main-post-cover

    Marsda qədim həyata işarə edən yeni iz aşkar edilib

    Elm & Texnologiya
    18.04.2025
    Emil Nəcəfov
         Bu vaxta qədər nə orbit aparatları, nə də səthüstü aparatlar Marsda karbon dövriyyəsinə dair birbaşa izlər aşkarlaya bilməmişdilər. Belə izlərin tapılması, planetin atmosferindəki CO2 konsentrasiyasının həyatın yaranması və mövcudluğu üçün uyğun şərait yarada biləcək səviyyədə saxlanıldığını göstərə bilərdi. Səthüstü Curiosity aparatının topladığı spektroskopik məlumatların yeni təhlili bu cür izləri ilk dəfə ortaya çıxarıb və bu, qədim Marsda həyatın mövcudluğuna dair bir arqument kimi qiymətləndirilir. 2022 və 2023-cü illərdə NASA-nın Curiosity aparatı Gale kraterinin dibini araşdırıb.
         Alimlər kraterin müxtəlif bölgələrindən götürülmüş 4 süxur nümunəsinə dair toplanmış məlumatları yenidən analiz ediblər. 3 nümunədə ilk dəfə olaraq siderit mineralının mövcudluğu qeydə alınıb. Bu mineral süxurun atmosferdəki karbon qazı ilə reaksiyası nəticəsində yaranır. Bu, qədim Marsda karbon dövriyyəsinin mövcud olduğuna dair ilk sübutdur. Vulkanlar CO2-ni atmosferə buraxıb, qaz atmosferdə toplanıb, bir hissəsi kosmosa buxarlanıb, bir hissəsi isə süxurlarla birləşərək planetin daxilinə qayıdıb. Marsda karbon qazının dövriyyəsi planetin isinməsi üçün şərait yaradırdı və bu da potensial olaraq həyat üçün əlverişli mühit formalaşdırırdı.
         Təxminən 3.5 milyard il əvvələ aid olan həmin dövrdə maye suyun mövcudluğuna dair sübutlar artıq aşkarlanıb və bu sübutlar yüksək etibarlı hesab olunur. Həmin vaxt intervalında karbon dövriyyəsinin izlərinin aşkarlanması isə uyğun temperatur şəraitinin mövcud olduğunu göstərir və bu amillərin birlikdə mövcudluğu qədim Marsda həyatın yaranması ehtimalını artırır. Bundan əlavə, alimlər siderit mineralının - tərkibində dəmir və karbon trioksid olan, az miqdarda maqnezium da ehtiva edən bir birləşmənin - niyə daha əvvəl aşkarlanmadığını da izah ediblər. Böyük ehtimalla, bu mineralın siqnalı Mars səthində geniş yayılmış maqnezium sulfatın siqnalı ilə üst-üstə düşdüyü üçün gizlənib.
         “Belə görünür ki, digər mineralların - xüsusilə suda asanlıqla həll olan maqnezium sulfatlarının - mövcudluğu orbit məlumatlarında karbonat minerallarının aşkarlanmasını böyük ehtimalla gizlədir. Belə duzları ehtiva edən süxurlar Marsın hər yerində aşkar edildiyi üçün, biz belə nəticəyə gəlirik ki, onlar yəqin ki, eyni zamanda çoxlu miqdarda karbonat mineralları da ehtiva edir” - deyə alimlər izah ediblər. Tədqiqatçılar Marsda maqnezium birləşmələrinin aşkarlanmasına dair bütün məlumatların yenidən nəzərdən keçiriləcəyini bildiriblər. Əgər sideritin geniş şəkildə mövcudluğu təsdiqlənsə, bu, Marsın iqlim modellərinə - xüsusilə karbon dövriyyəsi və Qırmızı planetin təkamülünə dair yeni qiymətləndirmələr baxımından - yenidən baxılmasına əsas yaradacaq.
    Mənbə: NASA
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yağış damcılarından elektrik enerjisinin əldə edilməsi üsulu hazırlanıb
    yagis-damcilarindan-elektrik-enerjisinin-elde-edilmesi-usulu-hazirlanib
    Yer orbitində kosmik tullantıların həcmi 6000 tonu keçib
    yer-orbitinde-kosmik-tullantilarin-hecmi-6000-tonu-kecib
    Erkən kainatda Süd Yolu qalaktikasının əkizi kəşf edilib
    erken-kainatda-sud-yolu-qalaktikasinin-ekizi-kesf-edilib
    Yerə yaxın ekzoplanetdə bioloji həyata dair ciddi sübutlar aşkar edilib
    yere-yaxin-ekzoplanetde-bioloji-heyata-dair-ciddi-subutlar-askar-edilib
    Günəş küləyi Ayda suyun formalaşmasına təkan verir
    gunes-kuleyi-ayda-suyun-formalasmasina-tekan-verir