
Yer kürəsinin biosferası təhlükə altındadır
Elm & Texnologiya
19.08.2025
Emil Nəcəfov
Potsdam İnstitutu və Vyana BOKU Universitetindən olan alimlər xəbərdarlıq edirlər: Yer biosferası dayanıqlılığını itirib. Araşdırma göstərib ki, bitkilər artıq fotosintez proseslərinin öhdəsindən gələ bilmir. Halbuki bu proseslər iqlim, torpaqların münbitliyi və ekosistemlərin qorunması üçün həyati əhəmiyyət daşıyır. Artıq Yer səthinin 60%-i təhlükəsiz vəziyyət hüdudlarından kənara çıxıb, 38%-i isə yüksək risk zonasındadır. İnsanlığın biokütləyə artan tələbatı təbiətə düşən yükü daha da artırır. Son 125 il ərzində insanlıq, əvvəlki təxminən 300 ildə planetə vurduğu ziyanın miqdarını 2 qat artırıb. Yer biosferasının funksional bütövlüyünü araşdıran tədqiqatçıların sözlərinə görə, quru ərazilərinin əhəmiyyətli bir hissəsi “stabilliyini itirmiş vəziyyətdədir”. Bu da o deməkdir ki, bitkilər ekosistemlərin işləməsi üçün vacib olan karbon, su və azot dövriyyəsini təmin edən fotosintez prosesini artıq lazımınca yerinə yetirə bilmirlər.

Tədqiqat planetar sərhədlər konsepsiyasına əsaslanır - bu, insanın təbii sistemlərə təhlükəsiz şəkildə təsir edə biləcəyi hədləri göstərən bir sıra göstəricilər toplusudur. Bu sərhədlərə bioloji müxtəlifliyin azalması, torpaqdan istifadə, okeanların turşulaşması və digər amillər daxildir. 2023-cü ildə Science Advances jurnalında beynəlxalq alimlər qrupu tərəfindən dərc olunmuş məqalədə qeyd olunurdu ki, bu 9 planetar sərhəddən 6-sı artıq aşılıb. Eyni zamanda bu sərhədlərin heç biri təcrid olunmuş şəkildə mövcud deyil: məsələn, torpaqdan istifadə formalarının dəyişməsi bioloji müxtəlifliyə təsir edir, atmosferdə karbon qazı konsentrasiyasının artması isə əlavə olaraq okeanların turşulaşmasına səbəb olur.

Yeni araşdırmada alimlər LPJmL adlı qlobal modeli istifadə ediblər. Bu model 1600-cü ildən bəri su, karbon və azot dövriyyəsini izləyir. Nəticələr göstərib ki, narahatedici dəyişikliklər məhz həmin dövrdə - iqlim xəbərdarlıqlarının meydana çıxmasından çox əvvəl başlayıb. Artıq 1900-cü ilə qədər ekosistemlərin təhlükəsiz zona hüdudlarından kənara çıxan quru əraziləri 37%-ə çatmışdı, 14%-i isə yüksək risk zonasına daxil idi. Bu göstəricilər bu gün müvafiq olaraq 60% və 38%-ə yüksəlib. Sənayeləşmə və intensiv torpaq istifadəsi biosferanın dağıdılmasının əsas mənbəyinə çevrilib. İlk növbədə söhbət planetin nəhəng resurslarını istifadə edən kənd təsərrüfatından gedir.

Əslində, biosferanın sərhədi artıq demək olar ki, hər yerdə pozulub. Tədqiqatçılar əldə olunan nəticələri elmi sıçrayış adlandırırlar - ilk dəfə olaraq insanlığın artan tələbatı ilə ekosistem dəyişiklikləri arasında qarşılıqlı əlaqəni göstərən ətraflı xəritə qurmaq mümkün olub. Tədqiqatın həmmüəllifi Johan Rockström-un fikrincə, bu yeni məlumatlar beynəlxalq iqlim siyasətinin yenidən nəzərdən keçirilməsi üçün təkan olmalıdır. O bildirib: “Biz biosferanın qorunması və iqlim dəyişikliyi ilə mübarizəni bir ümumi vəzifə kimi qəbul etməliyik”. Alimlər hökumətləri təcili olaraq birgə hərəkət etməyə çağırırlar ki, ekosistemlərin deqradasiyasını ləngitmək və təbii karbon uducularını qorumaq mümkün olsun.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni intellekt inqilabi antibiotiklər yaratmağa yardımçı olub

Süni intellekt inqilabi antibiotiklər yaratmağa yardımçı olub
Massaçusets Texnologiya İnstitutunun alimləri generativ süni intellektin köməyi ilə qonoreya və Staphylococcus aureus (qızılı stafilokok) infeksiyasına qarşı yeni antibiotiklər yaradıblar.
3D skan və süni intellekt vasitəsilə qədim buddist mətnləri təhlil edilib

3D skan və süni intellekt vasitəsilə qədim buddist mətnləri təhlil edilib
Berlində mütəxəssislər Monqolustandan olan buddist məktubları bütövlüyünü pozmadan təhlil ediblər. Bunun üçün onlar 3D rentgen və süni intellektdən istifadə ediblər.
Alimlər sonsuzluğun müalicəsində inqilabi həllə imza atıblar

Alimlər sonsuzluğun müalicəsində inqilabi həllə imza atıblar
Alimlər reproduktiv tibb sahəsində mühüm bir kəşfə imza atıblar. Artıq laboratoriya şəraitində yumurta və spermatozoidlərin yaranma prosesini təkrarlamaq mümkündür ki, bu da sonsuzluq problemi yaşayan cütlüklərə ümid verir.
Günəş sistemindəki 3-cü ulduzlararası obyektin nisbətən keyfiyyətli fotosu çəkilib

Günəş sistemindəki 3-cü ulduzlararası obyektin nisbətən keyfiyyətli fotosu çəkilib
Ulduzlararası 3I/ATLAS kometası ilk dəfə “Minecraft” üslubunda pikselləşmiş görüntü olmadan fotolarda görünüb. Şəkil Hubble kosmik teleskopu tərəfindən çəkilib.
Erkən kainatda "yatmış qalaktika"lar kəşf edilib

Erkən kainatda "yatmış qalaktika"lar kəşf edilib
Ulduzların yaranma prosesi dayanmış qalaktikalar nəzəriyyəyə görə, kainat tarixinin ilk milyard ilində mövcud olmamalıdır. Amma onlar mövcuddur.
Həftənin xəbərləri

