
Digər ulduz sistemində yeni qaz nəhəngi kəşf edilib
Elm & Texnologiya
16.07.2025
Emil Nəcəfov
Kepler-139 ulduz sistemində yeni planet aşkarlanıb. Bu sistemdə daha əvvəl astronomlar 4 planet kəşf etmişdilər. Onlardan biri qaz nəhəngi, qalan üçü isə Super Yer sinfinə aiddir. Ehtimal olunur ki, yeni aşkar olunmuş planet də qaz nəhəngidir. O, Yer kürəsindən 35 dəfə böyükdür. Astronomlar bizdən təxminən 1300 işıq ili uzaqlıqda yerləşən Kepler-139 ulduz sistemini yenidən müşahidə ediblər. Daha əvvəl Kepler kosmik teleskopu bu ulduzun ətrafında 4 planetin fırlandığını aşkarlamışdı, lakin alimlər onların sayının daha çox ola biləcəyini düşünürdülər. İndi isə məlum planetlərin orbitlərinin təhlili sayəsində Yer kürəsindən 35 dəfə böyük olan beşinci bir planetin mövcudluğu müəyyən edilib. Bu planet ulduz ətrafında bir tam dövrü 355 günə tamamlayır. Artıq istifadədən çıxarılmış Kepler kosmik teleskopu tranzit üsulu vasitəsilə Kepler-139 ulduzu ətrafında müxtəlif məsafələrdə fırlanan Super Yer sinfinə aid 3 planet aşkar etmişdi.

Tranzit üsulu ondan ibarətdir ki, teleskop bir planet ulduzun qarşısından keçərkən onun parlaqlığında yaranan azalmaları müşahidə edir. Sadə dildə desək, planet ulduzun işığında bir növ kölgə yaradır. Alimlər, planetlərin ulduza tətbiq etdikləri qravitasiya təsiri nəticəsində yaranan ulduzun titrəyişlərini öyrənməklə bu planetlərin kütləsini müəyyən edə biliblər. Planetlərin orbitlərindəki uyğunsuzluqlar bu ulduz sistemində daha başqa planetlərin də mövcud olduğunu göstərirdi. Lakin Kepler teleskopu, orbitləri əyilmiş olan və ulduzun önündən keçməyən planetləri görmək qabiliyyətində deyildi. Daha sonra astronomlar müəyyən etdilər ki, Kepler-139 ulduzu ətrafında dördüncü planet - qaz nəhəngi Kepler-139e də fırlanır. Bu planet digər 3 planetdən daha uzaqda yerləşir və onun orbital dövrü təxminən 5.5 Yer ilinə bərabərdir.

Bütün 4 planetin orbitlərinin və onların bir-birinə və ulduza göstərdiyi qravitasiya təsirinin dəqiq ölçülməsi astronomlara ən azı daha bir planetin mövcudluğu barədə nəticə çıxarmağa imkan verib. Bütün planetlər bir-birini qravitasiya qüvvəsi ilə cəzb edir və bu, onların ulduz qarşısından keçmə sürətinə təsir göstərə bilər. Astronomlar 3 Super Yerin ulduz qarşısından keçmə sürətini araşdırdıqda, onun proqnozlara uyğun gəlmədiyini müəyyən ediblər. Bu anomaliyanı təkcə qaz nəhəngi Kepler-139e-nin qravitasiya təsiri ilə izah etmək mümkün olmayıb.

Alimlər fərz edilən bir planetin ulduza və digər planetlərə göstərdiyi qravitasiya təsirini araşdıraraq onun doğrudan da mövcud olduğunu müəyyən ediblər. Bu nəhəng planet Kepler-139f adlandırılıb və qaz nəhəngi Kepler-139e ilə ulduzdan ən uzaqda yerləşən Super Yer olan Kepler-139c arasında yerləşir. Lakin bu planetin mövcudluğu hələlik yalnız dolayı sübutlarla təsdiqlənir. Alimlər hesab edirlər ki, Kepler-139 ulduz sistemində hələ aşkar edilməmiş başqa gizli planetlər də mövcud ola bilər. Ehtimal olunur ki, onlar Kepler-139c və Kepler-139b planetlərinin orbitləri arasında yerləşə bilərlər. İndi astronomlar Kepler-139 sistemində beşinci planetin mövcudluğunu birbaşa sübut etməyə çalışırlar. Eyni zamanda, daha müasir teleskoplar vasitəsilə digər gizli planetləri də tapmaq mümkün ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Saturnun peyki Titanda həyatın təməli formalaşa bilər

Saturnun peyki Titanda həyatın təməli formalaşa bilər
Alimlər hesab edirlər ki, Saturnun ən böyük peyki olan Titan üzərində yadplanet həyatın yaranması üçün zəruri şərait mövcuddur. Araşdırma göstərir ki, Titan səthində canlı orqanizmlərin hüceyrələrindən əvvəl gələn strukturların formalaşması üçün bütün vacib komponentlər mövcuddur.
Yerə hər 14 dəqiqədən bir kosmosdan radiosiqnal gəlir

Yerə hər 14 dəqiqədən bir kosmosdan radiosiqnal gəlir
Alimlər dərin kosmosdan gələn radioşüalanmanın mənşəyini müəyyən etməyə çalışırlar, lakin hətta əvvəllər ən mümkün hesab edilən nəzəriyyələr belə aşkarlanmış siqnalın davranışını izah edə bilmir. Astronomlar Yerə hər 14 dəqiqədən bir çatan radiosiqnallar aşkar ediblər.
Xərçəng üçün nəzərdə tutulmuş dərman korluğa qarşı da effektivliyini sərgiləyib

Xərçəng üçün nəzərdə tutulmuş dərman korluğa qarşı da effektivliyini sərgiləyib
Sinqapurdan olan alimlər müəyyən ediblər ki, xərçəng əleyhinə dərman iki əsas korluq səbəbi - makulyar degenerasiya və şəkərli diabetə bağlı retinopatiya əlamətləri ilə uğurla mübarizə aparır.
Ekstremal isti hava qıcolmalara, koma və ölüm risklərini artırır

Ekstremal isti hava qıcolmalara, koma və ölüm risklərini artırır
Yeni bir araşdırmada alimlər temperaturun yüksəlməsi ilə qıcolmalara, komaya və ölümə səbəb ola biləcək bir vəziyyət arasında əlaqə aşkar ediblər.
Alimlər CO2-ni şəkərə çevirməyi bacarıblar

Alimlər CO2-ni şəkərə çevirməyi bacarıblar
Çinli alimlər perspektivli bir kəşfə imza atıblar. Onlar karbon qazını səmərəli şəkildə mürəkkəb karbohidratlara çevirməyi öyrəniblər: şəkər, fruktoza, qlükoza və digər üzvi maddələr, hansı ki, qida və kimya sənayesində istifadə oluna bilər.
Həftənin xəbərləri

