main-post-cover

    Google-un süni intellekt modeli hər sorğuya 5 damcı su sərf edir

    Süni İntellekt
    22.08.2025
    Emil Nəcəfov
         Süni intellektin ətraf mühitə təsiri ilə bağlı gedən gərgin mübahisələrin fonunda Google öz araşdırmasını apardı. Hesabatda bildirilir ki, səmərəliliyin artırılması sayəsində Gemini adlı süni intellekt köməkçisi hər bir sorğu üçün minimal miqdarda su və enerji istifadə edir. Lakin ekspertlər əmindirlər ki, texnologiya nəhənginin bu kimi bəyanatları ictimaiyyəti qəsdən çaşdırmağa hesablanıb. Google-un hesablamalarına görə, Gemini-nin orta mətn sorğusuna cavab verməsi üçün təxminən 0.26 millilitr su (5 damcı) və təqribən 0.24 Vt⋅saat elektrik enerjisi (televizorun 9 saniyə işləməsinə bərabər) tələb olunur. Şirkətin sözlərinə görə, bu isə təxminən 0.03 qram karbon qazı emissiyasına səbəb olur. Hesabatda həmçinin qeyd olunur ki, bu il Google özünün iqlim hədəflərindən bəzi parnik qazı emissiyası kateqoriyalarını çıxarmağa başlayıb. Şirkət bunu həmin kateqoriyaların “periferiya xarakterli” olması və ya birbaşa nəzarətindən kənarda qalması ilə izah edir.
         Google-un təqdim etdiyi göstəricilər əvvəlki müstəqil tədqiqatlarda əldə edilənlərdən xeyli aşağı olub. Bunu qismən səmərəliliyin artması ilə izah etmək olar, lakin ekspertlərin fikrincə, Google əsas məlumatları nəzərdən qaçırıb və bu da Gemini-nin ətraf mühitə təsirinin natamam şəkildə qiymətləndirilməsinə səbəb olub. “Onlar sadəcə olaraq vacib məlumatı gizlədirlər. Bu, həqiqətən də bütün dünyaya yanlış siqnal yayır” - deyə Kaliforniya Universitetinin dosenti Shaolei Ren bildirib. O, süni intellektlə bağlı su istehlakı və hava çirklənməsini araşdırır və Google-un Gemini araşdırmasında istinad etdiyi məqalənin müəlliflərindən biridir. Ekspertlər qeyd ediblər ki, Google öz hesablamalarında dolayı su istifadəsini nəzərə almır. Araşdırmada yalnız məlumat mərkəzlərinin soyutma sistemlərində istifadə olunan suya baxılıb.
         Halbuki faktiki olaraq məlumat mərkəzlərinin sərf etdikləri suyun əsas hissəsi elektrik enerjisinin istehsalına gedir və bunun üçün də nəhəng su ehtiyatları tələb olunur. Google isə bu məqamı hesabatında nəzərdən qaçırıb. “Siz, əslində, sadəcə aysberqin görünən hissəsini görürsünüz” - deyə Amsterdam Azad Universitetinin Ətraf Mühit Araşdırmaları İnstitutunun aspirantı Alex de Vries-Gao Google-un hesabatını şərh edib. Google isə iddia edir ki, hesabatında göstərilən bir sorğuya görə 0.26 ml su sərfiyyatı əvvəlki qiymətləndirmələrdən qat-qat aşağıdır. Həmin əvvəlki qiymətləndirmələrdə Ren-in araşdırmasına görə bu rəqəm 50 ml-ə çatırdı. Ren-in fikrincə, bu müqayisə çaşdırıcıdır, çünki o öz araşdırmasında məlumat mərkəzlərinin həm birbaşa, həm də dolayı su istehlakını nəzərə almışdı. Google enerji istehlakı və ətraf mühitin çirklənməsi ilə bağlı daha bir vacib göstəricini də nəzərə almır.
