main-post-cover

    Süni zəka Braziliyada istedadlı futbolçuların axtarışı üçün istifadə edilir

    Süni İntellekt
    15.05.2025
    Emil Nəcəfov
         Braziliyada gənc istedadlı futbolçular, özlərini tanıtmaq üçün Footbao Cuju tətbiqlərindən istifadə edə bilirlər. Bu tətbiqlərdə onların bacarıqları süni zəka alqoritmi tərəfindən qiymətləndirilir. Artıq smartfon vasitəsilə video çəkmək və internetə yükləmək imkanı, gənc idmançıları agentlərlə şəxsən görüşmək və ya məşqlərə getmək zərurətindən azad edib. Futbolun əsas ölkəsi sayılan Braziliya isə bu prosesi daha da irəli apararaq tam avtomatlaşdırmağa qərar verib. Smartfonla çəkilmiş videolardakı məlumatların süni zəka analizi perspektivli gənc futbolçuların axtarışını yeni səviyyəyə qaldıra bilər. Ənənəvi olaraq, bu sahədə çoxsaylı maneələr var: Braziliyanın nəhəng ərazisi və ağır sosial bərabərsizlik öz təsirini göstərir. Lakin texnoloji innovasiyalar bu baryerləri aradan qaldıra biləcək gücə malikdir. Bunun parlaq nümunələrindən biri Footbao adlı startapdır.
         Bu layihə 2023-cü ildə Braziliyanı sınaq platforması kimi seçib. Servis, bir növ TikTok-un analoqudur. Burada gənc idmançılar öz bacarıq və imkanlarını nümayiş etdirən videolarla onlayn portfoliolar yaradırlar. Tətbiqdə artıq 100 000-dən çox istifadəçi qeydiyyatdan keçib, onların böyük əksəriyyəti Braziliyadandır. Platformada çalışan süni zəka, futbol klublarının tələblərinə uyğun futbolçu profillərini seçən analitiklər üçün ilkin filtr rolunu oynayır. Nəticədə, komandalar öz ehtiyaclarına ən uyğun gələn idmançıları daha asanlıqla tapırlar. Yaxın vaxtlarda Footbao istifadəçisi olan 5 braziliyalı yeniyetmə, İtaliyanın ali divizion komandalarından biri ilə 2 həftəlik təlimə göndərilib. Onlar 20 nəfərlik seçmə siyahıdan, həmin 20 nəfər isə 2000 ilkin namizəd arasından seçilib. Startapı italyan sahibkar Francesco Ciringione və İsveçrənin Julius Baer adlı özəl bankının keçmiş baş direktoru Boris Collardi təsis ediblər.
         Şirkət ilkin mərhələdə 5.8 milyon avro investisiya cəlb edib, o cümlədən başlanğıc investisiyalar daxil olmaqla. Bu il isə əlavə olaraq 5 milyon avro investisiya yatırılıb. Layihə artıq premium xidmətlər vasitəsilə gəlir gətirməyə başlayıb. Daha bir perspektivli layihə olan Cuju Almaniyanın Rogon idman agentliyinin texniki bölməsi tərəfindən hazırlanıb. Tətbiqin ilk versiyası süni zəkasız olaraq təxminən 10 il əvvəl Afrikada fəaliyyətə başlayıb. Onun yenilənmiş versiyası isə ötən il Braziliyada istifadəyə verilib və məqsədi futbolda inklüzivliyi demokratikləşdirməkdir. Tətbiq istifadəçiləri öz bacarıqlarını nümayiş etdirmək və xal qazanmaq üçün bir sıra tapşırıqları yerinə yetirirlər. Videolar platformaya yükləndikdən sonra süni zəka oyunçuları dünyanın müxtəlif yerlərindəki oyunçularla müqayisə edir və inkişaf üçün fərdi təkliflər verir. Qeyri-rəsmi məlumata görə, layihənin işə salınması 5 milyon avroya başa gəlib.
         Hazırda Cuju-nun Braziliyada 50 000 istifadəçisi var, onların əksəriyyəti Santa-Katarina ştatında yerləşir. Bu bölgədə platforma turnirlər təşkil edir. Hər iki təşəbbüsün daha bir məqsədi qadınlarda futbol bacarıqlarının inkişafını stimullaşdırmaqdır, çünki qadınlara ənənəvi olaraq kişilərlə müqayisədə daha az imkanlar təqdim olunur. Hazırda Footbao istifadəçiləri arasında qızların payı təxminən 1/5  təşkil edir, lakin platforma 2027-ci ilə qədər bu göstəricini yarıbayarı artırmağı hədəfləyir. Həmin il Braziliya qadınlar arasında futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşır. Bununla belə, süni zəka bütün problemləri hələlik həll edə bilmir. Ekspertlər bildirirlər ki, o, bəzi proqnozlaşdırıla bilinməyən amilləri nəzərə almaq qabiliyyətində deyil. Eyni zamanda Braziliyada narahatlıqlar da səslənir. Belə demokratikləşmə prosesi ölkə üçün zərərli ola bilər, çünki istedadlı oyunçuların xaricə axınına təkan verə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Musiqi tərtib edə bilən Stable Audio Open Small adlı süni zəka modeli təqdim edilib
    musiqi-tertib-ede-bilen-stable-audio-open-small-adli-suni-zeka-modeli-teqdim-edilib
    Google alqoritmləri yarada və optimizasiya edə bilən AlphaEvolve süni zəka sistemini təqdim edib
    google-alqoritmleri-yarada-ve-optimizasiya-ede-bilen-alphaevolve-suni-zeka-sistemini-teqdim-edib
    Apple 3 foto əsasında 3D obyektlər yaradan süni zəka alqoritmi hazırlayıb
    apple-3-foto-esasinda-3d-obyektler-yaradan-suni-zeka-alqoritmi-hazirlayib
    Süni zəka qan analizi sayəsində 15 növ xərçəngi təyin edə bilir
    suni-zeka-qan-analizi-sayesinde-15-nov-xercengi-teyin-ede-bilir
    Yaxın zamanda məntiq yürüdə bilən süni zəkanın inkişafında geriləmə ola bilər
    yaxin-zamanda-mentiq-yurude-bilen-suni-zekanin-inkisafinda-gerileme-ola-biler