main-post-cover

    NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar

    Elm & Texnologiya
    10.06.2025
    Emil Nəcəfov
         Keçən həftə ABŞ-ın NASA agentliyinin və Pentaqonun rəsmiləri SpaceX ilə rəqabət aparan şirkətləri öz daşıyıcı raketlərini və kosmik aparatlarını daha sürətlə inkişaf etdirməyə çağırıblar. Bu çağırış SpaceX-in sahibi Elon Musk ilə ABŞ prezidenti Donald Trump arasında yaşanmış münaqişədən sonra edilib. Münaqişə zamanı Trump, SpaceX-in hökumət müqavilələrinin ləğv edilə biləcəyini istisna etməyib. The Washington Post-un məlumatına əsasən hökumət rəsmiləri xüsusilə o zaman təəccübləniblər ki, Musk Dragon kosmik gəmilərinin istismardan çıxarılacağını bəyan edib. Bu isə NASA-nın Beynəlxalq Kosmik Stansiyaya (BKS) astronavt göndərmək imkanını itirməsi ilə nəticələnə bilərdi.
         Sonradan milyarder bu plandan imtina etsə də, bu hadisə NASA və Pentaqon rəsmilərini ciddi şəkildə narahat edib. Çünki bu qurumlar astronavtların daşınması və peyklərin kosmosa çıxarılması məsələsində Musk-ın şirkətindən əhəmiyyətli dərəcədə asılıdırlar. Rəsmilərin narahatlığı, ABŞ hökumətinin SpaceX-ə həyati əhəmiyyətli, o cümlədən məxfi tapşırıqların yerinə yetirilməsində güclü şəkildə bağlı olmasının yaratdığı riskləri önə çıxarır. Milyardlarla dollar dəyərində hökumət müqavilələri bağlamış SpaceX, BKS-ya yüklər və insanları daşıyır, Pentaqon üçün peyklər buraxır və ABŞ kəşfiyyatının istifadə etdiyi peykləri inkişaf etdirir. Rəsmilərin narahatlığını artıran əsas səbəblərdən biri isə ondan ibarətdir ki, Musk-ın şirkətinə potensial rəqib olan digər şirkətlər SpaceX-i yaxalamaqda tələsmirlər.
    `
         Nəticədə, kosmik buraxılışlar sahəsində şirkətin hökmranlığı mübahisəsiz olaraq qalır və hökumətin vacib missiyaların icrası üçün bazardakı digər iştirakçıları cəlb etmək imkanları çox məhduddur. Jurnalistlər bu mövzuda sənaye nümayəndələri və hökumət rəsmiləri ilə anonimlik şərti ilə danışıblar. NASA əməkdaşlarından biri bildirib ki, əvvəlcə Trump və Musk arasında sosial şəbəkələrdə baş vermiş atışmanı izləmək “əyləncəli” görünürdü. Lakin Musk Dragon gəmisini istismardan çıxarmaq niyyətində olduğunu açıqladıqda, həqiqətən qorxulu oldu. Pentaqonda da bənzər reaksiya müşahidə edilib. Oradakı əməkdaşlardan birinin sözlərinə görə, qərargah zabitləri bir-birinə baxıb demişdilər: “Aa, bu artıq gülməli deyil”.
         Həmin an onlara problemin tamamilə real bir vəziyyətə çevrilə biləcəyi aydın olub. Musk-ın davranışı əvvəllər də NASA rəsmilərini narahat edirdi. 2018-ci ildə qurum, onun Joe Rogan-ın podkastında marixuana çəkdikdən sonra SpaceX-də təhlükəsizlik mədəniyyəti ilə bağlı araşdırma aparılması göstərişini vermişdi. NASA-nın keçmiş əməkdaşının fikrincə, Musk-ın BKS-ya çıxışı bağlamaq təhdidi - hansı ki, bu stansiyanın quruma ümumi dəyəri təxminən 100 milyard dollara başa gəlib - bütün sərhədləri aşdı. O bildirib: “Əgər siz anlayırsınızsa ki, o, ani impulsla hər şeyi bağlamağa hazırdırsa, bu cür davranış və ona olan asılılıq təhlükəli olur. Deyə bilərəm ki, NASA daxilində bu məsələyə görə dərin narahatlıq var”.
