main-post-cover

    31 işıq ili uzaqlığındakı qalaktikada uzunluğu 20 000 işıq ili olan inversiya izi aşkar edilib

    Elm & Texnologiya
    09.10.2025
    Emil Nəcəfov
         Astronomlar NGC 3627 qalaktikasında çox uzun, lakin eyni zamanda olduqca dar bir inversiya izi aşkar ediblər. Alimlərin fikrincə, bu izi həmin qalaktikanın içindən sürətlə keçmiş nəhəng bir qara dəlik buraxmış ola bilər. Astronomlar James Webb kosmik teleskopu və yerüstü ALMA radioteleskopunun köməyi ilə bizdən 31 milyon işıq ili uzaqlıqda yerləşən spiral formalı NGC 3627 qalaktikasında qaz və tozdan ibarət nəhəng bir inversiya izi müşahidə ediblər. Bu axının uzunluğu təxminən 20 000 işıq ili, eni isə cəmi 650 işıq ilidir. Alimlər hesab edirlər ki, bu iz qalaktikanın içindən keçmiş böyük bir qara dəlik tərəfindən buraxıla bilər, baxmayaraq ki, bu effekti başqa bir obyektin də yaratması mümkündür. Astronomlar daha əvvəl də Süd Yolu qalaktikasında oxşar inversiya izləri müşahidə etmişdilər. Lakin NGC 3627 spiral qalaktikasında aşkar edilmiş bu qaz və toz axını indiyə qədər qeydə alınanların ən aydın və ən iri ölçülü olanıdır.
         Tədqiqat nəticəsində müəyyən edilib ki, bu inversiya izinin uzunluğu təxminən 20 000 işıq ilidir - bu, Süd Yolunun ölçüsündən 5 dəfə kiçikdir. Eyni zamanda, bu axın olduqca dardır, çünki onun eni cəmi 650 işıq ilinə bərabərdir. Xatırladaq ki, 1 işıq ili təxminən 9.6 trilyon kilometrə bərabərdir. Bu kəşf NGC 3627 qalaktikasının strukturuna və təkamülünə qazın və ulduz əmələ gəlməsinin təsirini araşdıran tədqiqat çərçivəsində əldə edilib. Astronomlar müəyyən ediblər ki, bu qalaktikadakı inversiya izi çoxlu miqdarda toz və böyük həcmdə dəm qazı - yəni karbon monoksid ilə doludur. İnversiya izi qalaktikanın iki spiral qolu arasındakı qaz və tozdan fərqli tərkibə malik qaz-toz axınından ibarət düzxətli bir quruluşdur. Astronomların fikrincə, bu izi çox güman ki, kütləli və sıx bir obyekt - bəlkə də qara dəlik - yaradıb. Bu obyekt qalaktikanın diskindən keçərək ulduzlararası qazı itələyib və nəticədə həmin inversiya izi yaranıb. Bu qaz-toz axınında müşahidə olunan güclü turbulentlik də alimlərin ehtimallarını təsdiqləyir.
         Astronomların qaz-toz axınının xüsusiyyətlərinə əsaslanan hesablamaları göstərir ki, bu izi yaratmış obyektin kütləsi Günəşin kütləsindən təxminən 10 milyon dəfə çoxdur. Obyekt qalaktikanın içindən təxminən saniyədə 300 kilometr sürətlə keçib. Alimlər həmçinin müəyyən ediblər ki, bu sıx obyekt qalaktikada təxminən 20 milyon il əvvəl görünən bir iz buraxıb. Kosmik miqyas baxımından bu hadisə nisbətən yaxın dövrə aiddir, xüsusilə nəzərə alsaq ki, Süd Yolu qalaktikasının yaşı artıq 13 milyard ildir. Astronomlar ehtimal edirlər ki, bu sıx obyekt nəhəng bir qara dəlik ola bilər, lakin bunun sıx bir cırtdan qalaktika nüvəsi olması da mümkündür. Hazırda alimlər bu iki variantdan hansının doğru olduğunu müəyyənləşdirə bilmirlər. İndi astronomlar oxşar qaz-toz axınlarını digər qalaktikalarda axtarmağı və NGC 3627 qalaktikasında aşkar edilmiş bu axını daha dərindən öyrənməyi planlaşdırırlar. Onlar ümid edirlər ki, gələcək tədqiqatlar belə inversiya izlərinin dəqiq olaraq hansı mexanizmlə yarandıqlarını üzə çıxaracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Günəş sistemindəki üçüncü ulduzlararası obyektdən saniyədə 40 kq su ayrılır
    gunes-sistemindeki-ucuncu-ulduzlararasi-obyektden-saniyede-40-kq-su-ayrilir
    Ürəyin təbii bərpası preparatının ilk klinik testlərinə start verilib
    ureyin-tebii-berpasi-preparatinin-ilk-klinik-testlerine-start-verilib
    Bu il kimya üzrə Nobel mükafatı metal-orqanik karkas strukturlarının yaradıcılarına verilib
    bu-il-kimya-uzre-nobel-mukafati-metal-orqanik-karkas-strukturlarinin-yaradicilarina-verilib
    Asteroid Yer kürəsinin yanından 426 km məsafədə keçib
    asteroid-yer-kuresinin-yanindan-426-km-mesafede-kecib
    Üçüncü ulduzlararası obyekt əvvəl düşünüldüyündən daha qəribə imiş
    ucuncu-ulduzlararasi-obyekt-evvel-dusunulduyunden-daha-qeribe-imis