main-post-cover

    Çin asteroiddən nümunələr götürəcək stansiyasını kosmosa göndərib

    Elm & Texnologiya
    30.05.2025
    Emil Nəcəfov
         28 may tarixində Tianwen-2 adlı planetlərarası stansiyanı daşıyan Changzheng-3B raketdaşıyıcısı Çin kosmodromundan uğurla buraxıldı. Missiyanın məqsədi Yerə yaxın kvazistasionar orbitdə yerləşən kiçik Kamoʻoalewa adlı asteroiddən nümunələr toplamaq və Marsla Yupiter arasındakı əsas asteroid qurşağında yerləşən 311P/PANSTARRS kometasını tədqiq etməkdir. Stansiyanın elmi fəaliyyəti təxminən 10 il davam edəcək. Tianwen-2 missiyası, Çinin Tianwen-1 proqramı çərçivəsində Marsa uğurla aparat göndərməsindən sonra reallaşan ikinci addımdır və 2028-ci ildə baş tutacaq Tianwen-3 missiyasına keçid mərhələsi sayılır.
         Tianwen-3 missiyasının məqsədi Marsdan nümunələr toplayıb Yerə geri qaytarmaq olacaq. Tianwen-2 stansiyası Yerə yaxın kvazipeyk olan 2016 HO3 (Kamoʻoalewa) asteroidinə 2026-cı il iyulun 4-də çatacaq. Diametri 40-100 metr arasında dəyişən bu asteroid Yerin ətrafında təxminən 14 milyon kilometr məsafədəki orbit üzrə hərəkət edir. O əslində Yerin peyki sayılmır, çünki qravitasiya baxımından Günəşə bağlıdır və zamanla Yer orbitini tərk edəcək. Buna baxmayaraq, onun yerləşməsi asteroidlərin təbii mühitdə tədqiqi üçün əlverişli hədəf yaradır. Qapalı kapsulda torpaq nümunələrinin Yerə çatdırılması, asteroidin süxur tərkibi haqqında dolğun məlumat əldə etməyə imkan verəcək - yer materialları ilə çirklənmə və ya zədələnmə riski olmadan.
         Stansiya Kamoʻoalewa səthindən süxur nümunələrini iki üsulla toplamağa çalışacaq: Məsafədən və birbaşa eniş etməklə. Birinci üsulda uzun manipulyator vasitəsilə səthdən material qoparılacaq və təzyiqli qazla nümunələr toplanma kapsuluna ötürüləcək. İkinci üsulda isə stansiya 3 qazıcı manipulyator vasitəsilə özünü asteroidin səthinə bərkitməyə çalışacaq. Bu manevr çətin olacaq, çünki Kamoʻoalewa nisbətən sürətlə fırlanır - tam bir dövrü cəmi 28 dəqiqəyə tamamlayır. Əgər missiya uğurla nəticələnərsə, stansiya təxminən 100 qram nümunə toplayacaq və bu nümunələr 2027-ci ildə Yerə göndəriləcək.
         Beləliklə, Çin Yaponiyadan və ABŞ-dan sonra bu cür elmi nailiyyəti reallaşdıra bilən üçüncü ölkə olacaq. Bundan sonra Tianwen-2 stansiyası asteroid qurşağında yerləşən 311P/PANSTARRS kometasının nüvəsinə doğru yola düşəcək. Diametri 500 metrə qədər olan bu buzlu kometa nadir obyekt hesab olunur, çünki adətən kometalar Günəş sisteminin uzaq kənarlarından gəlirlər. Lakin 311P/PANSTARRS xüsusi əhəmiyyət daşıyır. Alimlər hesab edirlər ki, bu cür obyektlər Yerə suyun gətirilməsində mühüm rol oynamış ola bilər. Stansiya kometaya 2030-cu illərin əvvəlində çatacaq və onun tədqiqinə 2035-ci ildə başlanılacaq.
         Bundan sonra missiya başa çatdırılacaq. Kamoʻoalewa-dan gətiriləcək nümunələr Yer-Ay sisteminin qədim dövrlərdə formalaşması ilə bağlı mühüm ipucları verə bilər. İstisna edilmir ki, bu asteroid Ayın bir parçasıdır. Eyni zamanda obyektin dəqiq tərkibi, forması və mineralları, əgər Kamoʻoalewa Yerə təhlükəli dərəcədə yaxınlaşarsa, onu neytrallaşdırmaq üçün hazırlıq işlərinə kömək edə bilər. Belə bir ssenari tamamilə istisna olunmur. Yarkovski effekti - asteroidin isinməsi və soyuması prosesi - ona proqnozlaşdırılması çətin olan sürət qazandıra və onu kometa kimi hərəkət edən obyektə çevirə bilər. Mümkün təhlükənin qarşısını almaq üçün düşməni yaxşı tanımaq lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Kosmik fon radiasiyasında erkən qalaktikaların izləri aşkar edilib
    kosmik-fon-radiasiyasinda-erken-qalaktikalarin-izleri-askar-edilib
    Potensial 9-cu planet fəlakətdən xilas olmuş ola bilər
    potensial-9-cu-planet-felaketden-xilas-olmus-ola-biler
    Keçən ilki istilik növbəti illərin normasına çevriləcək
    kecen-ilki-istilik-novbeti-illerin-normasina-cevrilecek
    Günəş sistemində yaşam üçün əlverişli daha bir dünya ortaya çıxa bilər
    gunes-sisteminde-yasam-ucun-elverisli-daha-bir-dunya-ortaya-cixa-biler
    Yaşam üçün potensial dünyalar təkcə Günəş sistemindən kənarda yerləşmirlər
    yasam-ucun-potensial-dunyalar-tekce-gunes-sisteminden-kenarda-yerlesmirler