main-post-cover

    Kainatın yarandığı vaxtdan ən güclü kosmik partlayış aşkar edilib

    Elm & Texnologiya
    05.06.2025
    Emil Nəcəfov
         Alimlər kosmik partlayışların tamamilə yeni bir sinfini aşkar ediblər və bu hadisələr supernova (kütləvi ulduzun ölüm mərhələsi) partlayışlarından təxminən 10 milyon dəfə daha nadir baş verir. Kosmosda daim müxtəlif astronomik hadisələrlə əlaqəli partlayışlar baş verir. Lakin bu dəfə astronomlar Gaia kosmik teleskopunun arxiv məlumatlarından istifadə edərək kainatın 13.8 milyard il əvvəlki yaranışından bəri müşahidə olunmuş ən güclü kosmik partlayışı kəşf ediblər. Bu cür hadisələr zamanı son dərəcə böyük enerji ayrılır və onlar “ekstremal nüvə keçidləri” (ENK) adlandırılıb. Astronomlar daha əvvəl bu cür hadisələrə heç rast gəlməyiblər. Aşkar edilmiş ENK, Gaia18cdj adlandırılıb və o, məlum olan bütün supernova partlayışlarından 25 dəfə çox enerji buraxıb.
         Tipik bir supernova partlayışı 1 il ərzində Günəşin bütün ömrü boyu (təxminən 10 milyard il) yaydığı qədər enerji buraxır. Qeyd edək ki, hazırda Günəşin yaşı təxminən 4.6 milyard ildir. Gaia18cdj isə cəmi 1 il ərzində 100 Günəşin eyni dövrdə buraxa biləcəyi qədər enerji buraxmağa müvəffəq olub. Alimlər müəyyən ediblər ki, bu partlayışların mənbəyi qalaktikaların mərkəzində yerləşən superkütləli qara dəliklərin ulduzları məhv etməsidir. Astronomlara artıq məlumdur ki, hər hansı bir ulduz superkütləli qara dəliyə yaxınlaşdıqda, həmin qara dəlik öz cazibə qüvvəsi ilə ulduzu parçalayır. Bu zaman böyük enerji ayrılması ilə müşayiət olunan parlaq bir işıq alışması baş verir. Lakin alimlərin sözlərinə görə, ekstremal nüvə keçidləri bu cür məhvetmə hadisələrinə bənzəmir, baxmayaraq ki, onlar da qara dəliyin yaxınlıqdakı ulduzu məhv etməsi zamanı baş verir.
         ENK-lər daha parlaq olur və bir neçə il ərzində parıltısını qoruyur. Alimlər həmçinin müəyyən ediblər ki, ENK-lər təkcə ən güclü partlayışlar deyil, eyni zamanda bəlkə də ən nadir hadisələrdir. Onlar supernova partlayışlarından təxminən 10 milyon dəfə daha az baş verir. Tədqiqatın müəllifləri bildiriblər ki, yeni kosmik partlayış sinfi uzaq qalaktikaların mərkəzində yerləşən superkütləli qara dəliklərin öyrənilməsi üçün istifadə oluna bilər. Bu, xüsusilə həmin nəhəng qara dəliklərin necə böyüdüyünü anlamaq baxımından önəmlidir. Astronomlar qeyd edirlər ki, bu cür hadisələr bizdən çox uzaqda baş verdiyi üçün kainatın keçmişinə nəzər salmaq imkanı yaranır. Ekstremal nüvə keçidləri üzərində müşahidələr, kainatın təxminən 7 milyard yaşı olduğu dövrdə qara dəliklərin necə böyüdüyü barədə məlumat verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qrunt suları səth sularından 2.4 dəfə daha sürətlə yox olur
    qrunt-sulari-seth-sularindan-24-defe-daha-suretle-yox-olur
    Yaradılmış süni sinaps insan gözünü 82% dəqiqliklə imitasiya edir
    yaradilmis-suni-sinaps-insan-gozunu-82-deqiqlikle-imitasiya-edir
    ABŞ-ın elm sahəsində əsl fəlakət baş verir
    abs-in-elm-sahesinde-esl-felaket-bas-verir
    Süd Yolu ilə Andromedanın toqquşması yaxın 10 milyard il üçün təxirə düşə bilər
    sud-yolu-ile-andromedanin-toqqusmasi-yaxin-10-milyard-il-ucun-texire-duse-biler
    Yapon alimlər süni qanın yaradılmasına çox yaxınlaşıblar
    yapon-alimler-suni-qanin-yaradilmasina-cox-yaxinlasiblar