
Alimlər ilk dəfə üçlü qara dəlik sistemi kəşf ediblər
Elm & Texnologiya
19.08.2025
Emil Nəcəfov
Qara dəliklərin birləşməsi nəticəsində yaranmış qravitasiya dalğalarında qeydə alınmış qeyri-adi siqnal göstərir ki, bu sistem əslində əvvəldən ikili deyil, üçlü sistem olub. Alimlərin fikrincə, onlar ulduz kütləli 3 qara dəlikdən ibarət və cazibə qüvvəsi ilə bir-birinə bağlı olan ilk sistemi kəşf ediblər. Astronomlar qravitasiya dalğalarını analiz ediblər. Bu dalğalar qravitasiya dalğası detektorları tərəfindən qeydə alınıb və əvvəllər ulduz kütləli 2 qara dəlikdən ibarət sistemdən gəldiyi güman olunurdu. Həmin 2 qara dəlik birləşərək daha böyük bir qara dəlik yaratmışdı. Yeni raşdırma isə, sistemdə üçüncü qara dəliyin mövcudluğuna işarə edən anormal sürətlənmə əlamətlərini ortaya qoyub. Qara dəliklər birləşərkən kosmosa qravitasiya dalğaları yayılır. Qravitasiya dalğaları ilk dəfə 10 il əvvəl müşahidə olunandan bəri astronomlar artıq təxminən 300 qara dəlik birləşməsi hadisəsi qeydə alıblar.

Bu hadisələr zamanı 2 qara dəlik bir-birinə yaxınlaşır və nəticədə daha böyük tək bir qara dəliyə birləşirlər, bu zaman isə güclü qravitasiya dalğaları yayılır. Qravitasiya dalğalarındakı siqnalların analizi birləşmədə iştirak edən iki qara dəliyin kütləsinin nə qədər olduğunu göstərməyə imkan verir. Bəzi birləşmələr isə “ierarxik birləşmə” adlandırılan prosesi göstərir. Bu, getdikcə daha böyük qara dəliklərin yaranmasına səbəb olan ardıcıl birləşmələr zənciridir. Bu, ulduz kütləli qara dəliklərin formalaşma zamanı müəyyən bir kütlə həddinə malik olması ilə bağlıdır. Yəni nəhəng bir ulduz supernova partlayışı zamanı xarici qatlarını atır və yalnız nüvə qalır, bu nüvə öz cazibəsi nəticəsində sıxılaraq qara dəliyə çevrilir. Əgər ulduz müəyyən kütlə həddini aşarsa, bu zaman bütün ulduz - nüvə də daxil olmaqla - tam şəkildə partlayır və yalnız qalıq parçaları geridə qalır.

