
Süni zəka ilkin səviyyəli vəzifələrin yarısını aradan qaldıracaq
Süni İntellekt
02.06.2025
Emil Nəcəfov
Süni zəka yaxın 5 ildə ilkin ofis vakansiyalarının 50%-ə qədərinin yox olmasına səbəb ola bilər. Bu barədə Anthropic şirkətinin rəhbəri Dario Amodei xəbərdarlıq edib. O, Axios-a verdiyi müsahibədə bildirib ki, işsizlik səviyyəsi 10-20%-ə qədər arta bilər, lakin həm şirkətlər, həm də hökumətlər qarşıdakı dəyişikliklərin miqyasını hələ də yetərincə dəyərləndirmirlər. Onun sözlərini aparılan araşdırmaların nəticələri də təsdiqləyir. Süni zəka artıq əvvəllər universitet məzunları, təcrübəçilər və aşağı vəzifəli mütəxəssislər tərəfindən yerinə yetirilən vəzifələrin öhdəsindən gəlir. Bu da ilkin iş yerlərinə olan tələbatın azalmasının əsas səbəblərindən biridir. Amodei vurğulayıb ki, böyük dil modelləri sürətlə inkişaf edir və artıq insanla müqayisə edilə bilər, bəzi hallarda isə onu üstələyir.

Onun sözlərinə görə, ABŞ hökuməti bu məsələ ilə bağlı hələlik açıq mövqe bildirməyib. Bəlkə də əhali arasında panikanın qarşısını almaq və ya süni zəkanın inkişafında Çindən geri qalmaq qorxusu səbəbindən. Şirkət rəhbərləri süni zəka sayəsində artıq iqtisadi qənaəti müşahidə edirlər, halbuki əməkdaşların əksəriyyəti baş verən dəyişiklikləri hələ də hiss etmir. Anthropic şirkətinin rəhbəri əlavə edib ki, süni zəka sahəsində fəaliyyət göstərən şirkətlər və hökumət artıq iş yerlərinin kütləvi şəkildə itirilməsi riskini yumşaltmağa çalışmaqdan əl çəkməlidirlər. Xüsusilə də texnologiya, maliyyə, hüquq və konsaltinq kimi sahələrdə. Onun fikrincə, ən böyük təhdid altında olanlar məhz ilkin (başlanğıc səviyyəli) vəzifələrdir.

SignalFire adlı vençur şirkətinin məlumatına görə, böyük İT şirkətləri tərəfindən yeni məzunların işə qəbulu pandemiyadan əvvəlki dövrlə müqayisədə 50% azalıb. Bu azalma isə qismən süni zəkanın tətbiqi ilə izah olunur. 2023-cü ildə texnologiya sektorunda baş verən kütləvi ixtisarlardan sonra, 2024-cü ildə orta və yüksək səviyyəli mütəxəssislərin işə qəbulunda artım müşahidə olunur. Lakin yeni başlayan əməkdaşlar üçün vakansiyaların sayı hələ də əvvəlki səviyyəyə qayıtmayıb. Nəticədə, böyük İT şirkətlərində işə qəbul olunanlar arasında iş təcrübəsi olmayan namizədlərin payı azalıb. Təşkilatlar görünür ki, daha təcrübəli peşəkarları işə götürməyə üstünlük verirlər və bəzən başlanğıc vəzifələri belə çoxillik təcrübəyə malik şəxslərlə doldururlar.

Rekruterlərin sözlərinə görə, süni zəka artıq əvvəllər təcrübəçilər və yeni məzunlar tərəfindən yerinə yetirilən işləri öz üzərinə götürür. Yeni başlayan mütəxəssislər üçün imkanların azalması təkcə süni zəkanın inkişafı ilə bağlı deyil. Hesabata əsasən, Z nəslinə qarşı mənfi yanaşma və ümumilikdə İT sənayesindəki büdcə ixtisarları da şirkətlərin məzunları işə götürmək istəməməsinə təsir göstərir. Süni zəka aşağı ixtisas tələb edən tapşırıqları öz üzərinə götürür və bu da universitetlərdən, təhsil proqramlarından və namizədlərin özlərindən daha sürətli şəkildə ixtisasartırma tələb edir. Uyğunlaşmaq üçün yeni başlayanlara tövsiyə olunur ki, süni zəkanı köməkçi kimi qəbul etsinlər və şəxsi bacarıqlarını inkişaf etdirsinlər.

