main-post-cover

    K2-18b ekzoplanetində həyatın mövcudluğu təkzib edilib

    Elm & Texnologiya
    28.07.2025
    Emil Nəcəfov
         Bu ilin əvvəlində astronomlar, sanki sensasiyalı bir kəşf etdiklərini bildirmişdilər. Onlar başqa bir planetdə yadplanetli həyatın mövcudluğuna dair ən inandırıcı sübutları tapdıqlarını iddia etmişdilər. Lakin yeni araşdırma bu iddianı təkzib edir. Son bir neçə ildir ki, astronomların diqqət mərkəzində olan obyekt K2-18b planetidir. Bu, Yerə bənzər, qayalıq bir dünyadır və bizdən 124 işıq ili uzaqlıqda yerləşir. Ölçü baxımından Yer kürəsindən təxminən 2.5 dəfə böyükdür və çoxlu suyun mövcud olduğu ehtimal edilir. 2023-cü ildə tədqiqatçılar ilk dəfə olaraq K2-18b planetində yadplanetli həyatın mövcudluğunu göstərə biləcək molekullar aşkarladıqlarını bildirmişdilər. Daha sonra, bu ilin aprel ayında eyni astronom qrupu uzaq bir planetdə həyatın mövcud ola biləcəyinə dair indiyə qədərki ən inandırıcı sübutları aşkar etdiklərini bəyan etdi.
         Lakin James Webb kosmik teleskopu vasitəsilə aparılmış yeni müşahidələr göstərir ki, əslində K2-18b planetində həyat əlamətləri yoxdur. Hərçənd, bu planetin su ilə zəngin bir dünya olduğu təsdiqlənir. 2 il əvvəl və bu ilin əvvəlində bir qrup astronom James Webb kosmik teleskopu vasitəsilə K2-18b planetinin atmosferində xüsusi molekullar - dimetilsulfiddimetildisulfid - aşkarladıqlarını bildirmişdilər. Yer kürəsində bu molekullar yalnız canlı orqanizmlər tərəfindən ifraz edilir. Buna əsaslanaraq alimlər ehtimal etdilər ki, bəlkə də Yer planetindən başqa ilk yaşanılan dünyanı kəşf ediblər. Yeni araşdırmanın müəllifləri də James Webb teleskopundan istifadə edərək K2-18b planetini müşahidə ediblər, lakin potensial yadplanetli həyata işarə edə biləcək molekulların varlığına dair aydın sübutlar tapmayıblar.
         Alimlər bildirirlər ki, çox zəif bir biosiqnal - yəni həyatla əlaqəli molekulların zəif izi - ola bilər, lakin böyük ehtimalla K2-18b planetində belə molekullar ümumiyyətlə yoxdur. Tədqiqatçılar hesab edirlər ki, bəlkə də başqa molekullar dimetilsulfidə bənzəyərək onu maskalayır. Alimlərin sözlərinə görə, K2-18b planetinin potensial yaşanılan dünya olub-olmaması ilə bağlı müzakirəyə böyük ehtimalla son qoymaq olar. Görünür, bu planetdə yadplanetli həyat mövcud deyil. Tədqiqatın müəllifləri həmçinin aşkar ediblər ki, K2-18b kimi hidrogenlə zəngin atmosferə malik bəzi planetlərdə dimetilsulfidin kimyəvi yolla əmələ gəlməsi mümkündür. Yəni bu molekulun yaranması üçün mütləq canlı orqanizmlərə ehtiyac yoxdur. Eyni zamanda, astronomlar təsdiqləyiblər ki, K2-18b su ilə zəngin bir dünyadır. Lakin hələlik məlum deyil ki, bu planetin səthi okeanlarla örtülüdür, yoxsa su atmosferdə buxar şəklində mövcuddur, ya da planetin dərinliklərində yerləşir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İsrail Yupiterin peyki Avropaya kosmik missiya hazırlayır
    israil-yupiterin-peyki-avropaya-kosmik-missiya-hazirlayir
    Yerdə ilk həyat kosmosdan gəlmiş molekul sayəsində formalaşmış ola bilər
    yerde-ilk-heyat-kosmosdan-gelmis-molekul-sayesinde-formalasmis-ola-biler
    İlk dəfə "heç nədən" superkütləli qara dəliyin yaranması müşahidə edilib
    ilk-defe-hec-neden-superkutleli-qara-deliyin-yaranmasi-musahide-edilib
    Günəş sistemindəki 3-cü ulduzlararası obyekt özündə ən qədim suyu birləşdirə bilər
    gunes-sistemindeki-3-cu-ulduzlararasi-obyekt-ozunde-en-qedim-suyu-birlesdire-biler
    35 işıq ili uzaqlığında Yerə bənzər potensial ekzoplanet kəşf edilib
    35-isiq-ili-uzaqliginda-yere-benzer-potensial-ekzoplanet-kesf-edilib