main-post-cover

    Yaranmaqda olan yeni planetin ilk görüntüsü əldə edilib

    Elm & Texnologiya
    25.09.2025
    Emil Nəcəfov
         Alimlər planetlərin ulduz sistemlərində necə əmələ gəldiyini ümumi şəkildə təsəvvür edirlər, lakin bu prosesin bütün mərhələlərinin detalları hələ də tam aydın deyil. Xoşbəxtlikdən, kainatda saysız-hesabsız ulduzların arasında planet sistemlərinin təkamülünün hər mərhələsinə uyğun xarakterik nümunələr mövcuddur və bunları bizim sistemimizə də tətbiq etmək mümkündür. Amma bu dəfə alimlərin bəxti o qədər gətirib ki, onlar yaranmaqda olan planetin ilk birbaşa təsvirini əldə edə biliblər. Kəşf protoplanet disklərinin araşdırılması zamanı edilib. Belə disklərdə müəyyən boşluqlar aşkar olunub. Toz və qazdan ibarət protoplanet disklərinə sahib bir sıra gənc ulduzların ətrafında bu boşluqlar müşahidə olunub. Nəticədə ulduzun ətrafında maddə və boşluqlardan ibarət özünəməxsus halqalar əmələ gəlir. Təxmin edilir ki, bu boşluqları formalaşmaqda olan planetlər yaradır - onlar protoplanet diskində hərəkət etdikləri orbit boyu toz və qazı öz yollarından “süpürürlər”, necə ki, buldozer qışda qarı təmizləyir.
         Bununla da öz orbitlərini təmizləyir və eyni zamanda cəlb etdikləri maddə hesabına ölçülərində böyüyürlər. Bununla belə, protoplanet disklərində kifayət qədər boşluq aşkar edilsə də, həmin boşluqlarda yaranmaqda olan planetlər hələ müşahidə edilməmişdi. Hər şey gənc WISPIT 2 sisteminin öyrənilməsindən sonra dəyişdi. Bu müşahidələrdə ən qabaqcıl avadanlıq - adaptiv optika istifadə olundu. Yerüstü teleskoplarda tətbiq edilən adaptiv optika Yer atmosferinin turbulensiyasını kompensasiya etməyə imkan verir, bunun üçün fokus saniyədə yüzlərlə dəfə dəyişdirilir. Bu texnologiya sayəsində hətta Yer üzərində də kosmik teleskoplara yaxın keyfiyyət və aydınlıqda görüntülər əldə etmək mümkündür. Arizona Universitetinin alimləri MagAO-X adlı adaptiv optika sistemi hazırlayıb və onu Çilidəki Magellan Telescopes üzərinə quraşdırıblar.
         Bu teleskoplar cütlük təşkil edir və hər biri 6.5 metr diametrə malikdir: biri optik, digəri isə infraqırmızı diapazonda işləyir. 437 işıq ili uzaqlıqda yerləşən WISPIT 2 sistemi üzərində bir neçə saatlıq müşahidə zamanı əldə edilmiş şəkillərin kombinasiyası, ulduz ilə protoplanet diskindəki zəif xarici halqa konturu arasında boşluqda gənc planetin mövcudluğunu üzə çıxardı. Üstəlik, ulduzun yaxınlığında CC1 adlı daha bir protoplanet namizədi də aşkar edildi. Aşağıdakı görüntüdə bənövşəyi rənglə 56 a.v. (astronomik vahid) məsafədə yerləşən xarici protoplanet, qırmızı rənglə isə təxminən 15 a.v. məsafədə olan daxili protoplanet göstərilib. Bizim sistemimizdə “bənövşəyi” planet təxminən Koyper qurşağının xarici sərhədlərində yerləşərdi, “qırmızı” isə SaturnUran arasında yarıyolda olardı.
         “Bənövşəyi” planetin həqiqətən də protoplanet olduğu təsdiqlənib və bu, belə bir obyektin ilk birbaşa təsviridir. Onun yüksək parlaqlığı planetin gənc olması və protoplanet diskindən hidrogen axınlarını özünə cəlb etməsi ilə izah olunur. Hidrogen planetin qızmış səthinə düşərək isti plazmaya çevrilir və bu plazma H-alfa adlanan xarakterik spektri buraxaraq parlaq şəkildə işıq saçır. Məhz bu xətt üzrə planet kadrda görünür. “Bu bir az bizim Yupiter və Saturn-un indiki halından 5000 dəfə daha gənc olduqları dövrdə necə görünəcəklərinə bənzəyir. WISPIT-2 sistemindəki planetlər bizim qaz nəhənglərimizdən təxminən 10 dəfə daha kütləlidirlər və ulduzdan daha uzaqda yerləşirlər. Amma ümumilikdə onların görünüşü çox güman ki, 4.5 milyard il əvvəl Günəş sistemimizin “uşaq fotosunda” “qeyri-adi bir astronomun” görə biləcəyindən çox da fərqlənmirdi” - deyə alimlər izah ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Günəş sisteminin sərhədində fərz edilən ilkin qara dəliyin partlayışı təyin edilmiş ola bilər
    gunes-sisteminin-serhedinde-ferz-edilen-ilkin-qara-deliyin-partlayisi-teyin-edilmis-ola-biler
    Alimlər bəlkə də paralel kainatdan gəlmiş siqnalı təyin ediblər
    alimler-belke-de-paralel-kainatdan-gelmis-siqnali-teyin-edibler
    Yaxın ulduz sistemindəki ekzoplanetlərdən biri həyat üçün münbit şəraitə sahib ola bilər
    yaxin-ulduz-sistemindeki-ekzoplanetlerden-biri-heyat-ucun-munbit-seraite-sahib-ola-biler
    2008-ci ildən Günəşin aktivliyi artmağa başlayıb
    2008-ci-ilden-gunesin-aktivliyi-artmaga-baslayib
    Potensial yadplanetli sivilizasiyalar onlarla işıq ili uzaqlığında bizim radiosiqnalları qəbul edə bilərlər
    potensial-yadplanetli-sivilizasiyalar-onlarla-isiq-ili-uzaqliginda-bizim-radiosiqnallari-qebul-ede-bilerler