main-post-cover

    Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib

    Elm & Texnologiya
    16.05.2025
    Emil Nəcəfov
         Astronomlar uzun müddətdir ki, uzaq ulduzların ətrafındakı sistemlərdə donmuş suyun mövcud olduğundan şübhələnirdilər və indi James Webb kosmik teleskopu bu barədə ilk dəfə sübut təqdim edib. Su buzu HD 181327 adlı, Günəşə bənzər bir ulduzun ətrafında fırlanan diskdə aşkarlanıb. Astronomlar 155 işıq ili uzaqlıqda yerləşən və Günəşimizə oxşayan bu ulduzun ətrafında su buzu müəyyən ediblər. Su, bizim bildiyimiz formada həyatın əsas tərkib hissəsidir. Buna görə də bu kəşf Günəş sistemindən kənarda həyatın mövcudluğu ehtimalı baxımından böyük əhəmiyyət daşıyır.
         Bu tapıntı həm də ulduzların ətrafında planetlərin yaranma prosesi haqqında daha çox məlumat əldə etməyə kömək edəcək. Ən önəmlisi isə budur ki, aşkarlanmış su buzu bizim Günəş sistemində rast gəlinən su buzu ilə eynidir. Su buzunun aşkarlandığı ulduz HD 181327 adlanır və onun yaşı cəmi 23 milyon ildir. Müqayisə üçün qeyd edək ki, Günəşin yaşı 4,6 milyard ildir. Bu isə o deməkdir ki, HD 181327 olduqca gənc ulduzdur və onun ətrafında toz və qazdan ibarət bir disk mövcuddur. Burada planet sistemi formalaşmaq üzrədir. Bu ulduz Günəşdən bir qədər böyük və daha istidir, ətrafındakı sistem isə Günəş sistemindən bir qədər genişdir.
         Astronomlar müəyyən ediblər ki, ulduzun yaxınlığında toz və daşlardan azad bir sahə və ondan bir qədər uzaqda isə daşlardan ibarət bir disk mövcuddur. Bu disk Günəş sisteminin kənarındakı buzlu və daşlı obyektlərdən ibarət olan Koyper qurşağını xatırladır. Alimlərin sözlərinə görə, onlar sadəcə su buzu deyil, Saturnun halqalarında və Koyper qurşağındakı buzlu obyektlərdə rast gəlinən növdə donmuş su aşkarlayıblar. Aşkarlanmış bütün bu donmuş su, ulduzun ətrafındakı diskin hər yerinə yayılmış toz hissəcikləri ilə bağlıdır. Ulduzun ətrafında buzlu cisimlərin mütəmadi toqquşmaları nəticəsində su buzunun xırda hissəcikləri ayrılır və bu hissəcikləri Webb teleskopu aşkar edə bilir.
         Su buzu gənc ulduzların ətrafındakı disklərin mühüm tərkib hissəsidir. O, nəhəng planetlərin formalaşmasına təsir göstərir və kometalarla, asteroidlərlə artıq formalaşmış qaya planetlərə, məsələn Yerə, daşına bilər. Alimlər müəyyən ediblər ki, su buzunun böyük hissəsi diskin xarici bölgələrində yerləşir. Ulduza yaxın olan hissədə isə buz daha azdır və ehtimal ki, ulduzun şüalanması təsiri altında buxarlanır. Bu günə qədər alimlər Yer planetində suyun necə əmələ gəldiyi barədə yekdil nəticəyə gələ bilməyiblər. Buna görə də bir neçə fərqli nəzəriyyə mövcuddur. Bəzi alimlərin fikrincə, su Yer planetinin formalaşması zamanı - Günəşi əhatə edən protoplanetar diskdən təxminən 4.5 milyard il əvvəl - mineralların və ərimiş maqmanın tərkibində daxildən mövcud olub.
         Yer əvvəlcə çox isti idi, lakin zamanla soyuduqca su buxar şəklində səthə çıxıb və sonradan kondensasiya olaraq ilk maye su okeanlarını formalaşdırıb. Başqa alimlər isə hesab edirlər ki, su Yerə onun formalaşmasından sonra - təxminən 4.1 milyard il əvvəl, bəlkə də daha erkən bir dövrdə - kosmosdan gəlib. Bu suyu Yerə gənc planetə çırpılan asteroidlər kometalar gətirmiş ola bilər. Eyni zamanda, bir çox alimlər Yer üzərindəki suyun yaranmasının hər iki yuxarıda qeyd olunan prosesin birgə nəticəsi olduğunu düşünürlər.
    Mənbə: Nature.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bütün canlı orqanizmlərin zəif işıq saçdıqları sübut edilib
    butun-canli-orqanizmlerin-zeif-isiq-sacdiqlari-subut-edilib
    Venera Yerə düşünüldüyündən daha çox bənzəyir
    venera-yere-dusunulduyunden-daha-cox-benzeyir
    ABŞ-dakı alimlər kütləvi şəkildə digər ölkələrdə iş axtarırlar
    abs-daki-alimler-kutlevi-sekilde-diger-olkelerde-is-axtarirlar
    Kainatın sonu düşünüldüyündən daha tez baş verə bilər
    kainatin-sonu-dusunulduyunden-daha-tez-bas-vere-biler
    5 müxtəlif tip orqanik çirkləndiricini parçalaya bilən bakteriya yaradılıb
    5-muxtelif-tip-orqanik-cirklendiricini-parcalaya-bilen-bakteriya-yaradilib