         Şirkətin hesabatında yalnız enerji şəbəkələrində bərpa olunan mənbələrin istifadəsini artırmaq öhdəliklərini nəzərə alan “bazar” tipli karbon emissiyası göstəricisi təqdim edilib. Halbuki daha kompleks yanaşma məlumat mərkəzlərinin yerləşdikləri ərazini və həmin bölgənin enerji şəbəkəsində təmiz və çirkli enerjinin mövcud nisbətini də əhatə etməlidir. Ekspertlər hesab edirlər ki, Google beynəlxalq “Parnik qazları protokolu”nda müəyyən edilmiş standartlara uyğun olaraq məhz belə bir yanaşmadan istifadə etməli idi. Google isə Ren və Alex de Vries-Gao tərəfindən aparılmış əvvəlki araşdırmaya istinad edir. Lakin alimlərin sözlərinə görə, Google nəticələri “alma ilə portağalı müqayisə etmək” kimi təqdim edir. Məsələ ondadır ki, onların əvvəlki işləri orta göstəricilərə əsaslanırdı, Google isə median dəyərlərdən istifadə edir.
         Şirkət bunu nəticələrin həddindən artıq enerji sərf edən emissiyalarla təhrif olunmaması ilə izah edir. Bundan əlavə, Google hesabatda nəzərə alınan mətn sorğularının söz və ya token sayını da açıqlamayıb. Google hələ ki, öz yeni işini rəy üçün təqdim etməyib, baxmayaraq ki, şirkətin nümayəndəsi bunu gələcəkdə etməyi planlaşdırdıqlarını bildirib. Google-un sözlərinə görə, şirkət su istehlakı, enerji sərfiyyatı və karbon emissiyaları ilə bağlı daha şəffaf olmağa çalışır, həmçinin ətraf mühitə təsirin qiymətləndirilməsi üçün daha standartlaşdırılmış parametrlər təklif edir. Google iddia edir ki, son 1 ildə Gemini-nin enerji səmərəliliyini əhəmiyyətli dərəcədə artıraraq bir sorğu üçün elektrik enerjisi sərfini 33 dəfə azaltmağa nail olub.
         Şirkətin məlumatına görə, median sorğunun karbon izi də eyni dövrdə 44 dəfə azalıb. “Biz səmərəliliyimizin artırılmasının əsasında duran innovasiyalarla qürur duyuruq və qarşıdakı illərdə də əhəmiyyətli dərəcədə təkmilləşməyə davam etməyi planlaşdırırıq” - deyə Google-un bloqunda qeyd olunur. Lakin real mənzərə daha qaranlıq görünür. Səmərəliliyin artması resurs istehlakının sürətlə böyüməsi fonunda çirklənmənin çoxalmasına gətirib çıxara bilər. Bu isə Jevons paradoksu kimi tanınan mənfi hadisəyə səbəb olur. Belə ki, Google-un ambisiyalarla bağlı karbon emissiyaları ötən il 11% artıb və 2019-cu ildən bəri 51% yüksəlib. Bu isə şirkətin süni intellekti fəal şəkildə inkişaf etdirməyə davam etməsi ilə əlaqələndirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    MIT-nin hesabatı süni intellekt sahəsindəki şirkətlərin səhmlərini çökdürüb
    mit-nin-hesabati-suni-intellekt-sahesindeki-sirketlerin-sehmlerini-cokdurub
    Süni intellekt tibb və hüquq fakültələrinin tələbələrinin təhsilini faydasız edə bilər
    suni-intellekt-tibb-ve-huquq-fakultelerinin-telebelerinin-tehsilini-faydasiz-ede-biler
    Çində süni intellekt əsaslı virtual satıcılar sürətlə məşhurlaşır
    cinde-suni-intellekt-esasli-virtual-saticilar-suretle-meshurlasir
    Gemini Live köməkçisi dünyanı smartfon kamerası vasitəsilə görmək imkanını əldə edib
    gemini-live-komekcisi-dunyani-smartfon-kamerasi-vasitesile-gormek-imkanini-elde-edib
    Google Photos şəkilləri səsli və mətnli əmrlər vasitəsilə redaktə etməyi öyrənib
    google-photos-sekilleri-sesli-ve-metnli-emrler-vasitesile-redakte-etmeyi-oyrenib