main-post-cover

    Çində insanların və robotların iştirakı ilə yarımarafon keçirilib (VİDEO)

    Elm & Texnologiya
    21.04.2025
    Emil Nəcəfov
         Pekində yerləşən İçjuan texniki-iqtisadi inkişaf zonasında keçən həftənin şənbə günü dünyada ilk dəfə olaraq həm insanların, həm də robotların iştirak etdikləri yarımarafon keçirilib. 21 km məsafəyə qaçışda minlərlə iştirakçıya 21 ədəd insanabənzər robot da qoşulub. Çində daha əvvəl də robotlar üçün qaçış yarışları təşkil olunub, lakin Reuters agentliyinin bildirdiyinə görə, bu, insanlar və robotların birgə qatıldığı ilk yarımarafon olub. Məlumata əsasən robotların yarışda iştirak etməsi üçün əsas şərt insanabənzər konstruksiyaya malik olmaq və təkərsiz, iki ayaq üzərində hərəkət edə bilmək idi.
         İnsanlar birlikdə start götürdüyü halda, robotlar 1 dəqiqəlik fasilələrlə növbə ilə qaçışa başlayıblar və onlar üçün ayrıca bir zolaq ayrılıb. Robotları yarış zamanı onları “məşqçi” proqramçılar müşayiət ediblər. Qaydalar həm tam avtonom, həm də uzaqdan əl ilə idarəetməyə icazə verirdi. Qaydalara əsasən, robotlara batareyaları dəyişməyə də icazə verilirdi. Həmçinin, zərurət olduqda robotların özlərini də estafet formatında dəyişmək mümkün idi, lakin hər bir dəyişiklik üçün 10 dəqiqəlik cərimə əlavə olunurdu. Robotlar göstərilən marşrutdan ciddi şəkildə yayınmamalı, bütün texniki qaydalara riayət etməli, eyni zamanda nə qaçış yolunu zədələməməli, nə də rəqib robotlara və insanlara zərər verməməli idilər.
         Robot qaçışçılar ümumilikdə təxminən 3 saat 30 dəqiqə fəaliyyət göstəriblər. DroidVP Noetix Robotics kimi Çin istehsalçılarının təqdim etdikləri robotlar müxtəlif forma və ölçülərdə olublar: Bəziləri 120 sm-dən alçaq, bəziləri isə 1.8 metr hündürlükdə idilər. Robotlardan biri qaçışa start xəttində üzü üstə yıxılaraq başlayıb, lakin bir neçə dəqiqə yerində qaldıqdan sonra hərəkətə keçib. Digəri isə bir neçə metr sonra məhəccərə çırpılıb, nəticədə onu müşayiət edən proqramçı da yerə yıxılıb. Robotlar arasında yarışı birinci olaraq Tiangong Ultra adlı robot başa vurub. O, 2 saat 40 dəqiqə 42 saniyə nəticə göstərərək ən yaxın rəqibinə təxminən 1 saat fərq atıb.
         İnsan iştirakçılar arasında kişilər üçün ən yaxşı nəticə 1 saat 2 dəqiqə 36 saniyə, qadınlar üçün isə 1 saat 11 dəqiqə 7 saniyə olub. Təxminən 55 kq çəkisi və 1.8 metr hündürlüyü olan Tiangong Ultra yarışı 7-8 km/saat sürətlə başa vurub, baxmayaraq ki, o 12 km/saat sürətə qədər çata bilir. O, 5 min yuan (təxminən 700$) məbləğində pul mükafatı qazanıb. Gümüş və bürünc mükafatçılar müvafiq olaraq 4000 yuan (560$) və 3000 yuan (420$) mükafata layiq görülüblər. Qalib robota mükafatı başqa bir insanabənzər robot təqdim edib.
    Mənbə: Reuters
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ
    nike-isitme-sistemine-sahib-agilli-idman-ayaqqabisini-teqdim-edib-qiymeti
    ABŞ-ın hava hücumundan müdafiə sistemi ilə Elon Musk və digərləri məşğul ola bilər
    abs-in-hava-hucumundan-mudafie-sistemi-ile-elon-musk-ve-digerleri-mesgul-ola-biler
    XPeng yenilənmiş Iron robotunu təqdim edib
    xpeng-yenilenmis-iron-robotunu-teqdim-edib
    Hava üzərindən məlumatların ötürülməsi sürətində yeni rekorda imza atılıb
    hava-uzerinden-melumatlarin-oturulmesi-suretinde-yeni-rekorda-imza-atilib
    İllərlə istifadə edilməyən SSD-lərdə məlumatlar silinə bilər
    illerle-istifade-edilmeyen-ssd-lerde-melumatlar-siline-biler