main-post-cover

    Marsa göndəriləcək yeni pilotsuz vertolyot üçün artıq tədqiqat missiyası hazırlanıb

    Elm & Texnologiya
    07.04.2025
    Emil Nəcəfov
         Marsda fəaliyyətdə olmuş Ingeniuty adlı kiçik pilotsuz vertolyot öz nümunəsində göstərdi ki, uçan aparatların Marsda hava kəşfiyyatı üçün yaxşı perspektivləri var. Bu, NASA-nı daha genişmiqyaslı hava missiyaları üçün daha böyük ölçülü vertolyot yaratmağa ilhamlandırıb. Hazırda Mars Chopper işçi adı ilə tanınan bu vertolyot layihəsi üzərində mühəndislər çalışırlar, alimlər isə onun araşdırması üçün Marsda ən maraqlı obyektləri seçirlər. Gələcək Mars Chopper vertolyotu kifayət qədər böyük olacaq - onun çəkisi 40 kq təşkil edəcək, bunun 5 kq-ı faydalı yükə aid olacaq. Aparatın sutkalıq uçuş məsafəsi 3 km-ə qədər çatacaq.
         Ingenuity-dən fərqli olaraq, Mars Chopper Yer ilə əlaqə üçün səthüstü aparata bağlı olmayacaq. Gözlənilir ki, onunla əlaqə birbaşa şəkildə, çox güman ki, Mars orbitində yerləşən orbital stansiya vasitəsilə qurulacaq. Bu cür müstəqillik vertolyota əlaqəni itirmək riski olmadan uzaq məsafələrə uçuşlar etməyə imkan verəcək. Mart ayında ABŞ-da keçirilmiş Ay və Planet Elmləri Konfransında NASA-dan bir qrup alim Mars Chopper üçün “Nighthawk” adlı missiyanı təklif edib. Planlaşdırılır ki, vertolyot Eastern Noctis Labyrinthus adlı Mars ərazisindəki kanyonlar və lava sahələri üzərində uçuş həyata keçirsin.
         Hesab olunur ki, bu bölgə bir vaxtlar mövcud olmuş nəhəng qədim vulkanın qalıqları ilə formalaşıb. Ərazinin su buzu ilə zəngin olması və bioloji izlər - biomarkerlər - daşıması ehtimal edilir. Gələcəkdə bu bölgə elmi tədqiqatlar baxımından çox perspektivli olduğundan pilotlu missiya üçün mümkün eniş məntəqəsi kimi nəzərdən keçirilir. Noctis Labyrinthus bölgəsində kəşfiyyat məqsədləri üçün “Nighthawk” missiyası çərçivəsində vertolyot ümumi çəkisi 3 kq olan 3 elmi cihazla təchiz olunmalıdır (maksimum icazə verilən 5 kq-dan). Faydalı yükün azaldılması aparata daha uzaq və daha hündür uçuşlar etməyə imkan verəcək - məsələn, Marsın orta səviyyəsindən 1500 metrədək yüksəlmək mümkün olacaq.
         Xatırladaq ki, Mars atmosferi son dərəcə seyrəkdir və burada helikopter tipli aparatların uçması çətindir. Məsələn, Ingenuity vertolyotu Jezero adlı kraterin dibindən 20 metrdən yüksək qalxmamışdı, halbuki bu krater Marsın orta səviyyəsindən təxminən 2600 metr aşağıda yerləşir. Beləliklə, o, atmosferin daha sıx qatlarından istifadə edirdi, bu imkan isə Mars Chopper üçün olmayacaq. “Nighthawk” missiyası üçün faydalı yük kimi növbəti cihazların istifadə olunması təklif edilib: Hərtərəfli rəngli OCCAM kamerası (Omni-directional Color CAMera system), naviqasiya və geoloji çəkiliş üçün 8 kanallı rəngli fotoaparat, NIRAC spektrometri, obyektlərin ümumi qiymətləndirilməsi üçün kontekst kamerası, eləcə də PMWS (Puli Mars Water Snooper) - torpağın üst qatlarında suyun miqdarını qiymətləndirmək üçün neytron detektoru.
         “Elm missiyası olan “Nighthawk”, Ingenuity sinifinə aid bir vertolyotla həyata keçirilə bilməzdi, lakin hazırda hazırlanmaqda olan NASA-nın daha böyük və güclü Mars Chopper vertolyotu ilə reallaşdırıla bilər” - deyə alimlər izah ediblər. “Mars Chopper-in gözlənilən uçuş məsafəsi, hündürlüyü və yükdaşıma qabiliyyəti “Nighthawk”a geniş spektrli elmi tapşırıqları yerinə yetirməyə imkan verəcək”. Hazırda Mars Chopper layihəsinin seçim mərhələsinə nə vaxt keçəcəyi ilə bağlı dəqiq məlumat yoxdur, lakin “Nighthawk” missiyasının təklif etdiyi imkanlar olduqca ümidverici görünür.
    Mənbə: Space.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Neuralink beyin implantlarının testləri üçün könüllüləri artıq bütün dünyada axtarır
    neuralink-beyin-implantlarinin-testleri-ucun-konulluleri-artiq-butun-dunyada-axtarir
    Avropada dünyanın ən güclü külək generatoru quraşdırılıb
    avropada-dunyanin-en-guclu-kule
    ABŞ-da dünyanın ən kiçik kardiostimulyatoru hazırlanıb
    abs-da-dunyanin-en-kicik-kardiostimulyator-hazirlanib
    Çində 6 yaşlı uşağın idrak qabiliyyətinə sahib robot hazırlanıb (VİDEO)
    cinde-6-yasli-usagin-idrak-qabiliyyetine-sahib-robot-hazirlanib-video
    Alimlər Marsda sağ qala biləcək canlı növünü təyin ediblər
    alimler-marsda-sag-qala-bilecek-canli-novunu-teyin-edibler