
Yerdə ilk həyat kosmosdan gəlmiş molekul sayəsində formalaşmış ola bilər
Elm & Texnologiya
28.07.2025
Emil Nəcəfov
Tədqiqatçılar Yer üzərində həyatın ilkin olaraq kosmik materialdan formalaşdığına dair sübutlar aşkarlayıblar. Daha da maraqlısı odur ki, həyatın inşa bloklarının yaranması üçün bəlkə də planetlərə ehtiyac yoxdur. Maks Plank İnstitutunun komandası Orion bürcündə yerləşən bir protoulduzun yaxınlığında 10-dan çox növdə mürəkkəb üzvi molekullar aşkar etdiyini bəyan edib. Bu, həmin kimyəvi maddələrin ulduzların yaranmasına səbəb olan çətin və dəyişkən proseslərə tab gətirə bildiyini göstərir. Deməli, bu molekullar uyğun şəraitli bir planetin yaranmasını gözləmədən, kosmosda bol miqdarda mövcud ola bilər. Komandanın sözlərinə görə, həyatın inşa bloklarını təşkil edən molekulların kosmosda daha əvvəl düşündüyümüzdən qat-qat geniş yayılmış olması ehtimal olunur. Sistemdə aşkar edilmiş ən nəzərəçarpacaq iki üzvi molekul bunlardır:
- Etilenqlikol
- Qlikolonitril
Bu iki molekul həm DNT, həm də RNT-nin tərkibində olan nuklein turşularının ilkin maddələri hesab olunur. Tədqiqatın aparıcı müəllifi, Maks Plank İnstitutundan astronom Abubakar Fadul-un sözlərinə görə, bu yeni kəşf ulduzlararası buludlar və tam formalaşmış planet sistemləri arasında kimyəvi zənginləşmə və mürəkkəblik artımı ilə birbaşa əlaqəni göstərir. Sadə dillə desək, bu, həyatın ilkin elementlərinin kosmosda toplandığını və orada geniş yayıldığını göstərir. İndiyədək belə hesab olunurdu ki, üzvi molekulların əksəriyyəti soyuq şəkildə çökməkdə olan qaz buludundan - yəni ulduzlararası buluddan - ulduz sisteminin yaranması zamanı məhv olur. Bu proses zamanı protoulduz güclü dəyişikliklər keçirir, ətrafdakı qazı qızdıran dağıdıcı radiasiya saçır və ona güclü zərbə dalğaları ilə təsir göstərir. Nəticədə ulduzun ətrafında kiçik planetlərin yaranmasına səbəb ola biləcək protoplanet diski formalaşır.

Lakin əvvəlki elmi yanaşmalara görə, bu mərhələ kimyəvi inşa blokları ilə sistemin zənginləşdirilməsi prosesində əldə olunmuş bütün irəliləyişləri “sıfırlayırdı”. Alimlər həmçinin düşünürdülər ki, bu proses yalnız uyğun şəraitə malik planet meydana çıxandan sonra yenidən başlayır. İndi isə alimlər bunun əksinə olduğunu hesab edirlər. Tədqiqatın həmmüəllifi, Planetologiya və Yer Fizikası İnstitutunun astronomu Kamber Schwarz-ın sözlərinə görə, yeni araşdırmanın nəticələri göstərir ki, protoplanet diskləri mürəkkəb molekulları daha əvvəlki mərhələlərdən miras alır və bu molekulların formalaşması protoplanet disk mərhələsində də davam edə bilər. Qeyd edək ki, mürəkkəb üzvi molekulları aşkar etmək çətindir, çünki onlar adətən ilkin olaraq əmələ gəldikləri buzlu toz hissəcikləri kimi tanınan qalıqların içərisində yerləşirlər. Lakin V883 ulduzu olan sistemdə ulduz diskinin daxilində qalan qazla qidalanaraq hələ də kosmosa radiasiya partlayışları göndərməkdə davam edir.

