main-post-cover

    Günəş sistemindəki üçüncü ulduzlararası obyektdən saniyədə 40 kq su ayrılır

    Elm & Texnologiya
    09.10.2025
    Emil Nəcəfov
         Alimlər müəyyən ediblər ki, Günəş sistemində aşkar edilmiş ən böyük ulduzlararası obyekt qeyri-adi xüsusiyyətlərə malikdir. Astronomların artıq bir neçə aydır müşahidə etdiyi ulduzlararası 3I/ATLAS kometası davranışı ilə elm adamlarını təəccübləndirir. Astronomlar Swift kosmik teleskopunun köməyi ilə kometadan çıxan suyun kimyəvi izini - qaz halında olan hidroksil (OH) birləşməsini aşkarlayıblar. 3I/ATLAS Günəş sistemində indiyədək aşkar edilmiş üçüncü ulduzlararası obyektdir - 1I/Oumuamua 2I/Borisov-dan sonra. Tədqiqatçılar hesab edirlər ki, 7-10 milyard il yaşı olan bu ulduzlararası kometa indiyədək müşahidə olunmuş ən qədim kometadır. Bundan əlavə, 3I/ATLAS 3 məlum ulduzlararası obyekt arasında ən böyüyüdür - onun diametri təxminən 5 kilometr olaraq qiymətləndirilir.
         Swift kosmik teleskopu, oktyabrın sonunda Günəşə ən yaxın məsafəyə yaxınlaşacaq bu kometanı müşahidə edərkən, 3I/ATLAS-dan çıxan qaz halındakı OH birləşməsinin zəif ultrabənövşəyi işıqlanmasını qeydə alıb. Astronomlar ilk dəfə 3I/ATLAS kometasında suyu uğurla aşkar etdikdən sonra, onu Günəş sistemindəki digər kometaların öyrənilməsində istifadə olunan eyni miqyasda qiymətləndirməyə başlaya biləcəklər. Bu, alimlərə 3I/ATLAS-ı tanınmış kometalarla müqayisə etməyə və beləliklə, onun kimyəvi tərkibinin xüsusiyyətlərini daha yaxşı anlamağa imkan verəcək. Astronomların sözlərinə görə, 3I/ATLAS-dakı su aktivliyi təəccüblü dərəcədə Günəşdən uzaqda baş verib. Kosmik teleskop kometadan suyun çıxışını müşahidə edib, o zaman ulduzlararası obyekt Günəşdən təxminən 450 milyon kilometr məsafədə - yəni Yerdən 3 dəfə daha uzaqda yerləşirdi.
         Bu məsafə su buzunun asanlıqla sublimasiya (bərk haldan birbaşa qaz halına keçmə) prosesinə məruz qala biləcəyi məsafədən xeyli çoxdur. Astronomlar suyun çıxış sürətini ölçüblər və bu göstərici təxminən saniyədə 40 kiloqram təşkil edir. Alimlərin sözlərinə görə, ulduzlararası kometada suyun, hətta onun zəif izlərinin belə aşkar edilməsi başqa bir planet sistemində mövcud olan şərait barədə anlayış yaradır. Bu isə o deməkdir ki, həyat üçün zəruri olan kimyəvi komponentlər təkcə bizim planet sistemimizə xas deyil. Tədqiqatçılar Günəşdən bu qədər uzaqda baş verən sublimasiya prosesini izah edən bir fərziyyə irəli sürüblər.
         Onların fikrincə, Günəş işığı kometanın nüvəsindən ayrılan mikroskopik buz hissəciklərini qızdıraraq onların buxarlanmasına və ultrabənövşəyi şüalanma yaymasına səbəb ola bilərdi. Alimlərin sözlərinə görə, hər bir ulduzlararası obyekt müəyyən mənada sürpriz olub, lakin 3I/ATLAS onları daha da çox təəccübləndirib. 1I/Oumuamua qeyri-adi formalı obyekt idi, 2I/Borisov tərkibində çoxlu miqdarda dəm qazı daşıyırdı, 3I/ATLAS isə elə bir məsafədə su buraxır ki, alimlər bunu gözləmirdilər. Noyabrın ortalarına qədər ulduzlararası 3I/ATLAS kometasını müşahidə etmək mümkün olmayacaq, lakin bundan sonra alimlər onun tədqiqinə yenidən davam edəcəklər. Güman edilir ki, artıq 2026-cı ilin yazının əvvəlində bu kometa Günəş sisteminin sərhədlərini tərk edəcək və bir daha geri qayıtmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Ürəyin təbii bərpası preparatının ilk klinik testlərinə start verilib
    ureyin-tebii-berpasi-preparatinin-ilk-klinik-testlerine-start-verilib
    Bu il kimya üzrə Nobel mükafatı metal-orqanik karkas strukturlarının yaradıcılarına verilib
    bu-il-kimya-uzre-nobel-mukafati-metal-orqanik-karkas-strukturlarinin-yaradicilarina-verilib
    Asteroid Yer kürəsinin yanından 426 km məsafədə keçib
    asteroid-yer-kuresinin-yanindan-426-km-mesafede-kecib
    Üçüncü ulduzlararası obyekt əvvəl düşünüldüyündən daha qəribə imiş
    ucuncu-ulduzlararasi-obyekt-evvel-dusunulduyunden-daha-qeribe-imis
    Nanohissəciklər 3 seansa siçanlarda Altsheymer xəstəliyini dayandırıblar
    nanohissecikler-3-seansa-sicanlarda-altsheymer-xesteliyini-dayandiriblar