main-post-cover

    Erkən kainatda Süd Yolu qalaktikasının əkizi kəşf edilib

    Elm & Texnologiya
    17.04.2025
    Emil Nəcəfov
         Alimlər James Webb kosmik teleskopunun köməyi ilə indiyə qədər məlum olanlar arasında ən uzaq məsafədə yerləşən ən qədim spiral qalaktikanı aşkar ediblər. Bu qalaktika heyrətamiz dərəcədə bizim Süd Yolu qalaktikamıza bənzəyir, lakin o, Böyük partlayışdan cəmi 1 milyard il sonra mövcud olub. Bu kəşf qalaktikaların təkamülü ilə bağlı nəzəriyyələrə meydan oxuyur. Əvvəllər astronomlar hesab edirdilər ki, Süd Yoluna bənzər böyük və kütləvi qalaktikaların formalaşması üçün milyardlarla illik təkamül prosesi tələb olunur. Bu müddət ərzində spiral qalaktikalar aydın şəkildə ifadə olunmuş spiral qollar formalaşdırmalı, böyük kütlə və ölçü qazanmalı və mərkəzi çıxıntı adlanan və ulduzların sıx şəkildə toplanmış olduğu bölgəni yaratmalıdır.
         Böyük partlayışdan 1 milyard il sonra hələ formalaşmaqda olan xaotik quruluşlu bir spiral qalaktika görmək əvəzinə, astronomlar artıq yaxşı formalaşmış bir obyekt aşkar ediblər. Süd Yolu qalaktikasının ən uzaq və ən qədim əkizi nizamlı struktura, spiral qollara və mərkəzi çıxıntıya sahibdir. Bu kəşf qalaktikaların təkamülünü anlamağımıza meydan oxuyur, çünki bəzi qalaktikaların necə bu qədər sürətlə formalaşıb, kainatın daha sonrakı dövrlərindəki qalaktikalar kimi görünə bildiklərini izah etmək hələlik çətindir. Baxmayaraq ki, erkən spiral qalaktikalar kiçik olmalıdır, bizə işığı 12.8 milyard il ərzində çatan qalaktika nəhəng obyekt olub və ölçüsünə görə Süd Yolundan cüzi şəkildə geri qalır.
         Astronomlar bu yeni qalaktikanı Zhulong adlandırıblar - bu ad Çin mifologiyasında qaranlığı işıqlandıran əjdaha şəklində bir tanrıya istinad edir. Alimlər bildirirlər ki, bu qalaktika forması, ölçüsü və kütləsi baxımından Süd Yoluna çox bənzəyir. Onlar spiral quruluşa malik Zhulong qalaktikasının ölçüsünü 60 000 işıq ili olaraq qiymətləndiriblər. Müqayisə üçün, Süd Yolunun ölçüsü təxminən 100 000 işıq ilidir. Lakin qədim Zhulong qalaktikasının kütləsi Günəşin kütləsindən təxminən 100 milyard dəfə çoxdur, halbuki bizim qalaktikamızın kütləsi Günəşin kütləsindən təxminən 46 milyard dəfə çoxdur.
         Alimlərin sözlərinə görə, bu kəşf erkən kainat haqqında anlayışımızı, eləcə də Böyük partlayışdan sonrakı ilk bir milyard il ərzində qalaktikaların formalaşma prosesinə dair düşüncələrimizi dəyişir. Astronomlar Zhulong spiral qalaktikasını tədqiq etməyə davam etməyi planlaşdırırlar ki, bu qalaktikanın bu qədər qısa müddətdə necə böyük kütlə toplaya və nizamlı quruluş əldə edə bildiyini anlamağa çalışsınlar - halbuki əvvəllər hesab olunurdu ki, bu proses üçün həmin müddət yetərli deyil. Alimlər həmçinin daha çox bu cür qalaktikalar aşkar etmək istəyirlər, bu isə kainatın təkamül sirrlərinin açılmasına kömək edə bilər.
    Mənbə: Space.com
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yerə yaxın ekzoplanetdə bioloji həyata dair ciddi sübutlar aşkar edilib
    yere-yaxin-ekzoplanetde-bioloji-heyata-dair-ciddi-subutlar-askar-edilib
    Günəş küləyi Ayda suyun formalaşmasına təkan verir
    gunes-kuleyi-ayda-suyun-formalasmasina-tekan-verir
    Yerdə su kosmos deyil, daxili mənbə hesabına formalaşmış ola bilər
    yerde-su-kosmos-deyil-daxili-menbe-hesabina-formalasmis-ola-biler
    Yeni modelləşdirməyə əsasən kainatın fırlandığı müəyyən edilib
    yeni-modell
    Qalaktikamızda Yerə bənzər 44 ədəd planet mövcud ola bilər
    qalaktikamizda-yere-benzer-44-eded-planet-movcud-ola-biler