         Trump və Musk arasında yaşanmış münaqişə, Ağ Evin biznesmen Jared Isaacman-ın NASA rəhbəri vəzifəsinə namizədliyini geri çəkməsi ilə daha da alovlanıb. Isaacman 2 dəfə SpaceX kosmik gəmilərində kosmosa uçmuşdu və Musk-ın həmfikiri hesab olunurdu. SpaceX nümayəndələri bu məsələ ilə bağlı şərh verməkdən çəkinirlər. Bu hadisələrin fonunda azı 3 aerokosmik şirkət - o cümlədən Rocket Lab, Stoke Space Jeff Bezos-un Blue Origin şirkəti - hökumət rəsmilərindən daşıyıcı raketlərin hazırlanma prosesi və onların kosmik missiyalara hazır olub-olmadığı ilə bağlı sorğular alıblar. BKS-ya yüklərin daşınması üçün nəzərdə tutulmuş Dream Chaser kosmoplanını hazırlayan Sierra Space şirkətinin nümayəndələri cümə axşamı günü NASA rəsmiləri ilə görüş keçiriblər.
    Jared Isaacman:
         Daha sonra Sierra Space şirkətinin baş direktoru Fatih Ozmen bildirib ki, şirkət BKS-ya fasiləsiz dəstəyi təmin etməyə hazırdır, baxmayaraq ki, Dream Chaser hələ də Kennedi Kosmik Mərkəzində yekun sınaq və inteqrasiya mərhələsindədir. “Biz NASA rəhbərliyi ilə sıx əməkdaşlıq edirik ki, bu aparatın ilin sonunda uçuşunu həyata keçirək” - deyə Fatih əlavə edib. Onun sözlərinə görə, şirkət həmçinin astronavtların daşınması üçün uyğunlaşdırılmış bir Dream Chaser versiyası üzərində də çalışır. Musk-ın açıqlamaları Ağ Evdəki rəsmiləri də ciddi şəkildə narahat edib. Konqresin əsas komitələrindən biri Boeing şirkətinə məxsus Starliner kosmik gəmisinin hazırkı vəziyyəti ilə bağlı hesabat tələb edib.
         NASA, SpaceX gəmiləri ilə paralel olaraq astronavtların Beynəlxalq Kosmik Stansiyaya daşınması üçün bu gəmidən istifadə etməyi planlaşdırır. Lakin Boeing-in kosmik gəmisi ilkin cədvəldən illərlə geri qalır və keçən il astronavtlarla həyata keçirilmiş ilk uçuş zamanı Starliner-də o qədər ciddi problemlər baş verib ki, NASA həmin missiyada astronavtları Yerə bu gəmi ilə qaytarmaqdan imtina edib. Lakin Musk-ın Dragon gəmilərinin istismardan çıxarıla biləcəyi ilə bağlı açıqlamasının fonunda bir konqres üzvünün köməkçisi Starliner gəmisinin növbəti uçuşa hazırlıq vəziyyəti barədə məlumat tələb edib. Son aylarda NASA Starliner-in hazırlıq prosesi barədə az məlumat verir, lakin keçən həftə qurumun nümayəndəsi bildirib ki, Boeing gəmisinin buraxılışı 2026-cı ilin əvvəlində planlaşdırılır.
         Çünki bu vaxta qədər lazım olan sertifikatlaşdırma prosesləri və mövcud texniki problemlərin aradan qaldırılması gözlənilir. NASA hələlik qərar verməyib: Starliner pilotlu missiyalar üçün istifadə olunacaq, yoxsa sadəcə yük daşımaları üçün nəzərdə tutulacaq? Baxmayaraq ki, sonradan Musk sözlərindən geri çəkildi, onun NASA-nın Dragon gəmilərinə çıxışını bağlamaqla bağlı təhdidi SpaceX-ə zərər vura bilər. Halbuki bu şirkət uzun müddətdir ABŞ hökumətinin ən etibarlı tərəfdaşlarından biri hesab olunurdu. Bu fikri Amerikanın Sahibkarlıq İnstitutunun müdafiə məsələləri üzrə analitiki Todd Harrison səsləndirib. “O demək olar ki, kosmik stansiyaya çıxışa embarqo qoymaq kimidir. Musk əslində bildirir ki, NASA-nı onun kosmosdakı şəxsi laboratoriyasından ayırmaq niyyətindədir” - deyə Harrison qeyd edib.
