
Zamanda səyahət paradokslarsız mümkün ola bilər
Elm & Texnologiya
02.06.2025
Emil Nəcəfov
Zamanda səyahət elmi fantastika kitabları və filmlərdə tez-tez işlənən süjetlərdən biridir. Təbii ki, bir çox insan keçmişə qayıdıb həyatındakı bəzi hadisələri dəyişmək və ya önəmli anları yenidən yaşamaq istərdi. Bir tərəfdən, zaman səyahətinin mümkün olmadığı düşünülür, lakin bəzi fiziklər bunun əksini iddia edirlər. Yaxın vaxtlara qədər fiziklər keçmişə zamanda səyahətin qeyri-mümkün olduğunu hesab edirdilər, çünki bu, ekzotik maddə və ya fəza-zamanın ekstremal əyriliyini tələb edir. Lakin fizik John Norton, Eynşteyn-in ümumi nisbilik nəzəriyyəsinə əsaslanan yeni bir model hazırlayıb. Bu model göstərir ki, zamanda səyahət riyazi baxımdan mümkündür. Onun modeli nə ekzotik maddəyə, nə də fəza-zamanın güclü əyilməsinə əsaslanır, əksinə, zaman daxilində yolların dövrə vurmasına imkan verən sadə bir fəza-zaman formasından istifadə edir.

Bu iş göstərir ki, zamanda səyahət əvvəl hesab edildiyindən daha adi fiziki şərtlər altında baş verə bilər. Zamanda səyahət anlayışı klassik baxışda əsasən bir fundamental problem ətrafında cəmlənib: Paradokslar. Əgər zaman səyahətçiləri keçmişdə, hətta kiçik detalları belə dəyişə bilsəydilər, bunun nəticələri ya bu günü tamamilə dəyişər, ya da səyahətçinin öz mövcudluğunu məhv edərdi. Bu, görünən şəkildə keçilməz bir maneə olduğu üçün fizik Stephen Hawking zaman ardıcıllığının qorunması ilə bağlı fərziyyə irəli sürmüşdü. O, bu fərziyyədə bildirirdi ki, fizika qanunları keçmişə səyahəti qadağan edir və bununla da qapalı zamanabənzər əyrilərin yaranmasının qarşısını alır. Lakin fiziklər Fabio Costa və Germain Tobar bu fərziyyəni şübhə altına alırlar. Onlar qapalı zamanabənzər əyrilərin avtomatik olaraq paradoks yaratmadığını göstərən riyazi model hazırlayıblar.

Onların modeli belə fərz edir ki, zaman səyahətçiləri keçmişdə sərbəst şəkildə hərəkət edib fəaliyyət göstərə bilsələr də, kainat sonrakı hadisələri elə şəkildə tənzimləyir ki, hər hansı məntiqi ziddiyyətlərin yaranmasının qarşısı alınır. Əgər bu alimlər haqlıdırsa, bu, zaman səyahəti üçün potensial texnologiyaların yaradılmasına yol aça bilər. Nəticədə belə texnologiyalar gələcəkdə zaman turizmi - kosmik turizmə bənzər bir sahə - üçün əsas ola bilər. SpaceX, Virgin Galactic və Blue Origin kimi şirkətlər adi insanların kosmosa səyahətini fantastikadan gerçəkliyə çevirdilər. Eyni şey zaman səyahəti ilə də baş verə bilər. Baxmayaraq ki, bu hələ də çox fantastik səslənir, xatırlamaq lazımdır ki, bir çox müasir texnologiyalar da onilliklər əvvəl qeyri-mümkün görünürdü. Amma bu gün bizim süni zəkamız, virtual reallığımız və pilotsuz avtomobillərimiz var.

