
Üçüncü ulduzlararası obyekt əvvəl düşünüldüyündən daha qəribə imiş
Elm & Texnologiya
08.10.2025
Emil Nəcəfov
Alimlər başqa bir ulduz sistemindən gəlmiş üçüncü məlum “kosmik qonağı” müşahidə ediblər ki, onun izaholunmaz xüsusiyyətlərinin olub-olmadığını müəyyən etsinlər. 3I/ATLAS adlı ulduzlararası kometa Günəş sistemi boyunca hərəkət etdikcə daim dəyişir. Bu, təəccüblü deyil, çünki o, bəlkə də milyonlarla, hətta milyardlarla ildən sonra ilk dəfə bir ulduza - bu halda Günəşə - bu qədər yaxınlaşıb. Günəşin istiliyi kometanı qızdırır və nəticədə onun komа adlanan qaz örtüyü genişlənir. Komа kometanın buz nüvəsinin səthindən maddələrin buxarlanması nəticəsində yaranır. Alimlər 3I/ATLAS ulduzlararası kometasındakı dəyişiklikləri tədqiq ediblər ki, müasir kometa elmi baxımından izaholunmayan hər hansı xüsusiyyətin olub-olmadığını müəyyən etsinlər. arXiv preprint serverində dərc edilmiş bu tədqiqat həmçinin 3I/ATLAS-ı əvvəlki ulduzlararası kometa ilə və Günəş sistemindəki kometalarla müqayisə etməyə yönəlib ki, fərqli cəhətləri müəyyən edilsin.

Astronomlar ulduzlararası 3I/ATLAS kometasını VLT yerüstü teleskopu vasitəsilə avqust və sentyabr aylarında - onun Günəş sistemində kəşf edilməsindən qısa müddət sonra - müşahidə ediblər. O zaman kometa Günəşdən təxminən 500 milyon kilometrdən 300 milyon kilometrədək məsafədə yerləşirdi. Bu müddət ərzində o, tədricən qızırdı və onun koması (qaz örtüyü) böyüyürdü. Alimlərin sözlərinə görə, onlar 3I/ATLAS kometasının komasında nikel və dəmirin nisbətindəki dəyişiklikləri öyrəniblər. Bu nisbət daha əvvəl həm Günəş sistemindəki kometalarda, həm də ondan əvvəlki son ulduzlararası obyekt olan 2I/Borisov kometasında ölçülmüşdü. Qeyd edilməlidir ki, kometaların komasında dəmir və nikelin mövcudluğu alimləri çaşdırıb. Bunun səbəbi kometa səthindəki temperaturun adətən silikatların və ya sulfidlərin sublimasiyası (yəni bərk haldan birbaşa qaz halına keçməsi) üçün kifayət qədər yüksək olmamasıdır.

Bu maddələr, ehtimal ki, həmin metalları kometaların səthində saxlayan birləşmələrdir. 2I/Borisov kometasında dəmir və nikelin nisbəti Günəş sistemindəki kometalardakı bu metalların nisbətinə bənzər olub. Lakin bu göstərici Günəşdəki nisbətdən on dəfə yüksək idi. Bu fakt göstərir ki, həm ulduzlararası, həm də yerli kometalarda eyni yüksək dəmir-nikel nisbətinin mövcudluğu onların ulduzun kimyəvi tərkibindən asılı olmayan ümumi formalaşma prosesinə işarə edir. Tədqiqat nəticəsində müəyyən olunub ki, 3I/ATLAS kometası həm əvvəlki ulduzlararası kometadan, həm də Günəş sistemindəki kometalardan fərqlənir. Əvvəlcə alimlər kometanın komasında yalnız nikel aşkar ediblər, lakin o, Günəşə yaxınlaşdıqca və qızdıqca, komada dəmir də müəyyən olunub. Bu kometadakı nikel və dəmir nisbəti əvvəl tədqiq edilmiş kometalardakından daha yüksək olub və 3I/ATLAS Günəşə yaxınlaşdıqca bu nisbət kəskin şəkildə dəyişib.