Anthropic şirkətinin rəhbəri daha əvvəl də süni zəkanın yaratdığı risklər barədə danışıb. Məsələn, o, bu ilin fevral ayında bildirmişdi ki, sui-istifadə hallarında süni zəka milyonlarla insanın həyatını təhlükə altına qoya bilər. Onun fikrincə, bu cür risklər artıq 2025 və ya 2026-cı ildə yarana bilər. Anthropic şirkəti öz texnologiyalarının təhlükəsizliyinin müstəqil şəkildə yoxlanılmasını vacib hesab edir və daxili testlər zamanı aşkar etdiyi risklər barədə mütəmadi olaraq məlumat verir. Axios ilə söhbətində Amodei vəziyyətin ironiyasına diqqət çəkib. O, süni zəkanın riskləri barədə xəbərdarlıq edir, amma eyni zamanda onun şirkəti məhz bu texnologiyaları yaradır və satır. Buna baxmayaraq, o hesab edir ki, süni zəkanın inkişafı ilə birbaşa məşğul olanlar bu sahənin hansı istiqamətə getdiyi barədə açıq şəkildə danışmağa borcludurlar.
Mənbə: Business Insider
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka enerji sərfiyyatına görə bitcoin mayninqini geridə qoyacaq

Süni zəka enerji sərfiyyatına görə bitcoin mayninqini geridə qoyacaq
2025-ci ilin sonuna qədər süni zəka ilə bağlı resursların enerji istehlakı üzrə bitcoin mayninqini geridə qoya biləcəyi ehtimal olunur. Bu nəticəyə Amsterdam Azad Universitetinin Ekoloji Tədqiqatlar İnstitutunun aspirantı Alex de Vries-Gao öz araşdırması əsasında gəlib.
DeepSeek yenilənmiş R1 süni zəka modelində senzuranı sərtləşdirib

DeepSeek yenilənmiş R1 süni zəka modelində senzuranı sərtləşdirib
Çinin DeepSeek şirkəti tərəfindən hazırlanmış R1-0528 modelinin yeni versiyası proqramlaşdırma, riyaziyyat və ümumi biliklər sahəsində yüksək nəticələr göstərib və OpenAI-nin flaqman modeli GPT-4o ilə demək olar ki, bərabərləşib.
DeepSeek R1-in distillə üsulu ilə yaradılmış daha kiçik versiyası təqdim edilib

DeepSeek R1-in distillə üsulu ilə yaradılmış daha kiçik versiyası təqdim edilib
Çin startapı DeepSeek, 685 milyard parametrə əsaslanan məntiq yürütmə qabiliyyətinə malik təkmilləşdirilmiş R1 modelinin yenilənmiş versiyasına əlavə olaraq, distillə üsulu ilə yaradılmış daha kiçik bir versiyanı - DeepSeek-R1-0528-Qwen3-8B modelini də təqdim edib.
DeepSeek R1 süni zəka modelinin yenilənmiş versiyasını təqdim edib

DeepSeek R1 süni zəka modelinin yenilənmiş versiyasını təqdim edib
Çinin DeepSeek şirkəti R1 adlı süni zəka modelinin yenilənmiş versiyasını təqdim edib və onu MIT açıq lisenziyası altında Hugging Face platformasında yerləşdirib.
Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib

Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
Son günlərdə, 5 ölkədə böyük filiallara sahib olan Londonun Builder.ai şirkəti iflasdan qorunmaq üçün məhkəməyə müraciət etdiyini elan edib. Startap təxminən 10 il əvvəl tətbiqlərin yaradılmasına yanaşmadakı innovativ metodu ilə tanınmağa başlamışdı.
Həftənin xəbərləri

