaqəli ola bilər və birlikdə daha da böyük bir quruluş təşkil edə bilərlər. Alternativ kosmoloji modellər də mövcuddur - onlar elmi icma tərəfindən geniş şəkildə qəbul olunmasa da, belə miqyasda strukturların mövcudluğunu izah etməyə çalışır. Bu modellərə görə, kainatın sonsuz genişlənmə dövrləri belə quruluşların yaranmasına səbəb ola bilər.
         Ehtimal edilir ki, Böyük Halqa ilkin kainatda yaranmış barion akustik dalğalanmalar nəticəsində formalaşıb. Bu dalğalanmalar qalaktikaların bir araya gələrək halqavari quruluş yaratmasına gətirib çıxarmış ola bilər. Hesab olunur ki, bu cür dalğalanmalar maksimum 1 milyard işıq ili ölçüsündə strukturlar formalaşdıra bilər, lakin Böyük Halqa bu həddi xeyli aşır. Astronomların dediklərinə görə, həm Böyük Halqa, həm də Nəhəng Yay kainatın fəza-zaman parçasında baş vermiş topoloji qüsur növü ola bilər - bu, kosmik strunlar kimi tanınır. Hələlik bu fenomenin mövcudluğunu sübut edən konkret sübutlar tapılmayıb. Kosmik strunlar kainatın tarixi boyunca ən erkən mərhələlərdə meydana gəlmiş fərziyyəvi çatlamalar sayılır və bu çatlamalar nəticəsində bu qədər böyük miqdarda materiyanın toplanması mümkün ola bilərdi. Digər tərəfdən, alimlərin fikrincə, həm Böyük Halqa, həm də Nəhəng Yay sadəcə təsadüfi yerləşmiş qalaktikaların birləşməsi də ola bilər, baxmayaraq ki, bu ehtimal olduqca az görünür.
    Mənbə: Science Alert
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ölüm anında beynin aktivliyi müşahidə edilib
    olum-aninda-beynin-aktivliyi-musahide-edilib
    Juno kosmik zondu Yupiter və onun peyki İo haqqında yeni məlumatlar əldə edib
    juno-kosmik-zondu-yupiter-ve-onun-peyki-io-haqqinda-yeni-melumatlar-elde-edib
    İspaniyada ikinci Çernobıl hadisəsinin qarşısı alınıb
    ispaniyada-ikinci-cernobil-hadisesinin-qarsisi-alinib
    560 işıq ili uzaqlığında potensial su dünyası kəşf edilib
    560-isiq-ili-uzaqliginda-potensial-su-dunyasi-kesf-edilib
    Alimlər ən qədim qalaktikanı tədqiq ediblər
    alimler-en-qedim-qalaktikani-tedqiq-edibler