Radiasiya partlayışları o qədər güclüdür ki, diskin temperaturunu buzlu mühitlərin səviyyəsinə qədər artırır və bunun nəticəsində alimlər tərəfindən aşkar edilmiş kimyəvi maddələr azad olunur. Bu qazlar sərbəst buraxılır, sürətlə qızır və astronomların müşahidə edə biləcəkləri radiasiya əmələ gətirir. Məhz bu radiasiyanı alimlər təsadüfən Çilidə yerləşən nəhəng radio teleskop - Atakama Böyük Millimetr/Submillimetr Anten Şəbəkəsi (ALMA) vasitəsilə aşkar ediblər. Nəticə olaraq, alimlər hesab edirlər ki, gənc ulduzun dağıdıcı fəaliyyətləri çox güman ki, həyatın toxumlarını kosmosda gələcək səyahətlər üçün azad edir. Əgər həyatın inşa bloklarının ilkin maddələri ulduz sisteminin formalaşma prosesindən sağ çıxa bilirsə, o zaman onların kimyəvi təkamülü əslində planetlərin formalaşmasından əvvəl başlaya bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İlk dəfə "heç nədən" superkütləli qara dəliyin yaranması müşahidə edilib

İlk dəfə "heç nədən" superkütləli qara dəliyin yaranması müşahidə edilib
Superkütləli qara dəliklər kainatın ən maraqlı sirlərindən biri hesab olunur. Kütləsi milyonlarla, bəzən isə 10 milyardlarla Günəş kütləsinə bərabər olan bu nəhəng obyektlər demək olar ki, hər bir qalaktikanın mərkəzində yerləşir.
Günəş sistemindəki 3-cü ulduzlararası obyekt özündə ən qədim suyu birləşdirə bilər

Günəş sistemindəki 3-cü ulduzlararası obyekt özündə ən qədim suyu birləşdirə bilər
Alimlər hesab edirlər ki, ulduzlararası 3I/ATLAS kometası astronomların indiyədək müşahidə etdikləri ən qədim su mənbələrindən biri ola bilər. Yerüstü teleskoplar vasitəsilə aparılmış yeni müşahidələr nəticəsində, astronomlar Günəş sistemində aşkarlanmış 3I/ATLAS ulduzlararası kometasını tədqiq ediblər.
35 işıq ili uzaqlığında Yerə bənzər potensial ekzoplanet kəşf edilib

35 işıq ili uzaqlığında Yerə bənzər potensial ekzoplanet kəşf edilib
Bir neçə ölkədən olan astronomların, xüsusilə kanadalı alimlərin rəhbərlik etdikləri bir qrup, L 98-59 ulduz sistemində yerləşən beşinci planetin real mövcudluğu ilə bağlı fərziyyəni təsdiqləyib.
Yaxın məsafədə Yer ölçüsündə yeni planet kəşf edilib

Yaxın məsafədə Yer ölçüsündə yeni planet kəşf edilib
Bizdən 117 işıq ili uzaqlıqda yeni qayalı planet aşkar edilib. Onun ölçüsü Yerin ölçüsündən bir qədər böyükdür, lakin orada bizim tanıdığımız formada həyatın olması mümkünsüzdür.
Kəşf edilmiş yeni qalaktika Böyük partlayış nəzəriyyəsini təsdiqləyir

Kəşf edilmiş yeni qalaktika Böyük partlayış nəzəriyyəsini təsdiqləyir
Alimlər demək olar ki, tərkibində ağır kimyəvi elementlər olmayan bir qalaktika kəşf ediblər. Bu qalaktika, Böyük partlayış nəzəriyyəsinin təsdiqində itkin olan bir həlqə kimi çıxış edir. James Webb kosmik teleskopu vasitəsilə astronomlar erkən kainat haqqında uzun müddətdir mövcud olan fərziyyələri təsdiqləyə biləcək inqilabi bir kəşf ediblər.
Həftənin xəbərləri