         Nəzərə alsaq ki, SpaceX şirkəti Starlink peyk qrupunun istismarı sahəsində təcrübəyə malikdir, o zaman Trump-ın təklif etdiyi və orbitdəki peyk sürülərinə əsaslanacaq “Qızıl Günbəz” raket əleyhinə müdafiə sistemi proqramının həyata keçirilməsi üçün bu şirkət təbii seçim hesab olunurdu. Lakin Harrison-un sözlərinə görə, Musk-ın son impulsiv təhdidləri mütləq şəkildə müdafiə sahəsinə cavabdeh olan rəsmilərin narazılığına səbəb olacaq. Çünki bu qurumun nümayəndələri ölkənin raket əleyhinə müdafiə sisteminin bir milyarderin kaprizlərinə tabe vəziyyətə düşməsi ideyasına müsbət yanaşmayacaqlar. Pentaqon kosmik buraxılışların əlçatanlığını artırmaq və yeni şirkətləri qurumun missiyalarının icrasına cəlb etmək üzrə bir proqram həyata keçirir. Lakin hazırda bu sahədə SpaceX tamamilə üstünlük təşkil edir - onun Falcon 9 raketləri misilsiz tezliklə buraxılır.
         Potensial rəqiblərin raketlərinə gəldikdə isə, məsələn, United Launch Alliance şirkətinin Vulcan raketi və ya Blue Origin şirkətinin New Glenn raketi hələ demək olar ki, heç sınaqdan keçirilməyib. Hətta Trump ilə Musk arasında münaqişə başlamamışdan əvvəl belə Pentaqon açıq şəkildə narahatlığını bildirmişdi. Çünki Vulcan raketi artıq milli təhlükəsizlik missiyalarını yerinə yetirmək üçün sertifikat alsa da, tam hazır vəziyyətdə deyil. Ekspertlərin fikrincə, Trump və Musk-ın təhdidlərini hüquqi və praktiki baxımdan həyata keçirmək çətin olacaq. Əgər hökumət və ya hansısa şirkətlər əvvəlcədən imzalanmış müqavilələrin icrasından imtina etsələr, bu, qaçılmaz olaraq iri cərimələrlə nəticələnəcək. Podratçının müqavilə üzrə öhdəlikləri yerinə yetirməkdən imtina etməsi isə, əslində, onun gələcəkdə dövlət proqramlarının icrasında iştirak imkanlarına son qoyacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Trump, Musk-ın ABŞ büdcəsi qanununu tənqid etməsindən narazıdır
    trump-musk-in-abs-budcesi-qanununu-tenqid-etmesinden-narazidir
    Elon Musk, Trump-ın büdcə qanunundan imtina edilməsinə cağırışlar edib
    elon-musk-trump-in-budce-qanunundan-imtina-edilmesine-cagirislar-edib
    SpaceX-in kommersiya gəliri gələn il NASA-nın büdcəsini geridə qoyacaq
    spacex-in-kommersiya-geliri-gelen-il-nasa-nin-budcesini-geride-qoyacaq
    NASA potensial həyatın axtarışı üçün yeni robotunu hazırlayıb
    nasa-potensial-heyatin-axtarisi-ucun-yeni-robotunu-hazirlayib
    NASA-nın yeni modeli hansı planetlərdə həyatın mümkün olduğunu anlamağa yardımçı olacaq
    nasa-nin-yeni-modeli-hansi-planetlerde-heyatin-mumkun-oldugunu-anlamaga-yardimci-olacaq