Fizikanın inkişafı ilə zaman səyahəti nəzəri cəhətdən mümkün bir hadisəyə çevrilməyə yaxınlaşır. Ola bilsin, alimlər həqiqətən zaman maşını yaratsınlar, çünki keçmişə təsir etmədən ora səyahət etməyə imkan verən hələ kəşf olunmamış bir fizika mövcud ola bilər. Bunun gerçək olub-olmadığını isə zaman göstərəcək. Hazırda keçmişə səyahətin mümkünlüyünü təsdiqləyən heç bir təcrübi sübut yoxdur. Gələcəyə səyahət isə elmi şəkildə təsdiqlənib, lakin bu, yalnız bir müşahidəçiyə nisbətən şəxsi zamanın yavaşlamasıdır, yəni "başqa" bir gələcəyə keçid deyil. Fiziklər arasında məşhur olan nəzəriyyələrdən biri, zaman daxilində hərəkətin köstəbək yuvaları və ya tunellər vasitəsilə mümkün ola biləcəyini irəli sürür. Bunlar fəza-zamanda yerləşən, iki uzaq nöqtəni birləşdirə bilən fərziyyəvi tunellərdir və nəzəri olaraq həm zaman, həm də məkan daxilində ani səyahətə imkan verə bilərlər.

Lakin bu köstəbək yuvalarının mövcudluğu hələlik sübut edilməyib. Bəzi Eynşteyn tənliklərinin həllərinə əsaslanan bir nəzəriyyəyə görə, qara dəliyin sinqulyarlığı halqa formasında ola bilər. Nəzəri baxımdan, əgər bu halqadan keçmək mümkün olsa, fəza-zamanın başqa bir hissəsinə -hətta keçmişə də - düşmək olar. Başqa bir nəzəriyyə isə kosmik simlərlə bağlıdır. Bunlar, Böyük partlayışdan sonra fəza-zamanda qalan fərziyyəvi birölçülü qüsurlardır. Bəzi fiziklərin fikrincə, çox yüksək sürətlə hərəkət edən iki paralel kosmik sim zaman daxilində qapalı əyrilər və ya “zaman döngələri” yarada bilər. Bu döngələr vasitəsilə keçmişə səyahət nəzəri olaraq mümkün ola bilər. Qapalı zamanabənzər əyrilər zaman səyahəti nəzəriyyələrinin əsas komponentlərindən biridir. Bunlar fəza-zamanda həm məkan, həm də zaman baxımından başlanğıc nöqtəsinə qayıdan trayektoriyalardır. Bu da səyahətçiyə öz keçmişinə qayıtmağa imkan verə bilər.
Mənbə: Space.com
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər Enselada yerli mikroorqanizmləri göndərməyi təklif edirlər

Alimlər Enselada yerli mikroorqanizmləri göndərməyi təklif edirlər
Tədqiqatçılar qeyri-adi bir təcrübə təklif edirlər. Söhbət, mikroorqanizmlərin Saturna məxsus peyk olan Enselada göndərilməsindən gedir. Eyni zamanda isə alimlər bunun nəyə görə edilməməli olduğunu da izah ediblər.
Qravitasiya dalğaları insan təkamülünə təsir göstərmiş ola bilər

Qravitasiya dalğaları insan təkamülünə təsir göstərmiş ola bilər
Ümumi nisbilik nəzəriyyəsi ilə əvvəlcədən proqnozlaşdırılan qravitasiya dalğaları 2015-ci ildə qeydə alındı və bu, astrofizika üçün mühüm hadisəyə çevrildi.
Çin asteroiddən nümunələr götürəcək stansiyasını kosmosa göndərib

Çin asteroiddən nümunələr götürəcək stansiyasını kosmosa göndərib
28 may tarixində Tianwen-2 adlı planetlərarası stansiyanı daşıyan Changzheng-3B raketdaşıyıcısı Çin kosmodromundan uğurla buraxıldı.
Kosmik fon radiasiyasında erkən qalaktikaların izləri aşkar edilib

Kosmik fon radiasiyasında erkən qalaktikaların izləri aşkar edilib
Böyük partlayışdan 380 min il sonra yaranmış fon radiasiyası (kosmik mikrodalğa arxa plan şüalanması), standart kosmoloji modelin əsas sübutlarından biri hesab olunur.
Potensial 9-cu planet fəlakətdən xilas olmuş ola bilər

Potensial 9-cu planet fəlakətdən xilas olmuş ola bilər
Astronomların apardıqları tədqiqat göstərir ki, Günəş sisteminin kənarında doqquzuncu planetin mövcud olma ehtimalı 40% təşkil edir ki, bu da uzun müddətdir axtarılan bir obyekt üçün olduqca yüksək göstəricidir.
Həftənin xəbərləri