Belə hal alimlər üçün ilk dəfə müşahidə edilib. Alimlər daha əvvəl belə bir nəzəriyyə irəli sürmüşdülər ki, kometaların tərkibindəki dəmir və nikel karbonil qrupları ilə birləşərək uçucu metalloorqanik birləşmələr əmələ gətirir. Alimlərin fikrincə, 3I/ATLAS kometası halında nikel nikel tetrakarbonil - Ni(CO)4, dəmir isə dəmir pentakarbonil - Fe(CO)5 şəklində bağlanır. Bu iki metalloorqanik birləşmənin sublimasiya temperaturu kifayət qədər aşağıdır, bu isə onların Günəşdən uzaqda belə buxarlana bilməsinə imkan yaradır. Nikel tetrakarbonilin ərimə temperaturu dəmir pentakarbonilindən daha aşağıdır. Bu, müşahidələrin ilkin mərhələsində dəmir siqnallarının qeydə alınmamasını, lakin kometa Günəşə yaxınlaşdıqdan sonra onların görünməsini izah edir.
Səyahət zamanı temperatur yəqin ki, dəmir pentakarbonilinin sublimasiyaya başladığı həddi keçib, bu isə nikel və dəmir nisbətinin kəskin azalmasına səbəb olub. Alimlər həmçinin müəyyən ediblər ki, kometanın komasında yaranan nikelin miqdarı nikel tetrakarbonilinin nəzəri sublimasiya sürətinə tam uyğundur. Astronomlar əlavə olaraq aşkar ediblər ki, 3I/ATLAS kometası çox az miqdarda ikiatomlu karbon (C2) ehtiva edir. Bu, kometanın milyardlarla il ərzində ilkin vəziyyətini qoruyub saxlamış ola biləcəyini göstərir. Bununla yanaşı, ehtimal edilir ki, kometa öz ulduzunun ətrafındakı protoplanetar diskin fərqli bir hissəsində, daha geniş yayılmış kometa növlərindən fərqli olaraq, formalaşıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nanohissəciklər 3 seansa siçanlarda Altsheymer xəstəliyini dayandırıblar

Nanohissəciklər 3 seansa siçanlarda Altsheymer xəstəliyini dayandırıblar
İspaniya və Çin alimləri neyrodegenerasiyanın müalicəsi üçün yeni bir strategiya təqdim ediblər. Bu yanaşma neyronlara birbaşa təsir göstərmək əvəzinə, damar funksiyalarının bərpasına yönəlib.
Bu il fizika üzrə Nobel mükafatı kvant effektlərinin makroskopik sistemlərdə də müşahidəsini kəşf etmiş alimlərə verilib

Bu il fizika üzrə Nobel mükafatı kvant effektlərinin makroskopik sistemlərdə də müşahidəsini kəşf etmiş alimlərə verilib
Amerikalı fiziklər John Clarke, Michel Devoret və John Martinis 2025-ci il fizika üzrə Nobel mükafatına layiq görülüblər. Onlar kvant effektlərinin yalnız hissəciklərin mikrodünyasında deyil, həm də əllə tutula biləcək qədər böyük sistemlərdə də müşahidə oluna biləcəyini təcrübi şəkildə sübut ediblər.
Bu il tibb üzrə Nobel mükafatı orqanizmi autoimmun xəstəliklərdən qoruyan hüceyrələri kəşf etmiş alimlərə verilib

Bu il tibb üzrə Nobel mükafatı orqanizmi autoimmun xəstəliklərdən qoruyan hüceyrələri kəşf etmiş alimlərə verilib
Mükafatı Mary Brunkow, Fred Ramsdell və Shimon Sakaguchi adlı alimlər aldılar. Onlar orqanizmi autoimmun xəstəliklərdən qoruyan hüceyrələri kəşf ediblər.
Çinlilər mikrobları CO2 qazını faydalı məhsullara çevirə bilən səviyyəyə qədər təkmilləşdiriblər

Çinlilər mikrobları CO2 qazını faydalı məhsullara çevirə bilən səviyyəyə qədər təkmilləşdiriblər
Dəniz və okean sularında atmosferə nisbətən 150 dəfə çox CO2 qazı həll olunub. Bu, təkcə iqlim dəyişikliyinə deyil, həm də okean sularının həddindən artıq turşulaşması nəticəsində biomüxtəlifliyin məhvinə səbəb olur.
İlk dəfə insana universal qan qrupuna sahib böyrək transplantasiya edilib

İlk dəfə insana universal qan qrupuna sahib böyrək transplantasiya edilib
Texnologiyanın müəllifləri əmindirlər ki, onların yanaşması orqan donorluğu çatışmazlığı problemini həll etməyə və pasiyentlərin yaşama şansını artırmağa kömək edəcək, çünki artıq donor orqanının qan qrupu əhəmiyyət daşımayacaq.
Həftənin xəbərləri