Buna görə də əgər astronomlar bu həddi aşan kütləyə malik bir qara dəlik aşkar edirlərsə, nəticəyə gəlirlər ki, o, əvvəlki qara dəlik birləşmələrinin məhsuludur. GW190814 sistemində kütləsi həddi aşan bir qara dəlik yox idi. Bu sistemdəki qara dəliklərdən biri indiyə qədər aşkar edilmiş ən kiçik qara dəlik hesab olunur. Onun kütləsi Günəşin kütləsindən cəmi 2.6 dəfə böyük idi. Digər qara dəlik isə daha böyük idi - onun kütləsi Günəşin kütləsindən 23 dəfə artıq idi. Bu kütlə nisbəti ulduzların təkamül modellərinin proqnozlarını üstələyir: adətən ikili sistemlər oxşar ölçüdə obyektlərdən ibarət olur. Astronomlar hesab edirlər ki, bu qara dəliklərin kütlə fərqi onların mürəkkəb keçmişinə işarə edir.
Ehtimal olunur ki, bu 2 qara dəlik daha böyük üçüncü bir qara dəliyin cazibəsi ilə bir araya gəlib və onun ətrafında dövr ediblər. Alimlər qara dəliklərin birləşməsi nəticəsində yaranan qravitasiya dalğaları ilə bağlı məlumatları diqqətlə öyrəniblər. Üçüncü, daha böyük qara dəliyin ətrafında fırlanan qara dəlik cütlüyü orbit hərəkətinə görə əlavə sürətlənmə göstərməlidir. Alimlər bu effektin necə müşahidə olunacağını müəyyənləşdiriblər və sonra modellərini GW190814 müşahidə məlumatları ilə müqayisə ediblər. Araşdırma göstərdi ki, işığın sürətinin 0.0015-i qədər sürətlənmə mövcud olub və bu nəticənin təxminən 90% etibarlılıq səviyyəsi var.
Bu isə üçüncü bir qara dəliyin mövcudluğuna işarə edir. Bu nəticə onu göstərə bilər ki, qara dəliklərin birləşməsi - heç olmasa bəzi hallarda - əvvəl güman edildiyindən daha mürəkkəb şəraitdə baş verə bilər. Bundan əlavə, bu kəşf ierarxik birləşmələrə dair əlavə sübut təqdim edir və üç qara dəlikdən ibarət sistemlərin mövcudluğunu təsdiqləyir. Belə sistemlərdə birləşmələr baş verə bilər. Alimlər bildirirlər ki, bu, üçlü qara dəlik sisteminin və 2 qara dəliyin birləşməsi zamanı üçüncü obyektin iştirakına dair açıq sübutların ilk kəşfidir. Onlar belə nəticəyə gəliblər ki, GW190814 sistemindəki 2 qara dəlik böyük ehtimalla izolyasiya olunmuş şəkildə yaranmayıb, əksinə, daha mürəkkəb bir cazibə sisteminin tərkib hissəsi olub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bədən qoxusu sağlamlığın diaqnostikası üçün ciddi marker ola bilər

Bədən qoxusu sağlamlığın diaqnostikası üçün ciddi marker ola bilər
Bədən qoxusu sağlamlıq vəziyyəti haqqında çox şey deyə bilər. Alimlər dəri və nəfəs yolu ilə xaric olan uçucu birləşmələrdən istifadə edərək xəstəlikləri erkən mərhələdə müəyyən etməyin yollarını axtarırlar.
Yer kürəsinin biosferası təhlükə altındadır

Yer kürəsinin biosferası təhlükə altındadır
Potsdam İnstitutu və Vyana BOKU Universitetindən olan alimlər xəbərdarlıq edirlər: Yer biosferası dayanıqlılığını itirib. Araşdırma göstərib ki, bitkilər artıq fotosintez proseslərinin öhdəsindən gələ bilmir.
Süni intellekt inqilabi antibiotiklər yaratmağa yardımçı olub

Süni intellekt inqilabi antibiotiklər yaratmağa yardımçı olub
Massaçusets Texnologiya İnstitutunun alimləri generativ süni intellektin köməyi ilə qonoreya və Staphylococcus aureus (qızılı stafilokok) infeksiyasına qarşı yeni antibiotiklər yaradıblar.
3D skan və süni intellekt vasitəsilə qədim buddist mətnləri təhlil edilib

3D skan və süni intellekt vasitəsilə qədim buddist mətnləri təhlil edilib
Berlində mütəxəssislər Monqolustandan olan buddist məktubları bütövlüyünü pozmadan təhlil ediblər. Bunun üçün onlar 3D rentgen və süni intellektdən istifadə ediblər.
Alimlər sonsuzluğun müalicəsində inqilabi həllə imza atıblar

Alimlər sonsuzluğun müalicəsində inqilabi həllə imza atıblar
Alimlər reproduktiv tibb sahəsində mühüm bir kəşfə imza atıblar. Artıq laboratoriya şəraitində yumurta və spermatozoidlərin yaranma prosesini təkrarlamaq mümkündür ki, bu da sonsuzluq problemi yaşayan cütlüklərə ümid verir.
Həftənin xəbərləri

